AIHM – REQLAMENT: QAYDA 31-44

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ – MƏHKƏMƏNİN REQLAMENTİ

Qayda 31. Ayrı-ayrı istisnaların mümkünlüyü 

Qayda 32. Praktik təlimatlar

Qayda 33. Sənədlərin açıq xarakteri

Qayda 34. Məhkəmənin işində istifadə olunan dillər

Qayda 35. Konvensiyanın iştirakçısı olan dövlətlərin təmsilçiliyi

Qayda 36. Şikayətçilərin təmsilçiliyi

Qayda 37. Məlumatlar, bildirişlər və Məhkəməyə çağırışlar

Qayda 38. Çəkişmə sənədlərinin verilməsi

Qayda 38A. Prosedur məsələlərinə baxılması

Qayda 39. İlkin təminat tədbirləri

Qayda 40. Şikayət barədə təcili məlumat vermə

Qayda 41. İşlərə baxılmasının növbəliliyi

Qayda 42. Şikayətlərin bir icraatda birləşdirilməsi və onlara birgə baxılması

Qayda 43. Şikayətlərin baxılmalı olan işlərin siyahısından çıxarılması və yenidən siyahıya salın- ması

Qayda 44. Üçüncü tərəfin icraata qatılması

Qayda 44A. Məhkəmə ilə əməkdaşlıq etmək vəzifəsi Qayda

44B. Məhkəmənin göstərişinin yerinə yetirilməməsi Qayda

44C. İşə baxılmasında səmərəli iştirakdan imtina

Qayda 44D. Tərəflərin yolverilməz dəlilləri

Qayda 44E. Şikayətə baxılmasına nail olmaq niyyətinin olmaması

 

Qayda 31 (Ayrı-ayrı istisnaların mümkünlüyü)

Bu bölmənin müddəaları Məhkəməni, müvafiq hallarda tərəflərlə məsləhətləşmələr aparmaqla, konkret işə baxmaq məqsədilə həmin müddəalardan kənara çıxmaq imkanından məhrum etmir.

Qayda 32 (Praktik təlimatlar)

Məhkəmənin Sədri icraatın praktik məsələlərinə, xüsusən dinləmələrə gəlmə və çəkişmə sənədlərini və digər sənədləri təqdim etmə məsələlərinə dair təlimatlar qəbul edə bilər.

Qayda 33 (Sənədlərin açıq xarakteri)

1. Şikayətlə əlaqədar olaraq tərəflərin və ya üçüncü tərəflərin Katibliyə saxlanılmaq üçün verdikləri bütün sənədlər, 62-ci qaydada nəzərdə tutulmuş barışıq sazişinə dair danışıqlar çərçivəsində işə əlavə edilən sənədlər istisna olmaqla, Katib tərəfindən müəyyən edilən şərtlərə uyğun olaraq ictimaiyyət üçün açıqdır; Palatanın Sədrinin bu Qaydanın 2-ci bəndində qeyd edilən əsaslara görə öz təşəbbüsü ilə, yaxud da tərəfin və ya digər maraqlı şəxsin tələbi ilə başqa qərar qəbul etdiyi hallar istisna təşkil edir.

2. Demokratik cəmiyyətdə mənəviyyat, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, habelə yetkinlik yaşına çatmayanların maraqları, yaxud tərəflərin və ya hər hansı maraqlı şəxsin şəxsi həyat sirrinin qorunması bunu tələb etdikdə, yaxud da aşkarlığın ədalət mühakiməsinin maraqlarına xələl gətirə biləcəyi xüsusi hallarda Palata Sədrinin rəyinə görə ciddi zərurətin tələb etdiyi dərəcədə sənədlərə və ya onların bir hissəsinə ictimaiyyətin çıxışı məhdudlaşdırıla bilər.

3. Bu Qaydanın 1-ci bəndinə əsasən irəli sürülmüş konfidensiallığın qorunması barədə hər hansı müraciət əsaslandırılmalı və bütün sənədlərlə, yaxud onların bir hissəsi ilə tanışlığın yolverilməz olduğu orada göstərilməlidir.

