MADDƏ 10/Pr.1.1/№38433/09 CENTRO EUROPA 7 S.R.L. VƏ DI STEFANO İTALİYAYA QARŞI – 7 İYUN 2012-Cİ İL

 

AVROPA İNSAN HAQLARI MƏHKƏMƏSİ

BÖYÜK PALATA

 

 

CENTRO EUROPA 7 S.R.L. VƏ DI STEFANO İTALİYAYA QARŞI

(Ərizə №38433/09)

 

 

QƏRAR

 

 

STRASBURQ

7 iyun 2012-ci il

Bu qərar qətidir, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər

 

Centro Europa 7 S.r.l. və Di Stefano İtaliyaya qarşı işi üzrə

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası

sədr Fransuaz Tulkens (Francoise Tulkens), hakimlər:
Jan-Pol Kosta (Jean-Paul Costa),,
Jozep Kasadeval (Josep Casadevall),
Nina Vayiç (Nina Vajić), Din Şpilman (Dean Spielmann),
Korneliu Birsan (Corneliu Bîrsan),
Elizabet Şteyner (Elisabeth Steiner), Elizabet Fura (Elisabet Fura),
Lilyana Miyoviç (Ljiljana Mijović),
David Tor Byörqvinson (David Thór Björgvinsson),
Draqolyub Popoviç (Dragoljub Popović),
Andras Sajo (András Sajó),
Nona Tsotsoria (Nona Tsotsoria),
İşıl Karakaş (Işıl Karakaş),
Kristina Pardalos (Kristina Pardalos),
Qido Raymondi (Guido Raimondi), Linos-Aleksandre Sisilianos, və yuriskonsult Vinsent Berqerdən (Vincent Berger) ibarət tərkibdə

2011-ci il 12 oktyabr və 2012-ci il 11 aprel tarixlərində qapalı müşavirə keçirərək
Yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:

 

PROSEDUR 

1. Bu iş 2009-cu il 16 iyul tarixində İtaliyanın Centro Europa 7 S.r.l. məhdud məsuliyyətli cəmiyyəti və İtaliya vətəndaşı cənab Franseskantonio Di Stefano (“ərizəçilər”) tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq İtaliya Respublikasına qarşı ərizənin (38433/09 nömrəli) təqdim edilməsi ilə başlanmışdır.
2. Ərizəçiləri Romada fəaliyyət göstərən vəkillər – cənab A.Pase, cənab R.Mastroyanni, cənab O.Qrandinetti və cənab F.Ferraro təmsil etmişlər. İtaliya Hökuməti (“Hökumət”) səlahiyyətli nümayəndəsi xanım E.Spatafora tərəfindən təmsil olunmuşdur.
3. Ərizəçilər iddia etmişlər ki, ərizəçi şirkətə televiziya yayımı üçün lazımi tezliklərin verilməməsi ilə onların fikirlərini ifadə etmək azadlığı, xüsusilə də informasiya və ideyaları yaymaq azadlıqları pozulmuşdur. Onlar həmçinin Konvensiyanın 14-cü maddəsinin və 6-cı maddəsinin 1-ci bəndinin, eləcə də 1 saylı Protokolun 1-ci maddəsinin pozulmasından şikayət etmişlər.
4. Ərizə baxılması üçün Məhkəmənin İkinci Bölməsinə verilmişdir (Məhkəmənin Prosedur Qaydalarının 52-ci qaydasının 1-ci bəndi). 2009-cu il 10 noyabr tarixində İkinci Bölmə ərizə barədə Hökumətə məlumat vermək qərarına gəlmişdir. Konvensiyanın əvvəlki redaksiyada olan 29-cu maddəsinin 3-cü bəndində (hazırkı redaksiyada 29-cu maddənin 1-ci bəndi) və 54A qaydasında təsbit edildiyi kimi Bölmə ərizənin mahiyyəti ilə qəbuledilənliyi məsələlərinə eyni vaxtda baxmaq qərarına gəlmişdir. 2010cu il 30 noyabrda həmin Bölmənin hakimlər Fransuaz Tulkens, Danute Yoçiyene, Draqolyub Popoviç, Andras Sajo, Nona Tsotsoria, Kristina
Pardalos, Qido Raymondi və həmçinin Bölmə katibinin müavini Fransuaz Elen-Passosdan ibarət Palatası işə baxılması üçün yurisdiksiyanın Böyük Palataya verilməsi barədə qərar qəbul etmiş və tərəflərdən heç biri bu qərara etiraz etməmişdir (Konvensiyanın 30-cu maddəsi və 72-ci qayda).
5. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndləri və Məhkəmənin Prosedur Qaydalarının 24-cü qaydasına uyğun olaraq müəyyənləşdirilmişdir. 2011-ci il 3 noyabrda Jan-Pol Kostanın
Avropa Məhkəməsinin sədri kimi vəzifə səlahiyyətlərinin müddəti bitmişdir. Həmin tarixdən Fransuaz Tulkens hazırkı iş üzrə Böyük Palatanın sədri vəzifəsinin icrasına başlamışdır (9-cu qaydanın 2-ci bəndi). Jan-Pol Kosta səlahiyyət müddətinin bitməsinə baxmayaraq Konvensiyanın 23-cü maddəsinin 3-cü bəndi və 24-cü qaydanın 4-cü bəndinə uyğun olaraq yekun müzakirələrdə iştirak etməyə davam etmişdir.
6. Ərizəçilər və Hökumət iş ilə bağlı əlavə qeydlərini təqdim etmişlər (59-cu qaydanın 1-ci bəndi). Bundan əlavə, yazılı prosedur zamanı sədr tərəfindən müdaxilə etməsinə icazə verilmiş Ədliyyə Təşəbbüsü Açıq Cəmiyyəti üçüncü tərəf kimi öz qeydlərini təqdim etmişdir (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və 44-cü qaydanın 2-ci bəndi).
7. Məhkəmə iclası 2011-ci ilin 12 oktyabr tarixində Strasburqda İnsan Hüquqları Sarayında açıq şəkildə keçirilmişdir (59-cu qaydanın 3-cü bəndi).

Məhkəmədə aşağıdakı şəxslər iştirak etmişlər:
(a) Hökumətin adından
cənab M. REMUS, Məsləhətçi,
cənab P. CENTİLİ, Dövlət müşaviri;
(b) ərizəçilərin adından
cənab R. MASTROYANNİ, cənab O. QRANDİNETTİ, cənab F. FERRARO, Vəkillər.

Cənab Remus, cənab Centili, cənab Mastroyanni və cənab Qrandinetti Məhkəmədə çıxış etmiş və hakimlər tərəfindən onlara verilən sualları cavablandırmışlar.

FAKTLAR
I. İŞİN HALLARI

8. Birinci ərizəçi, Centro Europa 7 S.r.l. (“ərizəçi şirkət”) Romada qeydiyyatdan keçmiş ofisə malik, televiziya yayımı sahəsində fəaliyyət göstərən məhdud məsuliyyətli cəmiyyətdir. İkinci ərizəçi, cənab Franseskantonio Di Stefano 1953-cü ildə anadan olmuş İtaliya vətəndaşıdır və Romada yaşayır. O, ərizəçi şirkətin qanuni nümayəndəsidir.
9. 1999-cu il 28 iyul tarixində imzalanmış qərar ilə müvafiq dövlət orqanları tərəfindən Centro Europa 7 S.r.l. şirkətinə 249/1997 nömrəli qanun əsasında bütün ölkə ərazisində yerüstü televiziya yayımının həyata keçirilməsi üçün lisenziya verilmişdir (aşağıda 56-61-ci bəndlərə bax). Bu lisenziya şirkətə analoq televiziya şəbəkəsini qurmaq və işlətməyə icazə verirdi. Lisenziyada ərizəçi şirkətin ölkə ərazisinin 80 faizini əhatə edən üç tezliyə malik olması qeyd edilirdi. Tezliklərin ayrılması məsələsinə gəlincə, lisenziyada 1998-ci il 30 oktyabr tarixində qəbul edilmiş tezliklərin ayrılması üzrə milli plana istinad edilmişdi. Burada göstərilirdi ki, qurğular iyirmi dörd ay ərzində “ayrılma planı”nın (piano di assegnazione) tələblərinə uyğunlaşdırılmalı və bu məqsədlə görülmüş tədbirlər Rabitə Tənzimləmə İdarəsi (Autorità per le garanzie nelle comunicazioni – bundan sonra “AGCOM”) tərəfindən Rabitə Nazirliyi (“Nazirlik”) ilə birgə tərtib edilmiş sabitləşdirmə proqramına (programma di adeguamento) uyğun gəlməlidir. Consiglio di Stato’nun 2008-ci il 31 may tarixli 2624 nömrəli qərardan göründüyü kimi (aşağıda 14-cü bəndə bax) lisenziyanın şərtlərinə görə tezliklərin ayrılması dövlət orqanları tərəfindən qəbul edilmiş sabitləşdirmə proqramı əsasında ərizəçi şirkətin öz qurğularını müasirləşdirəcəyi vaxta qədər təxirə salınmışdı. Öz növbəsində sabitləşdirmə proqramı tezliklərin ayrılması üzrə milli planın tələblərini nəzərə almalı idi. Lakin plan həyata keçirilməmişdi. Milli səviyyədə mövcud kanalların faydalandığı keçid cədvəllərin ardıcıllığı onunla nəticələnmişdir ki, ərizəçi şirkət lisenziyaya malik olsa da, heç bir tezlik ayrılmadığı üçün 2009-cu ilin iyun ayına qədər efirə çıxa bilməmişdi.
10. Ərizəçi şirkət qanuni nümayəndəsi vasitəsilə inzibati məhkəmələrə bir sıra şikayətlər etmişdir.

A. Birinci inzibati məhkəmə prosesləri
11. 1999-cu ildə ərizəçi şirkət tezliklərin ayrılması xahişi ilə Nazirliyə rəsmi məktub göndərmişdir. 1999-cu il 22 dekabr tarixli məktubunda Nazirlik xahişi rədd etmişdir.

1. İşin mahiyyəti ilə bağlı proseslər
12. 2000-ci ildə ərizəçi şirkət Latsio Regional İnzibati Məhkəməsində Nazirliyə və RTI-yə (Mediaset qrupu tərəfindən nəzarət edilən İtaliyanın televiziya kanalları şəbəkəsi) qarşı iddia qaldıraraq dövlət orqanlarının ona yayım üçün heç bir tezlik ayırmamasından şikayət etmişdir. Retequattro kanalına ərizəçi şirkətə verilməsi mümkün olan tezliklərdə efirə çıxmağa icazə verildiyindən iddia RTI-yə qarşı da yönəldilmişdir.
13. 2004-cü ilin 16 sentyabrında Regional İnzibati Məhkəmə ərizəçi şirkətin xeyrinə qərar qəbul edərək qət etmişdir ki, dövlət orqanları ya tezliklər ayırmalı, ya da lisenziyanı ləğv etməlidir. Beləliklə, məhkəmə 1999-cu il 22 dekabr tarixli məktubu etibarsız hesab etmişdir.
14. RTI bu qərardan Consiglio di Stato-ya şikayət etmişdir. 2008-ci il 31 may tarixli 2624 nömrəli qərarı ilə Consiglio di Stato apellyasiyanı təmin etməmiş və Regional İnzibati Məhkəmənin qərarını qüvvədə saxlamışdır. O qeyd etmişdir ki, lisenziyada AGCOM-un Nazirlik ilə birgə tərtib etdiyi sabitləşdirmə proqramının dövlət orqanları tərəfindən qəbul edilməsi üçün son müddət göstərilməmiş, lakin ərizəçi şirkətə öz qurğularını müasirləşdirmək üçün iyirmi dörd ay verilmişdir. Buna görə də Consiglio di Stato hesab etmişdir ki, sabitləşdirmə proqramı dərhal qəbul edilməlidir.
Consiglio di Stato əlavə etmişdir ki, Nazirlik bu arada Avropa İttifaqı Məhkəməsi tərəfindən qəbul edilmiş qərara (“AİM” – aşağıda 33-36-cı bəndlərə bax) uyğun olaraq ərizəçi şirkətin tezliklərin ayrılmasına dair xahişi ilə bağlı qərar qəbul etməlidir.

