AİHM Azərbaycanla bağlı yeni qərarlarını açıqlayıb

©aihmaz.org

Avropa Insan Haqları Məhkəməsi bu gün, yanvarın 14-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə bir neçə qərarını elan edib. Qərarların hamısında ərizəçilərin iddia etdikləri pozuntuların əksəriyyəti tanınıb.

Turan İbrahimov Azərbaycana qarşı işi AİHM Konvensiyanin 6-cı (1) maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusunu tanıyıb. Hökumət ərizəçiyə 4100 avro təzminat ödəməlidir.

Cabbar Savalanlı Azərbaycana qarşı işi AİHM Konvensiyanin 6-cı (1) maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusunu tanıyıb. Hökumət ərizəçiyə 4350 avro təzminat ödəməlidir.

Bu iki işdə müxalif fəallar ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusunu mübahisələndirmişdilər. Hər iki gənc fəal inzibati qaydada həbs ediliblər. Onlar iddia edirdilər ki, məhkəmə zamanı istədikləri vəkillə müdafiə olunmalarına imkan verilməməsi onların Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alınan hüquqlarına müdaxiləyə səbəb olub.

T.İbrahimov 28 000, C.Savalanlı isə 24300 avro təzminat tələb edirdi.

Fariz Əhmədov Azərbaycana qarşı işi AİHM Konvensiyanin 6-cı (1) (3) maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusu iddiası qəbul edilən sayılıb, ancaq pozuntu tanınbmayıb.

Bu məhkəmə işi narkotika cinayətində ittiham olunmuş Fariz Məmmədovun şikayəti ilə bağlıydı. Ərizəçi 2005-ci ildə narkotik maddə ilə saxlanılıb, məhkum edilmişdi. AİHM-ə şikayətdə milli məhkəmələrin ədalətli olmadığı iddia edilirdi.

AİHM daha iki şikayət üzrə qərarında ərizələrin qəbuledilməz olmasına qənaətinə gəlib. Həmin işlər aşağıdakılardır.

Yadiğar Sadıqlı Azərbaycana qarşı işi – AİHM şikayəti qəbulediməz elan edib.

Y.Sadıqov 2013-cü ildə xuliqanlıq ittihamı ilə həbs edilmiş, məhkəmələr ittihamı əsaslı hesab edib onu 6 il müddətinə azadlıqdan məhrum etmişdi. Cinayət işini qurama sayan beynəlxalq hüquq müdafiə təşkilatları müxalif siyasətçini vicdan məhbusu elan etmişdilər. Y.Sadıqov həmin cinayət işi üzrə keçirilən məhkəmə iclaslarında metal qəfəsdə saxlanılmasından şikayət etmişdi. Şikayətləri yerli məhkəmələrdə rədd edilən siyasətçi hesab edirdi ki, məhkəmədə metal qəfəsə yerləşdirilməsi onun Konvensiyanın 3-cü maddəsi ilə təminat altına alınan hüquqlarına müdaxilə təşkil edib.

Məmməd Qurbanov və Nadir Məmmədov Azərbaycana qarşı işi – AİHM şikayəti qəbulediməz elan edib.

Bu işdə Naxçıvandan olan sahibkar, hazırda siyasi mühacir olan Məmməd Qurbanov və onun kürəkəni Nadir Məmmədov iddia edirdilər ki, 2013-cü ildə gömrük əməkdaşları tərəfindən zorakılığa məruz qalıblar. Bununla bağlı polisə şikayət etmələrindən sonra dövlət məmuruna müqavimət göstərmək ittihamı ilə həbs ediliblər. Onlar AİHM qarşısında iddia edirdilər ki, yerli məhkəmələrdə vəkilə çatım təmin olunmadığından ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilə edilib.