4. Palatanın qəbul etdiyi qərar və qərardadlar ictimaiyyət üçün açıqdır. Komitənin qəbul etdiyi qərar və qərardadlar, o cümlədən 53-cü Qaydanın 5-ci bəndində yer alan müddəanın şamil olun- duğu qərarlar ictimaiyyət üçün açıqdır. Məhkəmə 52A Qaydasının 1-ci bəndinə uyğun olaraq yeganə hakimlər tərəfindən qəbul edilmiş və 53-cü Qaydanın 5-ci bəndinin tətbiqi zamanı Komitə tərəfindən qəbul edilmiş qərarlar barədə ümumi məlumatları mütəmadi olaraq ictimaiyyətə çatdırır.

Qayda 34 (Məhkəmənin işində istifadə olunan dillər)

1. Məhkəmənin rəsmi dilləri ingilis və fransız dilləridir.

2. Konvensiyanın 34-cü maddəsinə uyğun olaraq şikayət verildikdə bu cür şikayət barədə iştirakçı dövlətə bu Reqlamentə uyğun olaraq məlumat verilənə qədər şikayətçilərlə və ya onların nümayəndələri ilə hər hansı ünsiyyət, habelə onların şifahi və yazılı rəyləri (mülahizələri) Məhkəmənin rəsmi dillərindən birində deyilsə, Konvensiyanın iştirakçısı olan dövlətlərin rəsmi dillərindən birində olmalıdır. Daxil olmuş şikayət barədə iştirakçı dövlətə bu Reqlamentə uyğun olaraq məlumat və ya bildiriş verilərkən şikayət və ona əlavə olunmuş hər hansı sənədlər həmin dövlətə şikayətçinin Katibliyə təqdim etdiyi dildə göndərilir.

3. (a) Dinləmə ilə əlaqədar olaraq, yaxud iştirakçı dövlətə şikayət barədə məlumat verildikdən sonra şikayətçilərlə və ya onların nümayəndələri ilə yaradılan hər hansı ünsiyyət, habelə onların şifahi və yazılı rəyləri (mülahizələri), əgər Palatanın Sədri iştirakçı dövlətin rəsmi dilindən istifadənin davam etdirilməsinə icazə vermirsə, Məhkəmənin rəsmi dillərindən birində olmalıdır.

b) Belə icazə verilibsə, Palatanın Sədrinin icraatın lazımi qaydada aparılmasının maraqları naminə zəruri hesab etdiyi hallarda Katib şikayətçinin şifahi və yazılı rəylərinin (mülahizələrinin) hamısının və ya bir qisminin ingilis və ya fransız dilinə şifahi və ya yazılı tərcüməsi üçün zəruri tədbirlər görür.

c) Müstəsna hallarda Palatanın Sədri bu cür icazəni verərkən şərt qoya bilər ki, tərcümənin xərclərini bütünlüklə və ya qismən şikayətçi çəkməlidir.

d) Palatanın Sədri başqa cür qərar qəbul etməyibsə, bu bəndin yuxarıdakı müddəalarına uyğun olaraq qəbul edilmiş hər hansı qərar iş üzrə icraatın bütün sonrakı mərhələlərində, o cümlədən müvafiq surətdə bu Reqlamentin 73, 79 və 80-ci Qaydalarına uyğun olaraq işin baxılmaq üçün Böyük Palataya verilməsi barədə, məhkəmə qərarının şərhi barədə və ya ona yenidən baxılması barədə müraciət etmə mərhələsində qüvvədə qalır.

4. (a) İş üzrə tərəf olan iştirakçı dövlətlə hər hansı ünsiyyət, habelə onların şifahi və yazılı rəyləri (mülahizələri) Məhkəmənin rəsmi dillərindən birində olmalıdır. Palatanın Sədri həmin iştirakçı dövlətin şifahi və yazılı rəylərində (mülahizələrində) özünün rəsmi dillərinin birindən istifadə etməsinə icazə verə bilər.