2. Qərarın icrası ilə bağlı proseslər
15. 2008-ci il 23 oktyabrda hələ də tezlikləri ala bilməmiş ərizəçi şirkət 2008-ci il 31 may tarixli qərarın icra olunmaması ilə bağlı Consiglio di Stato-da Nazirliyə qarşı iddia qaldırmışdır.
16. 2008-ci il 11 dekabrda Nazirlik 1999-cu ildə verilmiş lisenziyanın etibarlıq müddətini analoq televiziyasının vaxtının bitməsi tarixinə qədər uzatmış və Centro Europa 7 S.r.l. şirkətinə 2009-cu il 30 iyundan fəaliyyətə başlayacaq bir kanal ayırmışdır.
17. Consiglio di Stato sonradan 2009-cu il 20 yanvar tarixli 243/09 nömrəli qərarında Nazirliyin 2008-ci il 31 may tarixli qərarı lazımı qaydada icra etdiyini bildirmişdir.
18. 2009-cu il 18 fevral tarixində ərizəçi şirkət yenidən Regional İnzibati Məhkəmədə iddia qaldıraraq tezliklərin ayrılması barədə 2008-ci il 11 dekabrda qəbul edilmiş qərarın qənaətbəxş olmadığını bildirmişdir. Belə ki, onun fikrincə lisenziya şərtlərinə zidd olaraq bu qərar ölkə ərazisinin 80 faizini əhatə etməyən bir kanal ilə bağlı olmuşdur. Ərizəçi şikayətində qərarın ləğv edilməsi və ona dəymiş ziyanın ödənilməsini tələb etmişdir.
19. 2010-cu il 9 fevralda ərizəçi şirkət İqtisadi İnkişaf Nazirliyi (əvvəlki Rabitə Nazirliyi) ilə saziş bağlamışdır. Sazişə əsasən Nazirlik şirkətə lisenziyanın şərtlərinə uyğun olaraq əlavə tezliklər ayırmağı öhdəsinə götürmüşdür.
20. 2010-cu il 11 fevralda həmin sazişin müddəalarından birinə uyğun olaraq ərizəçi şirkət işə Regional İnzibati Məhkəmədə baxılmasına xitam verilməsini xahiş etmişdir.
21. 2011-ci il 8 martda ərizəçi şirkət Regional İnzibati Məhkəməyə müraciət edərək işə baxılmasını bərpa etməyi xahiş etmişdir. O, tezliklərin ayrılmasını müəyyən edən 2008-ci il 11 dekabr tarixli qərarın ləğv edilməsini və vurulmuş ziyanın ödənilməsini tələb etmişdir. O iddia etmişdir ki, inzibati hakimiyyət orqanları əlavə tezliklərin ayrılması öhdəliyinə tam əməl etməmiş və 2010-cu il 9 fevral tarixli sazişə, həmçinin 2008-ci il 11 dekabr tarixli qərara əməl etməmişdir.
22. Sözü gedən sazişin 6-cı bəndində qeyd edilirdi:
“Centro Europa 7 S.r.l. qanun ilə müəyyən edilmiş müddətlər daxilində işə baxılması üçün yeni ərizə təqdim etməməklə Latsio Regional İnzibati Məhkəməsinə təqdim etdiyi 1313/09 nömrəli ərizəyə baxılması müddətinin keçməsinə imkan yaratmağı, bununla da işə baxılmasına xitam verməyi xahiş etməyi və həmin tarixə qədər irəli sürdüyü kompensasiya tələblərindən imtina etməyi öhdəliyinə götürür, bir şərtlə ki, işə baxılmasına xitam verilməsi tarixinə qədər bu saziş, əlavə tezliklərin ayrılmasına dair qərar və 2008-ci il 11 dekabr tarixli qərar bu dövr ərzində etibarsız hesab olunmasın.
Öz növbəsində Administrasiya əlavə tezliklərin ayrılmasına dair öhdəliyinə, bu sazişə və 2008-ci il 11 dekabr tarixli qərara tam əməl etməyi öhdəliyinə götürür. Əgər o, bu öhdəliyinə əməl etməzsə, Centro Europa 7 və başqa dövlət orqanları onlara verilən müvafiq prosessual imtiyazlardan tam istifadə imkanı əldə edəcəklər. Əlavə tezliklərin ayrılmadığı təqdirdə, Centro Europa 7 S.r.l. yalnız o halda 1313/09 nömrəli şikayətinə yenidən baxılmasını xahiş edə bilər ki, bu vəziyyətdə Europa Way S.r.l. üçün A Texniki Əlavəsində göstərilmiş qurğulardan birini və ya bir-neçəsini işlətmək mümkün olmasın.”
23. İş hazırda Regional İnzibati Məhkəmənin icraatındadır.

B. İkinci inzibati məhkəmə prosesləri
1. İşə Regional İnzibati Məhkəmədə baxılması

24. İlkin ərizəsi Regional İnzibati Məhkəmədə icraatda olduğu bir vaxtda ərizəçi şirkət 2003-cü il 27 noyabrda eyni məhkəməyə başqa bir ərizə təqdim edərək xüsusilə ona tezliklərin ayrılması və vurulmuş ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Regional İnzibati Məhkəmə 2004-cü il 16 sentyabr tarixli qərarı ilə ərizəni rədd etmiş və xüsusilə qeyd etmişdir ki, ərizəçi şirkət yerüstü analoq televiziya yayımı üçün tezliklərin ayrılmasında şəxsi hüquqa (diritto soggettivo) deyil, qanuni marağa (interesse legittimo), yəni ictimai marağa uyğun gəldikdə dolayı yolla müdafiə olunan fərdi mövqeyə malik olmuşdur.

2. Qərardan Consiglio di Stato-ya şikayət edilməsi
26. Ərizəçi şirkət Consiglio di Stato-ya şikayət edərək bildirmişdir ki, ona müvafiq dövlət orqanları tərəfindən lisenziya verildiyindən faktiki olaraq şəxsi hüquqa malik olmuşdur. Xüsusilə o bildirmişdir ki, 352/2003 nömrəli qanunvericilik aktı və 112/2004 nömrəli qanun Birliyin qanunvericiliyinə uyğun olmamışdır (aşağıda 65-67-ci bəndlərə bax).
27. 2005-ci il 19 apreldə Consiglio di Stato işə ərizəçi şirkətin ziyanla bağlı tələbləri həddində baxmaq və bu mərhələdə tezliklərin ayrılmasına dair xahiş ilə bağlı öz mövqeyini ifadə etməmək qərarına gəlmişdir.
28. Bununla belə, məhkəmə bildirmişdir ki, Centro Europa 7 S.r.l. şirkətinə tezliklərin ayrılmaması əsasən qanunvericilik ilə bağlı amillərdən irəli gəlmişdir.
29. Məhkəmə qeyd etmişdir ki, 249/1997 nömrəli qanunun 3-cü maddəsinin 2-ci bəndi (aşağıda 58-ci bəndə bax) əvvəlki sistem əsasında fəaliyyət göstərməsinə icazə verilmiş radio tezliklərin “de facto sahiblərinə” yeni lisenziyaların verilməsi və ya yeni lisenziyaların verilməsi ilə bağlı ərizələrin rədd edilməsinə qədər və hər bir halda 1998-ci ilin 30 aprelinədək yayımı davam etdirməyə icazə vermişdir.
30. Məhkəmə daha sonra bildirmişdir ki, 249/1997 nömrəli qanunun 3-cü maddəsinin 7-ci bəndi (aşağıda 61-ci bəndə bax) sadəcə verilişlərin eyni vaxtda yerüstü tezliklər və peyk və ya kabel vasitəsilə yayımlanması şərti ilə son icra müddətinin müəyyən edilməsini AGCOM-a etibar etməklə belə yayımların davam etdirilməsinə icazə vermişdir. O qeyd etmişdir ki, AGCOM son müddəti müəyyən edə bilmədikdə “dolmuş kanallar” (başqa sözlə, 249/1997 nömrəli qanunun 2-ci maddəsinin 6-cı bəndi ilə təsbit edilmiş mərkəzləşdirmə məhdudiyyətlərindən artıq olan mövcud milli televiziya kanalları) tərəfindən verilişlərin yayımı Konstitusiya Məhkəməsi tərəfindən qət edilmiş 2003-cü il 31 dekabr tarixinə qədər yalnız peyk və ya kabel vasitəsilə həyata keçirilməli və həmin tarixədək ərizəçi şirkətin də daxil olduğu lisenziya sahiblərinə ayrılmalı olan tezliklər boşaldılmalıdır. Bununla belə, Consiglio di Stato qeyd etmişdir ki, son müddətə əməl edilməsi milli qanunverici orqanın müdaxiləsi nəticəsində mümkün olmamışdır: sonradan 2004-cü il 24 fevral tarixli 43 nömrəli qanun (aşağıda 65-ci bəndə bax) ilə əvəz olunan 352/2003 nömrəli qanunvericilik aktının 1ci maddəsi dolmuş kanalların fəaliyyət müddətini AGCOM tərəfindən rəqəmsal televiziya kanallarının inkişafı məsələsinin araşdırılmasına qədər uzatmışdır. O əlavə etmişdir ki, 112/2004 nömrəli qanunun 23-cü maddəsinin 5-ci bəndi (aşağıda 67-ci bəndə bax) sonradan rəqəmsal televiziyalar üçün nəzərdə tutulmuş tezliklərin ayrılması üzrə milli plan icra olunana qədər və həmin kanallardan ərizəçi şirkət kimi lisenziya sahiblərinə ayrılması nəzərdə tutulmuş tezliklərin boşaldılmasının tələb edilməyəcəyi şərti ilə ümumi icazə mexanizmi vasitəsilə dolmuş kanalların yayımının davam etdirilməsi imkanını uzatmışdır.
31. Buna görə də Consiglio di Stato-nun mövqeyinə görə 112/2004 nömrəli qanun analoq lisenziyaların sahibləri üçün ayrılması nəzərdə tutulmuş tezliklərin dayandırılmasına və yeni operatorların rəqəmsal televiziya sınaqlarında iştiraklarının qarşısının alınmasına səbəb olmuşdur.
32. Başqa sözlə Consiglio di Stato icraatı dayandırmaq barədə qərar qəbul etmiş və Avropa İttifaqı Məhkəməsindən Avropa İttifaqı haqqında müqavilənin 6-cı maddəsinin istinad etdiyi həddə Xidmət göstərilməsi azadlığı və rəqabət haqqında müqavilənin müddəalarının, 2002/21/EC nömrəli direktiv (“Çərçivə direktiv”), 2002/20/EC nömrəli direktiv (“İcazə direktivi”), 2002/77/EC nömrəli direktiv (“Rəqabət barədə direktiv”) və İnsan Hüquqları haqqında Avropa Konvensiyasının 10-cu maddəsinin təfsiri ilə bağlı ilkin qərar qəbul etməyi xahiş etmişdir.

3. Avropa İttifaqı Məhkəməsinin qərarı

33. 2008-ci ilin 31 yanvar tarixində Avropa İttifaqı Məhkəməsi qərarını qəbul etmişdir. O iki məsələ ilə bağlı qərar qəbul etmək üçün kifayət qədər məlumata malik olmadığından bu məsələlərə baxılmasını qəbuledilməz elan etmişdir.
34. Konvensiyanın 10-cu maddəsi ilə bağlı məsələ üzrə Avropa İttifaqı Məhkəməsi aşağıdakı nəticəyə gəlmişdir:
“Birinci sualla milli məhkəmə Avropa Məhkəməsindən əsasən Avropa İttifaqı haqqında müqavilənin 6-cı maddəsinin istinad etdiyi həddə İnsan Hüquqları haqqında Avropa Konvensiyasının 10-cu maddəsinin tətbiq edilməsinin Centro Europa 7 kimi operator sahiblərinin radio tezliklər verilmədən yayımı həyata keçirmək hüququnu qeyri-mümkün edən televiziya yayımı sahəsində mövcud olan milli qanunvericiliyin tətbiqinə mane olub-olmadığını soruşur.

Bu sualları verməklə milli məhkəmə Birlik hüququnun pozuntusu ilə bağlı ziyana görə kompensasiyanın ödənilməsinə dair ərizə üzrə qərar qəbul etmək üçün belə pozuntuların olub-olmadığını müəyyənləşdirmək istəmişdir.
…Avropa İttifaqı haqqında müqavilənin 49-cu maddəsi, tətbiq edildikləri tarixdən Çərçivə direktivin 9-cu maddəsinin 1-ci bəndi, İcazə direktivinin 5-ci maddəsinin 1-ci bəndi, 5-ci maddəsinin 2-ci bəndinin ikinci yarımbəndi və 7-ci maddəsinin 3-cü bəndi və Rəqabət barədə direktivin 4-cü maddəsi operator sahiblərinin obyektiv, şəffaf, qeyri-diskriminasyon və proporsional meyarlar əsasında radio tezliklər verilmədən yayımı həyata keçirmək hüququnu qeyri-mümkün edən televiziya yayımı sahəsində mövcud olan milli qanunvericiliyin tətbiqinə mane olan müddəalar kimi təfsir edilməlidir.
Özü-özlüyündə bu cavab milli məhkəmənin Centro Europa 7 şirkətinin vurulmuş ziyana görə kompensasiya verilməsinə dair ərizəsi üzrə qərar qəbul etməsinə imkan verir.
Buna görə də Məhkəmənin ikinci, dördüncü və beşinci suallarına cavablar diqqətə alındığından birinci və üçüncü suallar üzrə qərar qəbul etmək zəruri deyil”.