b) Belə icazə verilibsə, həmin iştirakçı dövlət:

i) Palata Sədrinin təyin etdiyi müddətdə yazılı rəylərinin (mülahizələrinin) Məhkəmənin rəsmi dillərindən birinə tərcüməsini təqdim etməyə borcludur. Həmin dövlət təyin edilmiş müddətdə tərcüməni təqdim etmədikdə Katib həmin dövlətin xərcləri hesabına tərcümə üçün zəruri tədbirləri görməlidir;

ii) şifahi təqdimatlarının ingilis və ya fransız dilinə tərcüməsinin xərclərini ödəməyə borcludur. Katib şifahi tərcümə üçün zəruri olan tədbirləri görməlidir.

c) Palatanın Sədri iş üzrə tərəf olan iştirakçı dövlətə təklif edə bilər ki, yazılı rəylərinə (mülahizələrinə) əlavə etdiyi sənədlərin hamısının və ya müəyyən hissəsinin, yaxud işə aidiyyəti olan hər hansı digər sənədlərin və ya sənədlərdən çıxarışların ingilis və ya fransız dilinə tərcüməsini, yaxud ingilis və ya fransız dilində qısa xülasəsini konkret müddət ərzində təqdim etsin.

d) Bu bəndin yuxarıdakı yarımbəndləri 44-cü Qaydaya uyğun olaraq prosesə qatılan üçüncü tərəfə və üçüncü tərəfin qeyri-rəsmi dildən istifadə etdiyi hallara da mutatis mutandis (müvafiq qaydada) tətbiq edilir.

5. Palatanın Sədri Konvensiyanın iştirakçısı olan cavabdeh dövlətə təklif edə bilər ki, onun rəsmi dilində və ya rəsmi dillərindən birində olan yazılı rəylərinin (mülahizələrinin) tərcüməsini, şikayətçinin həmin materialları başa düşməsinə kömək etmək məqsədilə, təmin etsin.

6. Məhkəmədə çıxış edən hər hansı şahid, ekspert, yaxud başqa şəxs Məhkəmənin iki rəsmi dilindən birini kifayət qədər bilmirsə, Məhkəmədə öz ana dilində çıxış edə bilər. Bu halda Katib şifahi və ya yazılı tərcüməni təmin etmək üçün zəruri tədbirləri görür.

Qayda 35 (Konvensiyanın iştirakçısı olan dövlətlərin təmsilçiliyi)

Konvensiyanın iştirakçısı olan dövlətləri onların nümayəndələri təmsil edirlər; onlara vəkillər və ya məsləhətçilər kömək edə bilərlər.

Qayda 36 (Şikayətçilərin təmsilçiliyi)

1. Fiziki şəxslər, qeyri-hökumət təşkilatları və ya fərdlərin qrupları öncə şikayəti Konvensiyanın 34-cü maddəsinə uyğun olaraq özləri müstəqil surətdə, yaxud nümayəndələri vasitəsi ilə verə bilərlər.

2. Palatanın Sədri başqa cür qərar qəbul etməyibsə, Konvensiyanın iştirakçısı olan cavabdeh dövlət 54-cü qaydanın 2 (b) uyğun olaraq şikayətin daxil olması barədə xəbərdar edildikdən sonra şikayətçi bu Qaydanın 4-cü bəndinə uyğun olaraq təmsil edilməlidir.

3. Palatanın təyin etdiyi istənilən dinləmədə bu cür təmsilçilik həyata keçirilməlidir, müstəsna hallarda Palatanın Sədri şikayətçinin öz-özünü təmsil etməsinə, zərurət olduqda vəkilin və ya digər təsdiq edilmiş nümayəndənin ona kömək etməsi şərtilə, icazə verə bilər.

4. (a) Bu Qaydanın 2-ci və 3-cü bəndlərinə uyğun olaraq şikayətçinin adından hərəkət edən nümayəndə qismində iştirakçı dövlətlərin hər hansı birində vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün icazəyə malik olan və onların hər hansı birinin ərazisində daimi yaşayan vəkil, yaxud Palatanın Sədri tərəfindən təsdiq edilən hər hansı digər şəxs çıxış edir.

(b) Məcburi təmsilçilik hallarında Palatanın Sədri şikayətçinin özünü təmsil etməsinə icazə verə bilər, bu şərtlə ki, zəruri hallarda şikayətçi vəkilin və ya təsdiq edilmiş başqa nümayəndənin yardımından istifadə etsin.