35. İşin mahiyyətinə gəlincə, Avropa İttifaqı Məhkəməsi müəyyən etmişdir ki, milli qanunverici orqanın yerüstü televiziya yayımını həyata keçirmək üçün lisenziyalara malik olan yeni yayım şirkətlərinin ziyanına olaraq həyata keçirdiyi bir sıra tədbirlərin nəticəsində mövcud kanallara yayım fəaliyyətlərini davam etdirməyə icazə verilmişdir. O qeyd etmişdir ki, bu tədbirlər mövcud şəbəkələrin xeyrinə yönəlmiş keçid xarakteri daşıyan işlərin ardıcıl tətbiqini ehtiva edir və onun məqsədi ərizəçi şirkət kimi yayım tezliyinə malik olmayan operatorların lisenziyalarının belə olmasına baxmayaraq televiziya yayımı bazarına girmələrinin qarşısını almaqdır (ərizəçi şirkətə bu lisenziya 1999-cu ildə verilmişdir). Avropa İttifaqı Məhkəməsi bildirmişdir:
“112/2004 nömrəli qanun mövcud operatorlara radio tezliklər əldə etmək sahəsində yalnız üstün hüquqlar deyil, bu operatorlar üçün nəzərdə tutulmuş imtiyazlı vəziyyəti vaxt baxımdan məhdudlaşdırmamaqla və rəqəmsal televiziya yayımına keçmək üçün nəzərdə tutulmuş müddət ilə bağlı qaydaları pozmaqla radio tezliklərdən imtina etmək öhdəliyini nəzərdə tutmadan onlara bu sahədə müstəsna hüquqlar verir”. 11. Avropa İttifaqı Məhkəməsi əlavə etmişdir ki, keçid cədvəllərinin tətbiqi Müqavilənin müddəalarını, xüsusilə elektron rabitə şəbəkələri və xidmətləri sahəsində xidmətlərin göstərilməsi azadlığına dair müddəaları implementasiya etmiş yeni ümumi tənzimləmə çərçivəsinə (YÜTÇ) uyğun olmamışdır. O, bununla bağlı qeyd etmişdir ki, YÜTÇ-nin bir-neçə müddəasına görə tezliklərin ayrılması və verilməsi obyektiv, şəffaf, qeyridiskriminasyon və proporsional meyarlar əsasında həyata keçirilməlidir. Avropa İttifaqı Məhkəməsinin mövqeyinə görə hazırkı işdə belə meyarlar tətbiq edilməmişdir. Belə ki, mövcud kanalların statusu keçid cədvəlləri əsasında dəyişdirilməmiş və onlar yayım üçün heç bir tezliyin ayrılmaması səbəbindən hüquqlarını həyata keçirə bilməyən və lisenziyalarından istifadə etməkdən məhrum olmuş ərizəçi şirkət kimi operatorlara ziyan vurmaqla yayım fəaliyyətlərini davam etdirmişlər.
36.Buna görə də Avropa İttifaqı Məhkəməsi aşağıdakı nəticəyə gəlmişdir:

“…qeyd edilməlidir ki, televiziya yayımı sahəsində Avropa İttifaqı haqqında müqavilənin 49-cu maddəsində təsbit edilmiş və bu sahədə YÜTÇ tərəfindən həyata keçirilmiş xidmətlər göstərmək azadlığı yalnız yayıma icazə verilməsini deyil, həmçinin yayım üçün radio tezliklərin verilməsini tələb edir. Operator yayım üçün radio tezliklərə malik olmadan televiziya yayımı bazarına girməklə Birlik hüququndan irəli gələn hüquqlarını səmərəli şəkildə həyata keçirə bilməz.

Avropa İttifaqı haqqında müqavilənin 49-cu maddəsi və tətbiq edildiyi tarixdən elektron kommunikasiya şəbəkələri üçün ümumi tənzimləyici çərçivəyə dair Avropa Parlamenti və Şura tərəfindən 2002-ci ilin 7 mart tarixində qəbul edilmiş 2002/21/EC nömrəli direktivin (Çərçivə direktivi) 9-cu maddəsinin 1-ci bəndi, elektron kommunikasiya şəbəkələri və xidmətlərinə icazə verilməsinə dair Avropa Parlamenti və Şura tərəfindən 2002-ci ilin 7 mart tarixində qəbul edilmiş 2002/20/EC nömrəli direktivin (İcazə direktivi) 5-ci maddəsinin 1-ci bəndi, 5-ci maddəsinin 2-ci bəndinin ikinci yarımbəndi və 7-ci maddəsinin 3-cü bəndi və Avropa Komissiyasının elektron kommunikasiya şəbəkələri və xidmətləri bazarında rəqabətə dair 2002-ci il 16 sentyabr tarixli 2002/77/EC nömrəli direktivinin 4-cü maddəsi tətbiqi operator sahibinin obyektiv, şəffaf, qeyri-diskriminasyon və proporsional meyarlar əsasında verilmiş yayım üçün radio tezliklər olmadan yayımı həyata keçirməsinə mane olan televiziya yayımı sahəsindəki milli qanunvericiliyin tətbiq edilməsinin qarşısını alan müddəalar kimi təfsir edilməlidir”.

4. Consiglio di Stato tərəfindən işə baxılmasının təzələnməsi

37. 2008-ci il 31 may tarixində qəbul edilmiş 2622/08 nömrəli qərarında Consiglio di Stato belə bir nəticəyə gəlmişdir ki, o, Hökumətin yerinə tezlik verə və ya Hökuməti bunu etməyə məcbur edə bilməz. O, Hökumətə ərizəçi şirkətin tezliklərin ayrılmasına dair xahişinə Avropa İttifaqı Məhkəməsi tərəfindən müəyyən edilmiş meyarlara uyğun qaydada baxmaq göstərişini vermişdir. Xüsusilə məhkəmə bildirmişdir ki:
“Dövlət orqanları tərəfindən xüsusi tədbirin görülməsi ziyanın vurulmasından çox, icra və implementasiya ilə bağlı məsələdir: xahiş olunan inzibati tədbiri görməkdən qanunsuz imtina ilə bağlı işlərdə özəl şəxs kimi çıxış edən tərəfə ziyan vurulmadığı təqdirdə tədbirin görülməsinə kompensasiya ödənilməsi kimi deyil, daha çox dövlət orqanlarının üzərinə qoyulan öhdəliyin icrası kimi baxılır”.
38. Tezliklərin ayrılmasına dair xahiş ilə bağlı Consiglio di Stato bildirmişdir ki:
“Bununla belə, qanuni maraqlar ilə bağlı məsələlərdə hüquqların bərpasının xüsusi vasitələrini nəzərdən keçirmək mümkün deyil. Belə ki, hərəkətsizlik, təxirə salma və ya qanunsuz imtina daim qənaətbəxş olmayan və ya qənaətbəxş olmamaqda davam edən vəziyyətə təsir edəcək və bunun da nəticəsində bərpa ediləsi bir şey olmayacaq; belə maraqlar ilə bağlı məsələlər şikayət edilən tədbiri bir kənara qoymaqla istənilən qərarın praktiki implementasiyası ilə əlaqəli olur.

Bu prinsipləri hazırkı işə tətbiq etməklə Consiglio qət edir ki, ərizəçinin şəbəkə və ya tezliklərin ayrılmasının dövlət orqanlarından tələb olunması ilə bağlı göstəriş verilməsinə dair xahişi qəbulediləndir”.

5. Ərizəçi şirkətin kompensasiya ödənilməsinə dair tələbi ilə bağlı qərar

39. Consiglio di Stato ərizəçi şirkətə kompensasiya ödənilməsi ilə bağlı yekun qərarının qəbul edilməsini 2008-ci il 16 dekabr tarixinə qədər təxirə salaraq bildirmişdir ki, məbləği müəyyən etməzdən öncə Hökumət tərəfindən müvafiq qaydaların qəbul edilməsini gözləmək lazımdır.
40. Consiglio di Stato hər iki tərəfdən 2008-ci il 16 dekabr tarixdə qəbul etdiyi qərarda nəzərdə tutulmuş aşağıdakı tələblərə əməl etməyi xahiş etmişdir. İlk növbədə Nazirlik 1999-cu ildə müəyyən edilmiş açıq tender prosedurlarından sonra hansı tezliklərin verilməsinin mümkün olduğunu və bu tezliklərin nə üçün ərizəçi şirkətə verilmədiyini konkretləşdirməli və ikincisi, ərizəçi şirkətə verilmiş lisenziyanın müddətinin 2005-ci ildə bitməsi barədə bəyanatını əsaslandırmalı idi.
41. Consiglio di Stato öz növbəsində ərizəçi şirkətdən 1999-2008-ci illər arasında həyata keçirdiyi fəaliyyət barədə hesabat təqdim etməyi və həmçinin tezliklərin ayrılması ilə bağlı 2007-ci ildə keçirilmiş açıq tender prosedurunda iştirak etməməsinin səbəbini izah etməyi xahiş etmişdi.
42. Consiglio di Stato həmçinin AGCOM-dan yerüstü televiziya yayımı üçün tezliklərin ayrılması üzrə milli planın nə üçün ümumiyyətlə həyata keçirilmədiyinin səbəbini izah etməyi xahiş etmişdir. Nəhayət, o, tezliklərdən istifadə etmək üçün Mediaset qrupuna (Retequattro) məxsus olan kanala verilmiş ilkin icazənin ləğv edilməsinə dair xahişini rədd etmişdir.
43. AGCOM Consiglio di Stato-ya cavabında izah etmişdir ki, tezliklərin ayrılması üzrə milli plan yalnız 2008-ci il 13 noyabrda həyata keçirilmişdir. AGCOM-un məlumatına görə bu cür gecikmə bir sıra amillər ilə bağlı idi. İlk növbədə, dolmuş kanallara yayımı davam etdirməyə icazə verən məhkəmə qərarlarının qəbul edilməsi nəticəsində boş yayım tezliklərinin müəyyən edilməsi çətinləşdiyindən hüquqi vəziyyət mürəkkəb idi. Bundan əlavə, sözü gedən kanallara analoq rejimdə yayımlamağı davam etməyə icazə verən 66/2001 nömrəli qanun (aşağıda 63-64-cü bəndlərə bax) ilə təsbit edilmiş keçid xarakterli işlər plana əsasən yayımına icazə verilməli olan kanallar ilə hüquqi cəhətdən mövcud əməliyyatlarını davam etdirmək səlahiyyətinə malik olan kanalların maraqları arasında ziddiyyət olması səbəbindən planın həyata keçirilməsinə mane olmuşdur.
44. Ərizəçi şirkət kommersiya bankı Unipolun ekspert rəyini təqdim edərək ona dəymiş ziyanım 2 175 213 345 avro məbləğində olduğunu bildirmişdir. Qiymətləndirmə ərizəçi şirkətə ayrılmış tezlikləri boşaltmalı olan Retequattro dolmuş kanalın əldə etdiyi gəlirlər əsasında aparılmışdır.
45. Consiglio di Stato 2009-cu il 20 yanvar tarixli qərarında Nazirliyə Mülki Məcəllənin 2043-cü maddəsinin əsasında (aşağıda 69-cu bəndə bax) ərizəçi şirkətə 1 041 418 avro məbləğində kompensasiya verməsinə göstərişi vermişdir. O müəyyən etmişdir ki, Nazirlik on ildən artıq bir dövr ərzində Centro Europa 7 S.r.l. şirkətinə lisenziyası olmasına baxmayaraq yayım üçün hər hansı tezliyi verməməklə səhlənkarlıq nümayiş etdirmişdir.
46. Consiglio di Stato inzibati hakimiyyət orqanlarının hərəkətləri ilə vurulması iddia olunan ziyan arasında səbəbiyyət əlaqəsinin olduğunu və lisenziyanın verilməsi ilə Centro Europa 7 S.r.l. şirkətinə dərhal müvafiq iqtisadi fəaliyyət ilə məşğul olmaq hüququnun verilmədiyini təsbit etmişdir; buna görə də kompensasiyanın məbləği müvafiq dövlət orqanı tərəfindən tezliklərin ayrılması ilə gözlənilən qanuni gəlirlər əsasında hesablanmalıdır.
47. Consiglio di Stato-nun rəyinə görə 2008-ci ilin 11 dekabrına qədər tezliklərin ayrılmaması dövlət orqanlarının hərəkətsizliyi səbəbindən baş vermişdir. Beləliklə də, istər qanuni gözləntilərin pozulduğuna, istərsə də tezliklərin ayrılmasında gecikməyə yol verildiyinə görə dövlət orqanlarının müqavilədən kənar məsuliyyətini yaratmış qanunsuz hərəkətlərin nəticəsində ziyan vurulmuşdur. Dövlət orqanlarının yayım sektorundakı vəziyyətin aydın olmadığı və hələ də həll edilməmiş texniki məsələlərin qaldığı 1999-cu ildə açıq tender keçirməsi “riskli” addım idi. Consiglio di Stato hesab etmişdir ki, ərizəçi şirkətə vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi məsələsinə baxılarkən bu kontekst nəzərə alınmalıdır. Dövlət orqanlarının hərəkətləri “xeyli ağır” pozuntu (notevole gravità) kimi qiymətləndirilə bilməz və buna görə də bu qanunsuz hərəkət qəsdən deyil, “səhlənkarlıq” nəticəsində edilmiş hərəkət hesab edilir.
48. Consiglio di Stato əlavə etmişdir ki, maddi ziyanın məbləği 2004-cü il 1 yanvar tarixindən etibarən hesablanmalıdır. Belə ki, Konstitusiya Məhkəməsi qərara almışdır ki, lisenziya sahiblərinə yayıma başlamağa icazə verilməsi məqsədilə qanunvericiliyin qəbul edilməsi üçün “keçid müddəti” 2003-cü il 31 dekabr tarixində başa çatmışdır (aşağıda 62-ci bəndə bax). Ödəniləsi ziyanın müəyyən edilməsinin meyarlarına gəlincə, Consiglio di Stato bildirmişdir ki, dəymiş ziyan məsələsinə gəlincə, ərizəçi şirkət tenderə dəvət olunan zaman işin hallardan və lisenziyanın məruz qoyulduğu şərtlərdən tam xəbərdar idi. Bundan başqa, tezliklərin ayrılmasına mane olan hadisələrin inkişafını mahiyyət etibarı ilə əvvəlcədən görmək mümkün idi. Buna görə də ərizəçi şirkət bilməli idi ki, ən azından yaxın vaxt ərzində tezliklərin əldə edilməsi çətin ki, mümkün olsun. Bundan əlavə, o, 2001-ci il 20 mart tarixli 66 nömrəli qanunun 1-ci maddəsinə əsasən (aşağıda 64-cü bəndə bax) tezlikləri satın ala bilərdi.
Yuxarıdakıları nəzərə alaraq və ekspert qiymətləndirməsinin aparılması üçün göstəriş vermədən Consiglio di Stato vurulmuş ziyana görə ərizəçi şirkətə 391 418 avro məbləğində vəsaitin verilməsini qət etmişdir. Əldən çıxmış gəlir ilə bağlı o qət etmişdir ki, 2004-cü il 1 yanvar tarixindən ərizəçi şirkət gəlir əldə edə bilərdi, lakin tezliklər ayrılmadığından bunu edə bilməmişdir; bu məbləğ 650 000 avro kimi qiymətləndirilə bilər. O, ərizəçi şirkət tərəfindən təqdim edilmiş ekspert rəyini nəzərə almaqdan imtina etmiş və bildirmişdir ki, hətta dolu kanalların tezlikləri boşaldacaqları təqdirdə belə şirkətin səhmlərini bazarda satması ehtimalı az olmuşdur. Consiglio di Stato-nun mövqeyinə görə ərizəçi şirkət ilə iki aparıcı operator (Mediaset və RAI) arasında müqayisə aparılması əsasızdır. Belə ki, bu zaman xüsusilə bütün ölkə ərazisində fəaliyyət göstərən digər operator (La 7) nəzərə alınmamışdır. Bu operator ərizəçi şirkətlə müqayisədə daha artıq iqtisadi imkanlara malik olsa da, ziyanla fəaliyyət göstərirdi.

II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ

A. Konstitusiya Məhkəməsinin 225/1974 nömrəli qərarı

49. Konstitusiya Məhkəməsi Konstitusiyanın 43-cü maddəsi əsasında qəbul etdiyi 225/1974 nömrəli qərarında dövlət maraqları ilə bağlı RAI Dövlət televiziya korporasiyasının monopoliyaya malik olması prinsipini bir daha təsdiq etmişdir. O, tezliklərin sayına qoyulmuş texniki məhdudiyyətlərin monopoliyaya haqq qazandırdığını bildirmiş və ictimai yayımın həyata keçirilməsi zamanı obyektivlik və qərəzsizliyin təmin olunması tələbini təsbit etmişdir.

B. 103/1975 nömrəli qanun

50. 1975-ci il 14 aprel tarixində qəbul edilmiş 103 nömrəli qanun (Nuove norme in materia di diffusione radiofonica e televisiva) ictimai yayım üzərində nəzarətin həyata keçirilməsi səlahiyyətini icra hakimiyyətindən qanunverici hakimiyyətə vermişdir. Radio və televiziya xidmətlərinin idarə olunması və onlar üzərində nəzarətin həyata keçirilməsi məqsədilə parlamentin hər iki palatasının nümayəndələrindən ibarət komitə yaradılmışdır. O zaman RAI-nin idarə heyətinin üzvləri parlament tərəfindən təyin olunurdu. RAI şəbəkəsinin üçüncü kanalı 1979-cu ildə təsis edildi və bu kanalda əsas diqqət regional proqramlara verilirdi.

C. Konstitusiya Məhkəməsinin 202/1976 nömrəli qərarı

51. 1976-cı il 15 iyul tarixində qəbul edilmiş 202 nömrəli qərarında Konstitusiya Məhkəməsi yerli yayım üzərində monopoliya və ya oliqopoliya yaradılmasına imkan verən 103/1975 nömrəli qanunun müddəalarını konstitusiyaya zidd elan etmişdi. Bu qərar əsas götürülərək kommersiya operatorlarının yerli televiziya kanallarına malik olmasına icazə verilmişdi.
52. Yerli tezliklərin ayrılması və könüllü şəkildə yenidən bölüşdürülməsi sonradan çox sayda regional və milli operatorların, o cümlədən Mediaset qrupunun inkişafını təşviq etmişdir. Qrupun malik olduğu ilk kanal 1980-ci ildə bütün ölkə ərazisində yayıma başlayan Canale 5 olmuşdur; 1984-cü ilə qədər digər iki kanala (Italia Uno və Retequattro) da sahib olmaqla Mediaset RAI ilə birlikdə ictimai və özəl operatorların “duopoliya”sını yarada bilmişdir.

D. 223/1990 nömrəli qanun

53. “İctimai və özəl yayım sistemini tənzim edən müddəalar” (Disciplina del sistema radiotelevisivo pubblico e privato) adlı 1990-cı il 6 avqust tarixli 223 nömrəli qanun RAI-nin idarə heyətinin üzvlərini təyin etmək səlahiyyətini parlament komitəsindən alaraq Deputatlar palatası və Senatın sədrlərinə vermişdir.

E. Konstitusiya Məhkəməsinin 420/1994 nömrəli qərarı

54. Konstitusiya Məhkəməsi 1994-cü il 5 dekabr tarixli 420 nömrəli qərarında Mediaset qrupu tərəfindən nəzarət edilən üç kanala (Canale 5, Italia Uno və Retequattro) hökmran mövqedə qalmağa imkan verən müddəaları konstitusiyaya zidd hesab etmişdir. O qeyd etmişdir ki, eyni operatorun milli kanalların ümumi sayının 25 faizindən artıq olmamaq şərti ilə (yəni ümumilikdə üç kanal) televiziya yayımı üzrə bir-neçə lisenziyaya malik ola bilməsinə dair müddəa televiziya kanallarının bir əldə cəmləşməsinin qarşısının alınması üçün yetərli deyil və buna görə də informasiya mənbələrinin çoxluğunun təmin edilməsinə imkan verməməsi səbəbindən bu müddəa Konstitusiyasının 21-ci maddəsinə ziddir. Konstitusiya Məhkəməsi hesab etmişdir ki, dövlətin yayım üzərində monopoliyasından imtina etməsini əsaslandırmaq üçün hökmran mövqeyə malik olmanın qarşısını almağa yönələn qanunvericiliyin mövcud olması mühüm tələbdir. Bu sektorda belə dominant mövqelərin yaradılması sadəcə rəqabət qaydalarının dəyişilməsinə təsir göstərməyəcək, eyni zamanda oliqopoliyanın ortaya çıxmasına səbəb olaraq informasiya mənbələrinin çoxluğu kimi əsas prinsipi pozmuş olacaqdı. Beləliklə, Konstitusiya Məhkəməsi qərara gəlmişdir ki, yayım sektorunda dövlətin mülkiyyətində olan və özəl şirkətlərin sadəcə olaraq birgə mövcudluğu (qarışıq sistem) informasiyanın bir-neçə mənbədən əldə edilməsi hüququna hörmət olunmasının təmini baxımdan qənaətbəxş deyil. O, əvvəllər 826/1988 nömrəli qərarında qeyd etdiyi kimi yenidən təsdiq etmişdir ki, dövlətin mülkiyyətində olan şirkət özəl sektorda hökmran mövqe yaratmağın qarşısını almaqla özü-özlüyündə tarazlığı təmin edə bilməz.
55. 1995-ci ilin 11 iyununda keçirilmiş referendumda italiyalı seçicilər əksəriyyət səs çoxluğu ilə (57 faiz) özəl sahibkarların birdən artıq kanala nəzarət etmələrinin qadağan edilməsi ilə bağlı mövcud qanunvericiliyə təklif olunan dəyişikliyi rədd etmişlər.

F. 249/1997 nömrəli qanun

56. 1997-ci ilin 31 iyul tarixində qəbul edilmiş və 1998-ci ilin 1 avqust tarixində qüvvəyə minmiş 249 nömrəli qanun ilə AGCOM (Autorità per le garanzie nelle comunicazioni) təsis edilmişdir. Qanunun 2-ci maddəsinin 6cı bəndi eyni operatorun ümumi ölkə üzrə yerüstü tezliklərdə fəaliyyət göstərən televiziya kanallarının 20 faizindən artığında yayımı həyata keçirməsinə icazə verən lisenziyalara malik olmasını qadağan etməklə televiziya yayımı sektorunda bir əldə cəmləşmə məsələsinə məhdudiyyətlər qoymuşdur.
57. 3-cü maddənin 1-ci bəndində müəyyən edilmişdir ki, əvvəlki qanunvericilik əsasında yayımı həyata keçirməsinə icazə verilmiş operatorlar yeni lisenziyalar verilənə və ya yeni lisenziya almaq üçün təqdim edilmiş müraciətlər rədd edilənə qədər, lakin hər bir halda 1998-ci il 30 aprel tarixindən sonra olmamaq şərti ilə öz verilişlərinin milli və yerli səviyyədə yayımını davam etdirə bilər.
58. 3-cü maddənin 2-ci bəndinə görə AGCOM ən gec 1998-ci ilin 31 yanvar tarixinə qədər televiziya yayımı sahəsində tezliklərin ayrılması üçün milli plan qəbul etməli idi. Yeni lisenziyalar bu planın əsasında ən gec 1998-ci il 30 aprel tarixinədək verilməli idi.
59. AGCOM 1998-ci il 30 oktyabr tarixində qəbul etdiyi 68 nömrəli qərar ilə tezliklərin ayrılması üzrə milli planı təsdiq etmişdir; sonra 1998-ci il 1 dekabr tarixində qəbul edilmiş 78 nömrəli qərar ilə yerüstü analoq televiziya yayımının həyata keçirilməsi məqsədilə lisenziyaların verilməsi şərtləri və proseduruna dair qaydalar təsdiq edilmişdir.
60. 249/1997 nömrəli qanunun 3-cü maddəsinin 6-cı bəndi ilə keçid cədvəli təsdiq edilmişdir. Bu cədvələ əsasən 2-ci maddənin 6-cı bəndi ilə müəyyən edilmiş bir əldə cəmləşməyə qoyulmuş məhdudiyyətləri aşmış mövcud milli televiziya kanalları (başqa sözlə “dolmuş kanallar”) 1998-ci ilin 30 aprelindən sonra müvəqqəti əsasda yerüstü tezliklərdə yayımı bir şərtlə davam edə bilərdi ki, lisenziyaya malik kanal sahibləri üzərinə qoyulmuş öhdəliklərə əməl olunsun və onların verilişləri eyni vaxtda peyk və ya kabel vasitəsilə ilə də yayımlansın.
61. Həmin qanunun 3-cü maddəsinin 7-ci bəndi AGCOM-a həvalə edirdi ki, kabel və ya peyk televiziyasının tamaşaçılarının sayının real və əhəmiyyətli dərəcədə artımını nəzərə alaraq dolmuş kanalların yerüstü tezliklərdən imtina etməklə yalnız peyk və ya kabel vasitəsilə ilə yayımı həyata keçirəcəkləri tarixi müəyyənləşdirsin.