(c) Müstəsna hallarda və icraatın istənilən mərhələsində Palatanın Sədri işin hallarının, yaxud vəkilin və ya əvvəlki yarımbəndə uyğun olaraq təyin edilmiş digər şəxsin hərəkətlərinin buna haqq qazandırdığını hesab edərsə, sərəncam verə bilər ki, müvafiq şəxs daha şikayətçini təmsil edə bil- məz və ya ona yardım edə bilməz, şikayətçi isə başqa nümayəndə tapmalıdır.

5. (a) Vəkil və ya təsdiq edilmiş digər nümayəndə, yaxud özünü şəxsən təmsil etmək niyyətində olan şikayətçi, hətta sonrakı yarımbənddə qeyd edilən icazə ona verildikdə belə, Məhkəmənin rəsmi dillərindən birini kifayət edəcək səviyyədə bilməlidir. Lakin Palatanın Sədri, 34-cü Qaydanın 3-cü bəndinə uyğun olaraq, rəsmi olmayan dildən istifadə etməyə icazə verə bilər.

b) O, fikirlərini Məhkəmənin rəsmi dillərindən birində ifadə etmək üçün kifayət edəcək səviyyədə bilmirsə, Palatanın Sədri 34-cü Qaydanın 3-cü bəndinə uyğun olaraq onun iştirakçı dövlətlərin rəsmi dillərinin birindən istifadə etməsinə icazə verə bilər.

Qayda 37 (Məlumatlar, bildirişlər və Məhkəməyə çağırışlar)

1. Tərəflərin nümayəndələrinə və ya vəkillərinə göndərilən məlumatlar və bildirişlər tərəflərə göndərilmiş sayılır.

2. Məhkəmə tərəflərin vəkillərindən və ya nümayəndələrindən əlavə digər şəxslərə hər hansı məlumatı, bildirişi və ya Məhkəməyə çağırışı göndərməkdən ötrü ərazisində bu cür məlumat, bildiriş və ya Məhkəməyə çağırış təqdim edilməli olan dövlətin hökuməti tərəfindən yardımın zəruri olduğunu hesab edərsə, o halda Məhkəmənin Sədri zəruri imkanları təmin etmək məqsədilə bilavasitə həmin hökumətə müraciət edir.

Qayda 38 (Çəkişmə sənədlərinin verilməsi)

1. Yazılı izahatlar və ya digər sənədlər bu Reqlamentə uyğun olaraq Palatanın Sədrinin və ya müvafiq hallarda məruzəçi hakimin müəyyən etdiyi müddətlərdən sonra verilə bilməz. Həmin müddətləri və ya icraatın praktik məsələləri ilə bağlı 32-ci Qaydada nəzərdə tutulan hər hansı təlimatları pozmaqla verilmiş yazılı izahatlar və ya digər sənədlər işin materiallarına əlavə edilmir, Palatanın Sədrinin başqa cür qərar qəbul etdiyi hallar istisna təşkil edir.

2. Bu Qaydanın 1-ci bəndində qeyd edilən müddətlərə əməl edilib-edilməməsi müəyyən edilərkən müvafiq tarix sənədin təsdiq edilmiş göndərilmə tarixi ilə, həmin tarix olmadıqda isə, Katib- liyin sənədi aldığı faktiki tarixlə müəyyən edilir.

Qayda 38A (Prosedur məsələlərinə baxılması)

Palatanın Sədri başqa cür qərar qəbul etməyibsə, Palata tərəfindən qərar qəbul edilməsini tələb edən prosedur məsələlərinə işə baxılması ilə eyni vaxtda baxılır.

Qayda 39 (İlkin təminat tədbirləri)

1. Palata və ya müvafiq hallarda Palatanın Sədri iş üzrə tərəfin, yaxud hər hansı digər maraqlı şəxsin vəsatəti ilə və ya öz təşəbbüsü ilə tərəflərin maraqları baxımından və ya icraatın lazımi qaydada aparılmasının maraqları baxımından Palatanın fikrincə görülməli olan ilkin tədbirlər barədə tərəfləri xəbərdar edə bilər.