G. Konstitusiya Məhkəməsinin 466/2002 nömrəli qərarı

62. 2002-ci il 20 noyabr tarixində Konstitusiya Məhkəməsi 249/1997 nömrəli qanunun 3-cü maddəsinin 7-ci bəndi ilə bağlı qərar qəbul etmişdir. O qeyd etmişdir ki, həmin normada təsbit edilmiş keçid müddəti məqbul sayılma bilər. Belə ki, qanunun qəbul edildiyi vaxt İtaliyada yayımın alternativ vasitələrinin ənənəvi analoq yayımına münasibətdə rəqabət saxlaya bildiyini bəyan etmək mümkün deyil. Buna görə də rəqəmsal yayımın inkişafını təşviq etmək üçün keçid müddətinin tətbiq edilməsinə ehtiyac duyulurdu. Bununla belə, Konstitusiya Məhkəməsi keçid müddətinin sona çatma tarixinin dəqiq müəyyən edilməməsinin konstitusiyaya zidd olduğunu bəyan etmişdir. AGCOM-un 346/2001 nömrəli qərarında təsbit olunmuş və İtaliyanın kabel və peyk televiziya tamaşaçılarının sayının tədqiqinə əsaslanmış texniki rəyə istinad edən məhkəmə qərara gəlmişdir ki, 2003-cü il 31 dekabr tarixi keçid müddətinin sona çatması üçün ağlabatan müddət olmuşdur.
Konstitusiya Məhkəməsi xüsusilə qeyd etmişdir ki:
“… hazırda İtaliyada mövcud olan və milli səviyyədə analoq rejimdə fəaliyyət göstərən özəl televiziya sistemi tezliklərin sadəcə olaraq de facto zəbt edilməsi (qurğuların lisenziya və icazə olmadan fəaliyyət göstərməsi) vəziyyətində ortaya çıxmış və bu zaman heç də tezliklərin bölüşdürülməsində daha çox plüralizmə nail olunması və yerüstü yayımın lazımı şəkildə planlaşdırılması istəyi öndə gəlməmişdir…Buna görə də bu de facto vəziyyət məlumatın Konstitusiya Məhkəməsinin müvafiq presedent hüququ ilə “mühüm tələb” kimi təsbit edilmiş xarici plüralizminə hörmət edilməsini təmin etmir…Bu kontekstdə 420/1994 nömrəli qərar ilə qanunsuz hesab edilmiş bu vəziyyətin dəyişmədiyini (və ağırlığını) və 1997ci ildə qanun ilə “dolmuş” hesab edilmiş kanalların fəaliyyətinin davam etməsini nəzərə alaraq konstitusyonal qaydalara uyğunluğun təmin olunması məqsədilə tam müəyyən, qəti və məcburi olan son müddət təsbit edilməlidir…”

H. 66/2001 nömrəli qanun

63. 2001-ci ilin 23 yanvar tarixində qəbul edilmiş və 2001-ci il 20 mart tarixində dəyişikliklər edildikdən sonra 66 nömrəli qanuna çevrilmiş qanunvericilik aktı yerüstü tezliklərdə qanuni yolla televiziya yayımı ilə məşğul olan operatorlara rəqəmsal televiziya üçün tezliklərin ayrılması üzrə milli planın icra edilməsinə qədər yayımı davam etdirməyə icazə vermişdir.
64. 1-ci maddədə müəyyən edilmişdir ki, lisenziya almış, lakin hazırda yayımı həyata keçirməyən operatorlar qanunverici aktın qüvvəyə minməsindən sonra qanuni istifadədə olan yayım qurğuları və bağlantılarını satın ala bilərlər. 2-ci maddədə qeyd edilir:
“Rəqəmsal yerüstü televiziya bazarının açılmasını təmin etmək məqsədilə qanuni şəkildə peyk və ya kabel vasitəsilə rəqəmsal televiziya yayımını həyata keçirən operatorlar artıq analoq tezliklərdə yayımlanmış verilişləri eyni vaxtda təkrar etməklə sınaqlar apara bilərlər”.

I. 2004-cü il 24 fevral tarixli 43 nömrəli qanun və 2004-cü il 3 may tarixli 112 nömrəli qanun

65. 2003-cü il 24 dekabr tarixində qəbul edilmiş və 2004-cü il 24 fevralda dəyişikliklər edildikdən sonra 43 nömrəli qanun kimi tanınmış 352 nömrəli qanunvericilik aktının 1-ci maddəsi dolmuş kanallara rəqəmsal televiziya kanallarının inkişafı ilə bağlı araşdırmanın başa çatmasına qədər analoq və rəqəmsal televiziya şəbəkələrində yayımı davam etdirməyə icazə vermişdir.
66. 2004-cü 3 may tarixli 112 nömrəli qanun (“Qasparri qanunu”) yerüstü tezliklər üzrə rəqəmsal yayıma başlanılmasının müxtəlif mərhələlərini təsbit etmişdir.
67. Qanunun 23-cü maddəsində qeyd edilir:
“1. Rəqəmsal televiziya üçün tezliklərin ayrılması üzrə milli planın icra edilməsinə qədər hər hansı əsasla milli və ya yerli səviyyədə televiziya yayımı ilə məşğul olan və 2001-ci il 20 mart tarixində dəyişikliklər edildikdən sonra 66 nömrəli qanun kimi tanınmış 2001-ci il 23 yanvar tarixli 5 nömrəli qanunvericilik aktına uyğun olaraq yerüstü rəqəmsal yayım sınaqları üçün icazənin əldə edilməsi ilə bağlı zəruri olan tələblərə cavab verən operatorlar şəbəkələrin dəyişdirilməsi başa çatana qədər artıq analoq tezliklərdə yayımlanmış verilişləri eyni vaxtda təkrar etmək də daxil olmaqla belə sınaqları davam etdirə və bu qnunun qüvvəyə minməsindən sonra yerüstü rəqəmsal televiziya yayımının həyata keçirilməsi üçün zəruri olan lisenziya və icazələrin əldə edilməsi ilə bağlı müraciət edə bilərlər.
2. Rəqəmsal yayım sınaqları bu qanunun qüvvəyə mindiyi zaman analoq tezliklərdə qanuni şəkildə yayımın həyata keçirilməsi üçün istifadə olunan qurğular vasitəsilə aparıla bilər.
3. Rəqəmsal şəbəkələrin yaradılmasına icazə verilməsi məqsədilə milli və ya yerli səviyyədə qanuni televiziya yayımı ilə məşğul olan operatorlar arasında qurğu və birləşmələrin rəqəmsal yayımı həyata keçirmək üçün istifadə edilmələri şərti ilə ötürülməsinə icazə verilməlidir.

5. Bu qanunun qüvvəyə mindiyi tarixdən başlayaraq yuxarıda 1-ci yarımbənddə göstərilmiş və əhalinin və ya xidmət göstərilən ərazinin ən azı 50 faizini əhatə etdiklərini təsdiq edə biləcəkləri lisenziya və ya ümumi icazə əsasında qanuni şəkildə televiziya yayımı ilə məşğul olan şəxslərin xahişi ilə televiziya kanalı işlətmələri üçün lisenziya veriləcək.

9. Analoq sistemdən rəqəmsal sistemə keçilməsini asanlaşdırmaq məqsədilə televiziya verilişlərinin yayımı bu qanunun qüvvəyə mindiyi tarixdə qanuni şəkildə fəaliyyət göstərən qurğular vasitəsilə həyata keçiriləcək…”

68. AGCOM 2003-cü il 29 yanvarda milli və regional kanallara tezliklərin ayrılmasının “birinci səviyyəli” planını və 2003-cü il 12 noyabrda “birinci səviyyəli planı” “ikinci səviyyəli plan” (yerli kanallara tezliklərin ayrılması) ilə əvəz edən “vahid plan”ı təsdiq etmişdir.

J. Mülki Məcəllənin 2043-cü maddəsi

69. Bu maddədə qeyd edilir ki:
“Qanunsuz hərəkəti ilə başqasına ziyan vurmuş şəxs mülki qanunvericilik əsasında vurulmuş ziyanı ödəməlidir”.

III. MÜVAFİQ BEYNƏLXALQ SƏNƏDLƏR

A. Avropa Şurasının sənədləri

70. Mətbuat sahəsində plüralizmə təkan verilməsi ilə bağlı Nazirlər Komitəsinin üzv dövlətlərə R (99) 1 nömrəli tövsiyəsi
71. Nazirlər Komitəsinin nazir müavinləri səviyyəsində 1999-cu il 19 yanvar tarixində keçirilmiş 656-cı iclasında qəbul edilmiş bu tövsiyəsinin müvafiq hissələrində qeyd edilir:
“Nazirlər Komitəsi Avropa Şurası Statunun 15.b maddəsinin şərtləri əsasında,

Həmçinin mətbuatın, xüsusilə ictimai yayım sektorunun cəmiyyətin müxtəlif qrupları və maraqlarına, o cümlədən dil, sosial, iqtisadi, mədəni və ya siyasi azlıqlara özlərini ifadə edə bilmələri üçün imkan yaratmalı olduğunu vurğulayaraq;
Milli, regional və yerli səviyyələrdə çoxsaylı muxtar və müstəqil mətbuatın mövcudluğunun bir qayda olaraq plüralizm və demokratiyaya təkan verdiyini qeyd edərək;
Mətbu yayımların və onların məzmunun siyasi və mədəni baxımdan çox şaxəliliyinin mətbuat sahəsində plüralizm üçün mərkəzi əhəmiyyətə malik olduğunu xatırladaraq;
Dövlətlərin Avropa İnsan Hüquqları Konvensiyasının fikri ifadə etmək və informasiya azadlığını təmin edən 10-cu maddəsinə uyğun olaraq və mətbuatın müstəqilliyi prinsipinə lazımı şəkildə hörmət göstərməklə mətbuat sahəsindəki siyasətini inkişaf etdirərək siyasi və mədəni plüralizmə təkan verməli olduqlarını vurğulayaraq;

Yeni kommunikasiya texnologiyaları və xidmətləri sahəsində rəqəmsal televiziya xidmətlərindən müəyyən şərtlərə əməl etməklə istifadə üzərində nəzarət kimi maneələrin olması ilə bağlı halların artıq mövcud olduğunun qeyd edərək; Həmçinin yayım, telekommunikasiya və kompüter sektorları arasında texnologiya sahəsində yaxınlaşma yaratmaqla hökmran mövqelərin yaradılması və mətbuatın bir əldə cəmləşməsi hallarının inkişafına kömək edilməsinin mümkün olduğunu qeyd edərək;

Mətbuat sahəsindəki qurumlar, o cümlədən yeni kommunikasiya xidmətlərinin məzmun və xidmət tədarükçüləri üzərində nəzarət sahəsində şəffaflığın plüralist mətbuat mühitinin mövcudluğuna töhfə verə biləcəyinə inanaraq;

Mətbuatda plüralizm ilə bağlı Sərhədboyu televiziyaya dair Avropa Konvensiyasına dəyişiklik edən Protokolda öz əksini tapmış müddəaları xatırladaraq;
Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar çərçivəsində mətbuatın bir əldə cəmləşməsi və mətbuatda plüralizm sahələrində həyata keçirilmiş işi nəzərə alaraq, Üzv dövlətlərin hökumətlərinə tövsiyə edir ki:
i. bu tövsiyəyə əlavədə əks olunmuş tədbirləri araşdırsınlar və mətbuatda plüralizmə təkan verilməsi məqsədilə lazım olan yerlərdə bu müddəaların milli qanunvericiliyə daxil edilməsi və ya milli təcrübədə istifadə olunması məsələsini nəzərdən keçirsinlər; ii. plüralizmin və/və ya bir əldə cəmləşməyə qarşı mexanizmlərin inkişaf etdirilməsi üçün mövcud tədbirlərin səmərəliliyini müntəzəm olaraq dəyərləndirsinlər və mətbuat sahəsində iqtisadi və texnoloji inkişaf fonunda bu tədbirlərə yenidən baxılması zərurətinin olub-olmadığını araşdırsınlar”.

2. Rəqəmsal yayımın demokratik və sosial töhfəsinin inkişaf etdirilməsi tədbirlərinə dair Nazirlər Komitəsinin üzv dövlətlərə Rec(2003)9 nömrəli tövsiyəsi

72. Nazirlər Komitəsinin 2003-cü il 28 may tarixində nazir müavinləri səviyyəsində keçirilmiş 840-cı iclasında qəbul edilmiş tövsiyəsinin müvafiq hissələrində qeyd edilmişdir ki:
“…
Fikri ifadə etmək və informasiya azadlığına dair 1982-ci il 29 aprel tarixli bəyannaməsində də qeyd edildiyi kimi ideya və fikir müxtəlifliyinin əks etdirilməsinə imkan yaradan çox saylı müstəqil və muxtar mətbuatın mövcudluğunun demokratik cəmiyyətlər üçün vacib olduğunu xatırladaraq;
Kütləvi informasiya vasitələri ilə bağlı siyasət üzrə 4-cü Avropa Nazirləri Konfransında (Praqa, 1994-cü il 7-8 dekabr) qəbul edilmiş İctimai yayımın gələcəyinə dair 1 saylı qətnaməni nəzərə alaraq və İctimai yayımın müstəqilliyinin təmin edilməsinə dair R (96) 10 nömrəli tövsiyəni xatırladaraq;
Yayım mətbuatının və xüsusilə ictimai yayımın müasir demokratik cəmiyyətlərdə bu cəmiyyətlərin siyasi, hüquqi və sosial quruluşlarının əsasını təşkil edən dəyərlərin, xüsusilə insan hüquqlarına hörmət edilməsi, mədəni və siyasi plüralizmin təmin olunmasını dəstəkləmək kimi xüsusi rola malik olduğunu vurğulayaraq;

Rəqəmsal mühitdə kanalların sayının artması ilə yanaşı mətbuat sahəsində xüsusilə qloballaşma kontekstində bir əldə cəmləşmə hallarının hələ də sürətlə getdiyini qeyd edərək və Mətbuatda plüralizmin inkişaf etdirilməsi tədbirlərinə dair R (99) 1 nömrəli tövsiyədə təsbit olunmuş prinsipləri, xüsusilə mətbuat qurumuna sahiblik, platformalardan istifadə və mətbuatın məzmununun çox şaxəliliyinə dair prinsipləri üzv dövlətlərə xatırladaraq;

Tövsiyə edir ki, üzv dövlətlərin hökumətləri əlavədə əks olunmuş prinsipləri nəzərə alaraq:
a. sərhədboyu xidmətlərdən istifadə imkanlarının qorunub saxlanması və mümkün olduğu qədər genişləndirilməsi də daxil olmaqla yayım xidmətlərində plüralizmi və ictimaiyyətin geniş seçimli və müxtəlif keyfiyyətli proqramlara baxmasını təmin edən rəqəmsal yayımın inkişafı üçün adekvat hüquqi və iqtisadi şərait yaratsınlar;
b. bu sektorda bir əldə cəmləşmə hallarına qarşı tarazlıq yaratmaq məqsədilə mətbuatda plüralizmi qorusunlar və zəruri olduqda onun müdafiə edilməsi və ona təkan verilməsi üçün pozitiv xarakterli tədbirlər görsünlər;
…”
3. Mətbuatda plüralizm və mətbuatın məzmunun müxtəlifliyinə dair Nazirlər Komitəsinin üzv dövlətlərə CM/Rec(2007)2 nömrəli tövsiyəsi