2. Müvafiq hesab olunduqda, konkret işdə qəbul edilən tədbir haqqında bildiriş Nazirlər Komitəsinə göndərilə bilər.

3. Palata özünün qeyd etdiyi hər hansı ilkin təminat tədbirlərinin yerinə yetirilməsi ilə bağlı istənilən məsələyə görə tərəflərdən məlumat istəyə bilər.

Qayda 40 (Şikayət barədə təcili məlumat vermə)

Hər hansı təcili zərurət olduqda, Palata Sədrinin icazəsi ilə Katib, hər hansı başqa prosessual hə- rəkətlərin həyata keçirilməsinə xələl gətirməməklə və ixtiyarında olan istənilən vasitədən istifadə etməklə, Konvensiyanın iştirakçısı olan və şikayətə aidiyyəti olan dövlətə şikayətin verilməsi faktı və onun məzmunu haqqında məlumat verə bilər.

Qayda 41 (İşlərə baxılmasının növbəliliyi)

İşlərə baxılmasının növbəliliyini müəyyən edərkən Məhkəmə şikayətdə qaldırılan məsələlərin mühümlüyünü və təxirəsalınmazlığını özünün müəyyən etdiyi meyarlar əsasında nəzərə alır. Bununla belə, Palata və ya onun Sədri konkret şikayətə prioritet qaydasında baxılması üçün bu meyarlardan kənara çıxa bilər.

Qayda 42 (keçmiş 43-cü Qayda) (Şikayətlərin bir icraatda birləşdirilməsi və onlara birgə baxılması)

1. Palata tərəflərin xahişi ilə və ya öz təşəbbüsü ilə iki və ya daha artıq şikayəti bir icraatda birləşdirə bilər.

2. Palatanın Sədri tərəflərlə məsləhətləşmələr apardıqdan sonra, şikayətlərin bir icraatda birləşdirilməsi haqqında Palatanın qərarına xələl gətirməməklə, bir Palatanın icraatına verilmiş şikayətlərin birgə araşdırılması haqqında sərəncam verə bilər.

Qayda 43 (keçmiş 44-cü Qayda) (Şikayətlərin baxılmalı olan işlərin siyahısından çıxarılması və yenidən siyahıya salınması)

1. Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq Məhkəmə icraatın istənilən mərhələsində şikayəti baxılmalı olan işlərin siyahısından çıxarmağı qərara ala bilər.

2. Konvensiyanın iştirakçısı olan şikayətçi dövlət işə baxılmasına nail olmaq niyyətinin olmaması barədə Katibə məlumat verərsə, Palata Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq şikayəti Məhkəmədə baxılmalı olan işlərin siyahısından çıxara bilər; bu şərtlə ki, bu işdə marağı olan digər iştirakçı dövlət işə bu cür xitam verilməsi ilə razılaşsın.

3. Barışıq sazişi bağlandıqda şikayət qərardadın qəbulu vasitəsilə işlərin siyahısından çıxarılır. Konvensiyanın 39-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq, bu qərardad orada əks olunmuş barışıq sazişinin şərtlərinin icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir. Konvensiyanın 37-ci maddəsində nəzərdə tutulmuş digər hallarda qəbuledilən elan olunmuş şikayət qərarın qəbulu vasitəsilə işlərin siyahısından çıxarılır. Bu qərar qəti qərara çevrilən kimi Palatanın Sədri onu Konvensiyanın 46-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq Nazirlər Komitəsinə göndərir ki, o, işə xitam verilməsi və ya məsələnin həlli ilə əlaqədar olan hər hansı öhdəliklərin icrasına nəzarəti həyata keçirə bilsin.

4. Şikayət işlərin siyahısından çıxarıldıqda, məhkəmə xərcləri haqqında məsələ Məhkəmənin mülahizəsinə əsasən həll edilir. Qəbuledilməyən elan olunan şikayətin işlərin siyahısından çıxarılması haqqında qərarda məhkəmə xərclərinin əvəzini ödəmək nəzərdə tutulubsa, Palatanın Səd- ri həmin qərarı Nazirlər Komitəsinə göndərir.

5. Məhkəmə şikayətin işlərin siyahısında bərpa edilməsinə haqq qazandıran müstəsna halların olduğu qənaətinə gələrsə, şikayəti öz siyahısında bərpa edə bilər.