73. Nazirlər Komitəsinin 2007-ci il 31 yanvar tarixində nazir müavinləri səviyyəsində keçirilmiş 985-ci iclasında qəbul edilmiş tövsiyəsinin müvafiq hissələrində qeyd edilmişdir ki:
“…
İnsan hüquqları və əsas azadlıqlar haqqında Konvensiyanın (ETS nömrə 5) dövlət orqanlarının müdaxiləsi və sərhəd məhdudiyyəti olmadan fikri ifadə etmək azadlığını və informasiya əldə etmək və yaymaq azadlığını təmin edən 10-cu maddəsini xatırladaraq;
Bütün növ informasiyanın sərhəd məhdudiyyəti olmadan sərbəst axımını və geniş şəkildə yayılmasını vurğulayan Fikri ifadə etmək və informasiya azadlığı haqqında 1982-ci il 29 aprel tarixli bəyannamənin beynəlxalq anlaşma, insanları bir araya gətirmə və mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsi üçün mühüm amil olduğunu xatırladaraq;
Yayım sektorunda tənzimləyici dövlət orqanlarının müstəqilliyi və funksiyalarına dair Rec(2000)23 nömrəli tövsiyəsini və bu tövsiyənin yayımı tənzim edən qurumların siyasi, maliyyə və əməliyyat baxımından müstəqilliyinin vacibliyini vurğulayan İzahedici Memorandumunu xatırladaraq;
Rəqəmsal yayımın demokratik və sosial töhfəsinə təkan verilməsi istiqamətində tədbirlərə dair Rec(2003)9 nömrəli tövsiyədə bəyan edildiyi kimi müasir cəmiyyətdə rəqəmsal texnologiyaların yaratdığı imkanlar, həmçinin onlarla bağlı potensial riskləri xatırladaraq;
Müddəaları birlikdə mətbuat sahəsində tətbiq edilməli olan Mətbuatda plüralizmə təkan verilməsinə yönəlmiş tədbirlər haqqında R (99) 1 nömrəli tövsiyəsini və Mətbuatda şəffaflığa təkan verilməsinə yönəlmiş tədbirlər haqqında R (94) 13 nömrəli tövsiyəsini xatırladaraq;
R (99) 1 və R (94) 13 nömrəli tövsiyələrin qəbul edilməsindən sonra mühüm texnoloji inkişafın baş verdiyini və bunun bu mətnlərin Avropanın mətbuat sektorunda mövcud olan hazırkı vəziyyətə uyğunlaşdırılması məqsədilə onlara dəyişiklik edilməsini zəruri etdiyi qeyd edilərək;

Mətbuatda plüralizmin və mətbuatın məzmun baxımından çox şaxəliliyinin demokratik cəmiyyətin fəaliyyəti üçün əhəmiyyətli olduğunu və İnsan hüquqları və əsas azadlıqlar haqqında Konvensiyanın 10-cu maddəsi ilə təmin olunmuş fikri ifadə etmək və informasiya azadlığı kimi əsas hüquqdan irəli gəldiyini bir daha təsdiq edərək;
İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında konvensiyanın 10-cu maddəsindən irəli gələn tələblərin yalnız hər bir insana müxtəlif mənbələrdən əldə olunmuş informasiya əsasında fikrini formalaşdırmağa imkan verildiyi halda təmin olunacağını nəzərə alaraq;
Mətbuatın xüsusilə cəmiyyətdə mövcud olan müxtəlif qruplara, o cümlədən mədəni, dil, etnik, dini və ya digər azlıqlar üçün informasiya əldə etmək və yaymaq, fikirlərini ifadə etmək və fikir mübadiləsi aparmaq imkanı yaratmaqla ictimai müzakirələr, siyasi plüralizm və fikir müxtəlifliyinin təşviq edilməsi işinə həlledici töhfə verdiyini tanıyaraq;

Fikir və ideyaların plüralist ifadəsinə, həmçinin mədəni müxtəlifliyin qorunması və onlara fəal şəkildə təkan verilməsi məqsədilə üzv dövlətlərin mövcud tənzimləyici aktları, xüsusilə mətbuat qurumuna sahiblik məsələləri ilə bağlı aktları vəziyyətə uyğunlaşdırmalı olduqlarını və mətbuatın şəffaflığı və struktur plüralizmi, həmçinin yayılan məzmunun müxtəlifliyini təmin etmək məqsədilə istənilən zəruri tənzimləyici və maliyyə tədbirlərini görməli olduqlarını bir daha təsdiq edərək;

Milli mətbuat sahəsində siyasətin eyni zamanda bazarların qloballaşması kontekstində yerli mətbuat şirkətlərinin rəqabət qabiliyyətini qorumağa yönəldilə biləcəyini və transmilli mətbuatın bir əldə cəmləşməsi fenomeninin məzmunun müxtəlifliyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, Üzv dövlətlərin hökumətlərinə tövsiyə edir ki:
i. aşağıda təsbit edilmiş tədbirlərin milli qanunvericilik və ya təcrübədə əks etdirilməsini nəzərdən keçirsinlər; ii. mətbuatda plüralizm və məzmun müxtəlifliyinə təkan verməyə yönələn mövcud tədbirlərin səmərəliliyini milli səviyyədə müntəzəm olaraq qiymətləndirsinlər və mətbuatın iqtisadi, texnoloji və sosial inkişafı fonunda onların dəyişdirilməsinə zərurətin olub-olmadığını araşdırsınlar;
iii. mətbuatın strukturu, daxili qanunvericilik və bir əldə cəmləşmə və mətbuatın müxtəlifliyi ilə bağlı məlumat mübadiləsi aparsınlar.

Tövsiyə olunan tədbirlər

I. Mətbuatda struktur plüralizminə təkan verən tədbirlər
1. Ümumi prinsiplər
1.1. Üzv dövlətlər mətbuat bazarının xüsusiyyətlərini, xüsusilə onun spesifik kommersiya və rəqabət aspektlərini nəzərə alaraq ictimaiyyətin istər özəl, istərsə də dövlət mülkiyyətində olan qurumlar tərəfindən kifayət qədər müxtəlif çeşiddə mətbu nəşrlərdən yararlana bilməsini təmin etməlidirlər.

1.2. Mədəniyyət sahəsində müxtəliflik və fikir və ideyaların plüralist ifadəsi ilə bağlı tələblərə əməl edilməsini təmin etmək üçün mətbuat sektorunda ümumi rəqabət qaydalarının tətbiqinin və istifadə imkanı ilə bağlı qaydaların kifayət etmədiyi hallarda üzv dövlətlər xüsusi tədbirlər görməlidirlər.

1.4. Üzv dövlətlər tənzimləyici aktlarını uyğunlaşdıran zaman siyasi hakimiyyət və ya təsirin həyata keçirilməsi ilə mətbuat və ya onun məzmunu ilə bağlı qərarların qəbul edilməsi üzərində nəzarət arasında səmərəli və açıq-aşkar sərhəd qoyulması zərurətinə xüsusi önəm verməlidirlər.

4. Plüralizm və müxtəlifliyə töhfə verən digər mətbuat
Üzv dövlətlər plüralizm və müxtəlifliyə töhfə verə biləcək və dialoq üçün məkan yarada biləcək mətbuatın inkişafını təşviq etməlidirlər. Bu mətbuat misal üçün icma, yerli, azlıq və ya sosial mətbuat formasında ola bilər. …
II. Məzmun müxtəlifliyinə təkan verən tədbirlər

3. Yayım üçün lisenziyaların ayrılması və məcburi verilişlər / məcburi təkliflər haqqında qanun
3.1. Üzv dövlətlər mətbuat qurumları tərəfindən müxtəlif məzmunda yayımların istehsalı və verilməsinə təkan vermək və onun üzərində nəzarəti həyata keçirmək məqsədilə ilkin tədbirlərin görülməsini nəzərdən keçirməlidirlər. Yayım sektorunda belə tədbirlər yayıma verilən lisenziyalarda müəyyən həcmdə orijinal verilişlərin, xüsusilə xəbərlər və mövcud vəziyyət ilə bağlı proqramların yayım qurumları tərəfindən istehsal və ya sifariş edilməsini tələb etmə şəklində ola bilər.
3.2. Üzv dövlətlər xüsusilə proqramların və bununla əlaqədar xidmətlərin mərkəzləşmiş qaydada verilişi kimi başa düşülən sindikatlaşmanın plüralizmi təhlükə altına almamasını təmin edən plüralist yerli mətbuat mühitinin qorunub saxlanması məqsədilə qaydaların qəbul edilməsi məsələsini nəzərdən keçirməlidirlər. 3.3. Üzv dövlətlər zəruri olan yerlərdə kabel şəbəkələrindən başqa digər yayım vasitələri və tədarük platformaları üçün məcburi veriliş qaydalarının qəbul edilməsi məsələsini nəzərdən keçirməlidirlər. Bundan əlavə, üzv dövlətlər rəqəmsal yayıma keçid, xüsusilə şəbəkələrin imkanlarının artması və müxtəlif şəbəkələrin yayılması fonunda onların müəyyən edilmiş ümumi məqsədlərə cavab verməyə davam etməsini təmin etmək məqsədilə dövri olaraq məcburi verilişlərə dair qaydalarına yenidən baxmalıdırlar. Üzv dövlətlər ictimai yayım mətbuatı və əsas kommersiya mətbuat şirkətlərinin kanallarından yayımı həyata keçirmək istəyən şəbəkə operatorlarının istifadə edə bilməsi üçün məcburi verilişlərə dair qaydalar ilə yanaşı məcburi təklif öhdəliyinin də mümkünlüyünü araşdırmalıdırlar. Əldə olunan istənilən nəticə müəlliflik öhdəliklərini nəzərə almalıdır”.
4. İtaliyada elektron mətbuatda inhisarlaşmaya və hakimiyyətdən suiistifadənin mümkünlüyünə dair Parlament Assambleyasının 1387 (2004) nömrəli qətnaməsi

74. Parlament Assambleyası tərəfindən 2004-cü il 24 iyun tarixində qəbul edilmiş qətnamədə qeyd edilmişdir:
“1. İtaliya Avropa Şurasını yaradan ölkələrdən biridir və təşkilatın üzərində qurulduğu idealları güclü şəkildə dəstəkləyir. Buna görə də Parlament Assambleyası siyasi, kommersiya və mətbuat hakimiyyətinin bir şəxsin, Baş nazir Silvio Berluskoninin əlində cəmləşməsindən narahatlıq keçirir.
2. Parlament Assambleyası bu anomaliyanın yalnız potensial problem yaratması mülahizəsi əsasında əhəmiyyətinin azaldılması mövqeyini qəbul edə bilməz. Demokratiya barədə yalnız onun gündəlik fəaliyyəti əsasında deyil, dövlətin öz vətəndaşlarına münasibətdə və beynəlxalq aləm qarşısında rəhbər tutduğu prinsiplərə görə də mülahizə yürüdülür. Assambleya xatırladır ki, İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna uyğun olaraq dövlətlər mətbuatda plüralizmi qorumaq və zəruri olan hallarda isə onun qorunması və inkişaf etdirilməsi məqsədilə pozitiv xarakterli tədbirlər görmək vəzifəsini daşıyırlar.

3. Assambleya təəssüf hissi ilə bildirir ki, 1994-cü ildən bəri İtaliya hökuməti maraqlar münaqişəsi məsələsini həll edə bilməmiş və hazırkı parlament tərəfindən müvafiq qanun hələ də qəbul edilməmişdir. O, hazırda müzakirə edilən Frattini qanun layihəsinin əsas prinsipi olan sahibkarların deyil, menecerlərin məsuliyyət daşıması ideyasının cənab Berluskoni ilə bağlı maraqlar münaqişəsi məsələsinin əsl və hərtərəfli həllinə imkan yaratdığı fikri ilə razılaşmır.
4. İtaliyanın əsas kommersiya xarakterli kommunikasiya və yayım qrupu və dünyanın ən böyüklərindən biri olan Mediaset vasitəsilə cənab Berluskoni bütün ölkə ərazisində həyata keçirilən yayım xidmətinin demək olar ki, yarısının sahibidir. Hökumətin başçısı vəzifəsi ona dolayı yolla Mediaset-in əsas rəqibi olan ictimai yayım qurumu RAI-yə təsir etmək imkanı verir. Mediaset və RAI birlikdə televiziya auditoriyasının 90 faizinə və bu sektordakı resursların dörddə üçünə malik olduqlarından cənab Berluskoni İtaliyanın ən güclü mətbuat qurumu üzərində görünməmiş nəzarəti həyata keçirir.
5. Özü-özlüyündə televiziya bazarında iki qurumun inhisarçılığı (duopoliya) antiinhisarçılıq perspektivindən anomaliyadır. Mətbuatda plüralizmə təsir edən hüquq normalarının iki dəfə konstitusiyaya zidd elan edilməsinə baxmayaraq status quo qorunub saxlanmış və hakimiyyət orqanları RAI və Mediaset-in üç kanalının hökmran mövqeyini bərqərar etmişdir. Baş nazir tərəfindən bu yaxınlarda qəbul edilərək parlament tərəfindən təsdiq edilmiş və RAI ilə Mediaset-in Retequattro kanallarının yeni qanun qəbul edilənə qədər mövcud antiinhisar məhdudiyyətlərini pozmaqla fəaliyyətlərini davam etdirməsinə icazə verilməsi bu vəziyyətin inikasıdır. Mətbuat sahəsində rəqabəti təhrif edən başqa bir fakt isə Mediaset-in reklam şirkəti olan Publitalia ’80 şirkətinin televiziya reklamı sahəsində hökmran mövqeyə malik olması ilə bağlıdır. Assambleya hökumət tərəfindən 1999-cu ildə keçirilmiş tenderin qalibi olmuş Europa 7 potensial milli yayım qurumunun Mediaset-in Retequattro kanalı tərəfindən tutulmuş tezliklərdə yayımı həyata keçirməkdən hələ də kənarlaşdırılmasından təəssüf hissi keçirir.
6. Assambleya inanır ki, yayım sektorunda islahatlar ilə bağlı yeni qəbul edilmiş “Qasparri qanunu” yalnız rəqəmsal yayıma keçid prosesində televiziya kanallarının sayının artırılması ilə daha geniş plüralizmi səmərəli şəkildə təmin edə bilməz. Eyni zamanda o, açıq şəkildə Mediaset qurumuna fəaliyyətini daha da genişləndirmək imkanı verir. Belə ki, o, bazarın iştirakçılarına bütünlükdə vahid kommunikasiya sistemində (SIG) antiinhisar məhdudiyyətlərinə hətta çatmadan belə müəyyən sektorda inhisara malik olmaq imkanı verir. Assambleya qeyd edir ki, bu narahatlıqlar Respublikanın Prezidentinin qanunun ilkin redaksiyasını rədd etməsinə səbəb olmuşdur.
7. Assambleya RAI-dəki vəziyyətin İctimai yayıma dair 1641 (2004) nömrəli tövsiyəsində əks olunmuş müstəqillik prinsiplərinə zidd olmasından xüsusi narahatlıq keçirir. RAI daima ölkənin siyasi sisteminin güzgüsü rolunda çıxış etmişdir və onun daxili plüralizmi keçmişdə hökmran siyasi ideologiyaların proporsional təmsilçiliyindən hazırkı siyasi sistemi əks etdirən qalib hər şeyi əldə edir yanaşmasına qədər dəyişmişdir. Assambleya RAI-nin prezidenti və ölkənin ən nüfuzlu jurnalistlərindən birinin İdarə Şurasında tarazlaşdırılmış siyasi təmsilçiliyin olmaması və RAI-nin verilişlərinin seçilməsinə siyasi təsir edilməsinə etiraz əlaməti olaraq istefa verdiklərini narahatlıq hissi ilə qeyd etmişdir.
8. İtaliyada ənənəvi olaraq çap mətbuatı yayım sektorundan fərqli olaraq daha geniş plüralizm və siyasi tarazlıq təmin etsə də, italyanların əksəriyyəti xəbərləri televiziya vasitəsilə alırlar. Televiziya reklamı ilə müqayisədə qəzetlərin qiymətinin yüksək olması İtaliyanın çap mətbuatına ziyan vurur. Bununla belə, Assambleya qəzet oxucularının sayının artırılması məqsədilə hökumətin xırda və orta nüfuzlu qəzetlərə kömək edilməsi istiqamətində gördüyü tədbirləri bəyəndiyini qeyd etmək istəyir.

9. Assambleya cənab Berluskoni ilə bağlı maraqlar münaqişəsi səbəbindən İtaliyanın beynəlxalq aləmdəki neqativ imicinin Avropa Şurasının yeni demokratik ölkələrdə müstəqil və qərəzsiz mətbuatın inkişaf etdirilməsi məqsədilə göstərdiyi səylərə zərbə vura biləcəyindən son dərəcə narahatdır. O hesab edir ki, Təşkilatın fəaliyyətinə ən böyük töhfələrdən birini verən İtaliya bu baxımdan xüsusi məsuliyyət daşıyır.
10. Assambleya qeyd edir ki, ATƏT-in Mətbuat azadlığı üzrə nümayəndəsi və ən son Avropa Parlamenti kimi bir sıra beynəlxalq qurumlar onun kimi oxşar narahatlığı ifadə etmişlər. O, Avropa İttifaqı və xüsusilə İtaliyada fikri ifadə etmək və informasiya azadlığının pozulması riskinə dair (Əsas hüquqlar haqqında xartiyanın 11-ci maddəsinin 2-ci bəndi) Avropa Parlamentinin 2004-cü il 22 aprel tarixli qətnaməsində mətbuatda plüralizmin qorunması üçün təklif olunmuş tədbirləri, xüsusilə mətbuatda müxtəlifliyin qorunmasının Avropa İttifaqının rəqabət hüququnda prioritet məsələ olması ilə bağlı fikirləri alqışlayır.
11. Buna görə də Assambleya İtaliya Parlamentini aşağıdakıları etməyə dəvət edir:

i. təcili şəkildə şirkətlərə sahiblik və onlar üzərində nəzarət ilə dövlət orqanlarında vəzifə tutmaq arasındakı maraqlar münaqişəsinin həllinə yönələn və ən yüksək səviyyədə dövlət orqanlarında vəzifənin icrası ilə bağlı maraqlar münaqişəsi yarandığı təqdirdə cəzaların tətbiqini nəzərdə tutan qanun qəbul etmək;

ii. xüsusilə Nazirlər Komitəsi tərəfindən 2004-cü il 12 fevral tarixində qəbul edilmiş Mətbuatda siyasi müzakirələrin azadlığına dair bəyannaməni nəzərə alaraq qanunvericilik və digər tənzimləyici tədbirlərin mətbuata uzun müddət ərzində davam edən müdaxilələrə son qoymasını təmin etmək;

iii. Nazirlər Komitəsinin Mətbuatda plüralizmə təkan verilməsi istiqamətində tədbirlərə dair R (99) 1 nömrəli tövsiyəsində əks olunmuş prinsiplərə uyğun olaraq xüsusilə aşağıdakı yollarla Qasparri qanununda dəyişiklik etmək:

a. SIG daxilində müvafiq bazarlarda hökmran mövqelərin ortaya çıxmasının qarşısını almaqla;
b. hazırkı RAI-Mediaset ikili inhisarlığına (duopoliyasına) son qoymaq üçün xüsusi tədbirlər görməklə;
c. rəqəmsal yayıma keçmənin məzmunun plüralizmini təmin etməsi məqsədilə xüsusi tədbirlər görməklə.

12. Assambleya İtaliya Hökumətini aşağıdakıları etməyə dəvət edir:
i. RAI-nin fəaliyyətinin Assambleyanın İctimai yayıma dair 1641 (2004) nömrəli tövsiyəsinə, Praqada keçirilmiş 4-cü Avropa Nazirləri Konfransında qəbul edilmiş Kütləvi informasiya vasitələri ilə bağlı siyasətə dair bəyannaməyə və Nazirlər Komitəsinin İctimai yayımın müstəqilliyinin təmin olunmasına dair R (96) 10 nömrəli və Rəqəmsal yayımın demokratik və sosial sahələrə töhfəsinə təkan verilməsi istiqamətində tədbirlərə dair Rec (2003) 9 nömrəli tövsiyələrinə uyğun həyata keçirilməsini təmin etmək üçün tədbirlər görmək;

ii. Avropa səviyyəsində mətbuatda daha geniş plüralizmə təkan verilməsi məqsədilə Avropa Şurası və Avropa İttifaqı çərçivəsində təşəbbüslər təklif etmək və onları dəstəkləməklə müsbət beynəlxalq nümunə nümayiş etdirmək.
13. Assambleya Qasparri qanunu və Frattini qanun layihəsinin xüsusilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ nəzərə alınmaqla Avropa Şurasının fikri ifadə etmək azadlığı və mətbuatda plüralizm sahəsində mövcud olan standartlarına uyğun gəlib-gəlmədiyinə dair rəy verməyi Venesiya Komissiyasından xahiş edir”.

5. “Qasparri” və “Frattini” qanunlarının Avropa Şurasının fikri ifadə etmək azadlığı və mətbuatda plüralizm sahəsində mövcud olan standartlarına uyğunluğu barədə Venesiya Komissiyasının rəyi

75. Venesiya Komissiyasının 63-cü plenar iclasında (2005-ci il 10-11 iyun) qəbul edilmiş rəyin hazırkı iş ilə bağlı hissələrində qeyd edilir:
“Avropa Şurasının Parlament Assambleyası Venesiya Komissiyasından İtaliyanın yayım sistemi (“Qasparri qanunu”) və maraqlar münaqişəsinə (“Frattini qanunu”) dair iki qanununun Avropa Şurasının fikri ifadə etmək azadlığı və mətbuatda plüralizm sahəsində mövcud olan standartlarına uyğun gəlib-gəlmədiyinə dair rəy verməyi xahiş etmişdir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ bu məsələ ilə bağlı xüsusi norma nəzərdə tutmasa da, məhkəmənin təcrübəsindən irəli gələn bəzi prinsiplər mövcuddur: in primis fikri ifadə etmək azadlığı demokratik cəmiyyətdə, xüsusilə onun mətbuat vasitəsilə informasiya və ümumi maraq doğuran və bununla yanaşı ictimaiyyətin almaq hüququ olduğu ideyaların yayılmasına xidmət göstərdiyi yerlərdə əhəmiyyətli rola malikdir və dövlət xüsusilə verilişləri tez-tez daha geniş şəkildə yayımlanan audiovizual mətbuata münasibətdə plüralizmin əsas təminatçısı kimi çıxış edir. …
Mətbuatda plüralizmə milli, regional və yerli səviyyələrdə müxtəlif siyasi və mədəni nöqteyi-nəzərləri əks etdirən fərqli mətbuat məzmununu təmin edən muxtar və müstəqil mətbuatın çoxluq təşkil etdiyi zaman nail olunur. Komissiyanın rəyinə görə daxili plüralizmə hər bir mətbuat sektorunda eyni anda nail olunmalıdır: misal üçün, çap mətbuatı sahəsində plüralizmin təmin olunması, lakin televiziyada bunun mövcud olmaması qəbuledilməz olacaqdır. Komissiyanın fikrincə mətbuatda plüralizm yalnız aktor və nəşrlərin çoxluğu demək deyil, bu eyni zamanda geniş çeşiddə mətbuatın, başqa sözlə mətbuatın müxtəlif növlərinin mövcud olmasını nəzərdə tutur.
Avropa Şurası tərəfindən qəbul edilmiş sənədlərdə mətbuatda plüralizmə təkan verilməsi üçün müəyyən vasitələr nəzərdə tutulmuşdur. Bura aşağıdakılar aiddir: – mətbuatın bir əldə cəmləşməsi qarşısında məhdudiyyətləri müəyyən edən qanunvericilik bazası; buna nail olunması vasitələrinə bir mətbuat şirkətinin bir və ya bir-neçə müvafiq bazarlarda nəzarət etməsinə imkan verilən mümkün hədlərin (bu hədlər, misal üçün auditoriya payı, kapital payı və ya gəlir məhdudiyyətlər kimi bir və ya bir-neçə elementin kombinasiyası əsasında ölçülə bilər) müəyyən edilməsi daxildir;
– bir əldə cəmləşməyə qarşı mübarizə aparmaq səlahiyyətlərinə malik mətbuat sahəsində xüsusi tənzimləyici orqanlar;
– şaquli inteqrasiyaya qarşı xüsusi tədbirlər (istehsal, yayım, bölüşdürmə və bununla bağlı fəaliyyətin əsas elementləri üzərində bir şirkət və ya qrup tərəfindən nəzarətin həyata keçirilməsi);
– tənzimləyici orqanların müstəqilliyi;
– mətbuatın şəffaflığı;
– fərqli məzmunun istehsalı və yayımına təkan verilməsi məqsədilə fəal tədbirlər görülməsi;
– şəffaf prosedurlar daxilində və üzərində müstəqil nəzarət həyata keçirməklə obyektiv və bitərəf meyarlar əsasında plüralizmin artırılmasına birbaşa və ya dolayı maliyyə dəstəyinin göstərilməsi;
– redaksiyanın müstəqilliyini müəyyən edən prinsiplər və qaydalar kimi özü-özünü tənzimləyən vasitələr.
Qasparri qanununun mətbuatda plüralizmi təmin etmək məqsədi daşıyan müddəaları ilə bağlı Komissiya ilk növbədə hesab edir ki, rəqəmsal televiziyanın fəaliyyətə başlaması ilə kanalların sayında baş verəcək sadəcə artım özü-özlüyündə mətbuatda plüralizmin təmin edilməsi üçün yetərli deyil. Yeni kanallar oxşar həcmdə məhsula malik, lakin olduqca kiçik auditoriyaya malik ola bilər. Nəhayət, daha böyük şirkətlər proqramın əldə edilməsi kimi geniş miqyaslı fəaliyyət sferasında daha çox alış imkanına malik olmaqla digər milli məzmun təminatçılarına münasibətdə əhəmiyyətli üstünlüklərdən istifadə edəcəklər.
Buna görə də Komissiya hesab edir ki, kanalların 20 faizi həddi bazarda payın açıq göstəricisi deyil. O, misal üçün auditoriya payı kimi göstərici ilə kombinə edilməlidir.
Qasppari qanununda təsbit olunmuş ikinci hədd, Vahid Kommunikasiya Sistemlərində (SIG) gəlirin 20 faizi məsələsinə gəlincə, Komissiya hesab edir ki, SIG təbii ki, müasir tendensiyanı əks etdirir, lakin ən azından belə çox geniş anlamda ondan bu mərhələdə “müvafiq bazar” meyarının əvəzinə istifadə olunmamalıdır. Belə ki, o, plüralizmi qorumaq məqsədi daşıyan vasitələrin səmərəliliyinin aşağı salınması ilə nəticələnir. Əlbəttə, o, fərdi şirkətə fərdi bazarlarda son dərəcə yüksək gəlir payı əldə etməyə imkan verə, lakin bununla yanaşı, ümumi sektor üçün müəyyən edilmiş 20 faiz həddindən aşağıda qala bilər.
Əlbəttə, Komissiya qeyd edir ki, Qasparri qanununda təsbit edilmiş yeni çərçivənin ümumi nəticəsi mümkün olan maksimum səviyyələri Mediaset və RAI tərəfindən keçilmiş bir əldə cəmləşdirmə əleyhinə əvvəlki qaydaları yumşaltmışdır. Beləliklə də, Retequattro kanalının analoq tezliklərini tutmağı davam etdirməsinə imkan verilmişdir.
Buna görə də Komissiya hesab edir ki, SIG meyarı digər Avropa ölkələrində olduğu kimi əvvəllər istifadə edilmiş “müvafiq bazar” meyarı ilə əvəz etməlidir. …
Radio və televiziya yayımı qurumlarının analoq tezliklərdən rəqəmsal tezliklərə keçidi ilə bağlı müddəalara gəlincə, Komissiyada belə bir təəssürat yaranmışdır ki, Qaparri qanunu televiziya bazarında mətbuatın bir əldə cəmləşməsi probleminin real həllinin tapılmasını gələcəkdə müəyyən bir vaxta qədər təxirə salmağa cəhd göstərmişdir və bu vaxt əsas etibarı ilə rəqəmsal yayımın tam şəkildə fəaliyyət göstərməsi ilə bağlıdır. Komissiyanın fikrincə belə yanaşma qənaətbəxş deyil, belə ki, əgər status quo saxlanarsa, Mediaset və RAI İtaliya televiziyasında hökmran mövqedə qalmaqda davam edəcəkdir. Bu baxımdan Komissiya xatırladır ki, ümumi antiinhisar tədbirləri hökmran mövqelərdən sui-istifadə hallarına qarşı olsa da, mətbuat sektorunda hökmran mövqelər ümumiyyətlə qadağan edilir.