Qayda 44 (Üçüncü tərəfin icraata qatılması)

1. (a) Konvensiyanın 34-cü maddəsinə uyğun olaraq verilmiş şikayət barədə Konvensiyanın iştirakçısı olan cavabdeh dövlətə 53-cü Qaydanın 2-ci bəndində və 54-cü Qaydanın 2 (b) bəndində nəzərdə tutulan qaydada məlumat verilərkən Katib eyni vaxtda şikayətin surətini iş üzrə şikayət- çinin vətəndaşı olduğu digər iştirakçı dövlətə göndərir. Eynilə, Katib hər hansı bu cür iştirakçı dövlətə iş üzrə şifahi dinləmə keçirilməsinə dair qərar barədə məlumat verir.

b) Hər hansı iştirakçı dövlət Konvensiyanın 36-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş yazılı qeydlər təqdim etmək və ya dinləmələrdə iştirak etmək hüququndan istifadə etmək istəyərsə, əvvəlki yarımbənddə qeyd edilən surət ona göndərildikdən və ya məlumat ona verildikdən sonra on iki həftədən gec olmayaraq bu barədə Katibə yazılı şəkildə məlumat verməlidir. Müs- təsna səbəblərə görə Palatanın Sədri başqa müddət təyin edə bilər.

2. İnsan Hüquqları üzrə Komissar Konvensiyanın 36-cı maddəsinin 1-ci bəndində nəzərdə tutul- muş yazılı qeydlər təqdim etmək və ya dinləmələrdə iştirak etmək hüququndan istifadə etmək istəyərsə, şikayət Konvensiyanın iştirakçısı olan cavabdeh dövlətə göndərildikdən və ya şifahi din- ləmə keçirilməsinə dair qərar barədə həmin dövlətə məlumat verildikdən sonra on iki həftədən gec olmayaraq bu barədə Katibə yazılı şəkildə məlumat verməlidir. Müstəsna səbəblərə görə Pa- latanın Sədri başqa müddət təyin edə bilər.

İnsan Hüquqları üzrə Komissar Məhkəmədəki icraatda özü iştirak edə bilmədikdə onu təmsil etmək üçün təyin olunan əməkdaşının və ya əməkdaşlarının adını (adlarını) göstərir. İcraatda vəkil ona köməklik göstərə bilər.

3. (a) Konvensiyanın iştirakçısı olan cavabdeh dövlətə 51-ci Qaydanın 1-ci bəndində və 54-cü Qaydanın 2 (b) bəndində nəzərdə tutulan qaydada məlumat verilən kimi Palatanın Sədri ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin maraqları naminə Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq iş üzrə tərəf olmayan hər hansı iştirakçı dövlətə və ya iş üzrə şikayətçi olmayan hər hansı maraqlı şəxsə yazılı qeydlərini təqdim etməsini, yaxud müstəsna hallarda dinləmədə iştirak etməsini təklif edə və ya buna icazə verə bilər.

b) Bu cür icazənin verilməsi üçün vəsatətlər lazımi qaydada əsaslandırılmalı və Konvensiyanın iştirakçısı olan cavabdeh dövlətə şikayət barədə məlumat verildikdən sonra iki həftədən gec olmayaraq 34-cü Qaydanın 4-cü bəndində müəyyən edilən qaydada Məhkəmənin rəsmi dillərinin birində yazılı şəkildə təqdim edilməlidir. Müstəsna səbəblərə görə Palatanın Sədri başqa müddət təyin edə bilər.

4. (a) Böyük Palata tərəfindən baxılmalı olan işlərdə əvvəlki bəndlərdə göstərilən müddətlərin axımı 72-ci Qaydanın 1-ci bəndinə uyğun olaraq Palatanın öz yurisdiksiyasını Böyük Palataya güzəştə getməsinə dair qərarı barədə, yaxud 73-cü Qaydanın 2-ci bəndinə uyğun olaraq işin Bö- yük Palataya göndərilməsi üçün tərəfin vəsatətini qəbul etmək barədə Böyük Palatanın kollegi- yasının qərarı barədə tərəflərə məlumat verildiyi andan başlayır.

b) Bu Qaydada göstərilən müddətlər müstəsna hallarda kifayət qədər əsaslar olduqda Palatanın Sədri tərəfindən uzadıla bilər.

5. Bu Qaydanın 3 (a) bəndində qeyd edilən hər hansı təklif və ya icazə Palata Sədri tərəfindən müəyyən edilən hər hansı şərtlərlə, o cümlədən vaxt məhdudiyyəti ilə müşayiət olunur. Bu cür şərtlərə əməl olunmadıqda Sədr üçüncü tərəfin və ya maraqlı şəxsin qeydlərini işin materiallarına daxil etməmək barədə qərar çıxara, yaxud həmin tərəfin və ya şəxsin işdə iştirakını məqsədə uyğun hesab etdiyi dərəcəyədək məhdudlaşdıra bilər.

6. Bu Qaydaya uyğun olaraq təqdim edilən yazılı qeydlər 34-cü Qaydanın 4-cü bəndində müəy- yən edilən qaydada Məhkəmənin rəsmi dillərinin birində tərtib edilməlidir. Katib onları iş üzrə tərəflərə göndərir, sonuncular isə, Palata Sədri tərəfindən müəyyən edilən hər hansı şərtlər, o cümlədən vaxt məhdudiyyəti nəzərə alınmaqla, həmin qeydlərə cavab olaraq yazılı izahatlarını təqdim edirlər, yaxud zəruri hallarda cavablarını dinləmədə bildirirlər.

Qayda 44A (Məhkəmə ilə əməkdaşlıq etmək vəzifəsi)

Tərəflər icraatın gedişində Məhkəmə ilə tam əməkdaşlıq etmək vəzifəsini, xüsusən də ədalət mü- hakiməsinin lazımi qaydada həyata keçirilməsi üçün Məhkəmənin zəruri hesab etdiyi hərəkətləri səlahiyyətləri çərçivəsində yerinə yetirmək vəzifəsini daşıyırlar. Zəruri hallarda bu vəzifə iş üzrə tərəf olmayan iştirakçı dövlətə də şamil olunur.

Qayda 44B (Məhkəmənin göstərişinin yerinə yetirilməməsi)

Hər hansı tərəf Məhkəmənin iş üzrə icraatla bağlı göstərişini yerinə yetirmədikdə Palatanın Sədri zəruri hesab etdiyi istənilən tədbirləri görə bilər.

Qayda 44C (İşə baxılmasında səmərəli iştirakdan imtina)

1. Hər hansı tərəf Məhkəmənin istədiyi sübutları və ya məlumatları təqdim etmədikdə, yaxud öz təşəbbüsü ilə işə aid məlumatı açıqlamadıqda, yaxud da icraatda səmərəli iştirakdan hər hansı digər formada yayındıqda, Məhkəmə bu davranışdan məqsədəuyğun hesab etdiyi nəticələr çıxarır.

2. Konvensiyanın iştirakçısı olan cavabdeh dövlətin icraatda səmərəli iştirakdan yayınması özlü- yündə Palata tərəfindən şikayətə baxılmasına xitam verilməsi üçün əsas ola bilməz.

Qayda 44D (Tərəflərin yolverilməz dəlilləri)

Hər hansı tərəfin nümayəndəsi təhqiramiz, mənasız, vicdansız, azdırıcı və ya həddən artıq uzun-uzadı dəlillər irəli sürərsə, Palatanın Sədri Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndini əsassız olaraq tətbiq etməmək şərtilə, həmin nümayəndəni icraatdan kənarlaşdıra, həmin dəlilləri qəbul etməkdən bütünlüklə və ya qismən imtina edə və ya məqsədəuyğun hesab etdiyi hər hansı digər göstərişi verə bilər.

Qayda 44E (Şikayətə baxılmasına nail olmaq niyyətinin olmaması)

Konvensiyanın 37-ci maddəsinin 1 (a) bəndinə uyğun olaraq, Konvensiyanın iştirakçısı olan şi- kayətçi dövlət və ya fərdi şikayətçi şikayətinə baxılmasına nail olmağa çalışmırsa, Palata 43-cü Qaydaya uyğun olaraq şikayəti Məhkəmənin baxmalı olduğu işlərin siyahısından çıxara bilər.