İctimai yayımın siyasiləşməsinin azaldılmasına səbəb olacaq RAI-nin özəlləşdirilməsi məsələsi ilə bağlı Komissiya qeyd edir ki, RAI-də dəyişiklik hökumətə qeyri-müəyyən müddət ərzində ictimai yayım üzərində nəzarətini həyata keçirmək imkanı verəcək. Hazırkı hökumətin səlahiyyətlərinin başa çatmasına qədər bu o demək olacaq ki, Baş nazir üç milli televiziya kanalı ilə üzərində nəzarəti həyata keçirməklə yanaşı, üç ictimai televiziya kanalı üzərində də müəyyən nəzarətə malik olacaqdır. Komissiya bu cür qeyri-tipik vəziyyətin inhisarlaşma riskini daha da gücləndirəcəyi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ baxımından fikri ifadə etmək azadlığına əsassız müdaxilə hesab edilə biləcəyindən narahatlığını ifadə etmişdir.
…”

6. İnsan hüquqları üzrə komissar tərəfindən “Mətbuatda plüralizm və insan hüquqları”na dair müzakirə üçün təqdim olunan sənəd

76. İnsan hüquqları üzrə komissar tərəfindən 2011-ci il 6 dekabrda müzakirə üçün təqdim edilmiş sənədin bu işə aid hissələrində qeyd edilir:

“3.2 İtaliya ilə bağlı məsələ “İtaliya anomaliyası” adlanan məsələnin tarixçəsi yayımın inhisarlaşdırılmasının (bir əldə həddən çox cəmləşdirmə və şirkətlərin super birləşmələri) hətta demokratiyanın yaşı çox olduğu ölkələrə belə necə kəskin təhlükə yarada biləcəyini bariz şəkildə göstərir.
İtaliyada fikri ifadə etmək və mətbuat azadlığının vəziyyəti sağlamdır. Bununla belə, televiziya yayım bazarını daima “İtaliya anomaliyası” adlandırırlar.
Son iyirmi il ərzində bu duopoliyanın – ümumölkə televiziya kanalı bazarında özəl Mediaset şirkəti və ictimai RAI (Radiotelevisione Italiana) şirkətinin hökmranlığının qarşısını heç bir üçüncü qüvvə ala bilməmişdir. Duopoliya Mediaset-in kommersiya televiziya sektorunda və reklam bazarındakı praktiki monopoliyası ilə müşayiət olunmuşdur. Rəqəmsal yayıma keçməzdən öncə duopoliyanın auditoriyasının payı 90 faiz idi (hər iki qurumun malik olduğu üç kanal). Gəlirlər və reklam bazarı da duopoliyanın olduğunu təsdiq edirdi.
İtaliyada həmçinin siyasi partiyalar və hökumətlər tərəfindən ictimai televiziya üzərində nəzarətin həyata keçirilməsi də davam etməkdədir. Ölkənin Baş naziri Silvio Berluskoni Mediaset qrupunun sahiblərindən biri olduğundan RAI üzərində hökumətin nəzarətə malik olması ilə bağlı daim mövcud olan qorxu xalqın ən mühüm informasiya mənbəyi olan televiziya üzərində hökumətin geniş şəkildə nəzarəti həyata keçirməsi ilə bağlı narahatlıqlar ilə daha da artır.
2004-cü ildə qəbul edilmiş Qasparri və Frattini qanunlarının mətbuatda plüralizmin artırılması və müvafiq olaraq “ikibaşlı” vəziyyətlərin qadağan olunmasını təmin etməsi nəzərdə tutulurdu. Lakin xüsusilə mətbuatda artıq mövcud olan bir əldə cəmləşmə praktiki baxımdan qorunub saxlanılırsa və hətta qanun ilə artırılırsa, nə ümumi rəqəmsal yayıma keçid, nə də bərabər rəqabət qaydaları özü-özlüyündə mətbuatda mədəni müxtəlifliyi və siyasi plüralizmi təmin edə bilər. Qasparri qanununda təsbit edilmiş analoq televiziyadan rəqəmsal televiziyaya keçid qaydaları innovativ xarakterə malik olsa da, duopoliyaya əldə etdiyi iqtisadi gücdən yeni rəqəmsal bazarda geniş mövqelər qazanması üçün istifadə etməyə imkan yaradır.
Avropa standartları ictimai yayıma hökumətin müdaxiləsi və ya siyasi müdaxilənin qarşısının alınması üçün onun üzərində siyasi və ya qərəzli sahibliyin, yaxud da nəzarətin həyata keçirilməsini qadağan edir. Almaniya və Birləşmiş Krallıq yayım mətbuatı üzərində siyasi qüvvələrin birbaşa sahiblik və ya nəzarəti həyata keçirmələrinə məhdudiyyətlər qoyur; Avropa İttifaqı ölkələri də yayım şirkətlərindən siyasi partiyalar və siyasətçilərdən müstəqilliyini qorumağı tələb edirlər. Frattini qanununun mövcud olmasına baxmayaraq İtaliya bunlardan heç birini etmir”.

B. Avropa Parlamenti 32. Avropa Parlamentinin Avropa İttifaqı və xüsusilə İtaliyada fikri ifadə etmək və informasiya azadlığının pozulması təhlükəsinə dair qətnaməsinin hazırkı işə aid hissələrində qeyd edilir:

“İtaliyada vəziyyət
… Qeyd edir ki, hazırda İtaliyada televiziya bazarının bir əldə cəmləşməsi səviyyəsi Avropada ən yüksək həddədir və İtaliyada on iki milli kanal və ondan on beşə qədər regional və yerli kanalların olmasına baxmayaraq, bazar birlikdə ümumi auditoriyanın 90 faizinə və reklamdan gələr gəlirin 96,8 faizinə malik olan RAI və Mediaset operatorlarının duopoliyası ilə xarakterizə olunur. Halbuki sonuncu göstərici Almaniyada 88 faiz, Birləşmiş Krallıqda 82 faiz, Fransada 77 faiz və İspaniyada isə 58 faizdir;
Qeyd edir ki, Mediaset qrupu özəl televiziya və kommunikasiya sahəsində İtaliyada ən böyük qrup, dünyada isə ən böyük qruplardan biri olmaqla (inter alia) hər ikisi formal olaraq Rabitə Tənzimləmə İdarəsi tərəfindən (226/03 nömrəli qərar) milli qanunvericiliyə (247/97 nömrəli qanun) zidd olaraq hökmran mövqeyi saxlamaq üçün yaradılmış televiziya şəbəkələri (RTI S.p.A.) və reklam franşiza sahibi (Publitalia ’80) üzərində nəzarəti həyata keçirir;
Qeyd edir ki, maraqlar münaqişəsinin daha aydın nəzərə çarpdığı sahələrdən biri reklamdır. Belə ki, 2001-ci ildə Mediaset qrupu televiziya reklamından gələn gəlirin üçdə ikisini, yəni ümumilikdə 2,5 milyard avro əldə etmişdir. Bununla yanaşı, İtaliyanın əsas şirkətləri reklama xərclədikləri investisiyaların böyük bir hissəsini çap mətbuatından və RAI-dən götürərək Mediaset şəbəkələrinə və Mediaset qrupuna yatırmışlar;
Qeyd edir ki, İtaliya Nazirlər Şurasının sədri açıq şəkildə vəd verməsinə baxmayaraq özünün maraqlar münaqişəsini həll etməmiş, əksinə Mediaset şirkətindəki nəzarət səhmlərinin sayını artırmış (48,639 faizdən 51,023 faizə qədər), bununla da, rəqabət aparan şirkətlərin gəlirlərinə (və reytinqlərinə) və bundan əlavə, yazılı mətbuatın bütün reklam vəsaitinə zərər vuraraq reklamdan əldə olunan qazancı artırmaqla öz xalis borclarını kifayət qədər azaltmışdır;
RAI televiziya yayım xidmətinin korporativ strukturu və cədvəllərinə (hətta satirik verilişlər ilə bağlı) dəfələrlə edilən və sənədlərlə təsdiq olunan hökumətin müdaxiləsi, təzyiqi və senzura halları ilə bağlı təəssüf hissi keçirir. Bu müdaxilə, təzyiq və senzura İtaliya Nazirlər Şurası sədrinin 2002-ci ilin aprelində sensasiya doğuran açıq xahişindən sonra RAI-də fəaliyyət göstərən üç tanınmış peşəkarın işdən azad edilməsi ilə başlanmışdır. Bu, RAI-nin idarə şurasının və müvafiq parlament nəzarət qurumunun üzvlərinin mütləq əksəriyyətinin iqtidar partiyasının üzvləri olması kontekstində və onun sahibi olmadığı digər mətbuat qurumlarına, inter alia 2003-cü ilin may ayında Corriere della Sera-nın redaktorunun istefasına səbəb olmuş təzyiqlər fonunda baş vermişdir;
Buna görə də qeyd edir ki, İtaliyada mövcud olan sistem iqtisadiyyat, siyasət və mətbuat sahəsində hakimiyyətin bir əldə – İtaliya Nazirlər Şurasının hazırkı sədrinin əlində cəmləşməsinin unikal kombinasiyası olmaqla və İtaliya hökumətinin birbaşa və ya dolayısı ilə bütün milli televiziya kanalları üzərində nəzarəti həyata keçirməsi faktı ilə əlaqədar anomaliya xarakteri daşıyır;
Konstitusiya Məhkəməsinin də dəfələrlə bildirdiyi kimi və bunun fonunda adi qanunverici orqan və səlahiyyətli qurumların qanuni rejimi bərpa etməkdə səmərəsiz olduqlarının sübut edildiyini nəzərə alaraq İtaliyada yayım sisteminin onilliklər ərzində qanunsuz şəkildə fəaliyyət göstərdiyini qeyd edir; Konstitusiya Məhkəməsinin 1994-cü ildə qəbul etdiyi 420 nömrəli qərarında eyni qurumun ölkə daxilində yerüstü tezliklərdə yayımlanan televiziya proqramlarının 20 faizindən artığını (başqa sözlə ikidən çox proqram) yayımlamasının yolverilməz olduğunu qət etməsinə və 223/90 nömrəli qanuna əsasən həyata keçirilən tənzimləmə rejiminin “keçid rejimi” olsa da İtaliyaya Konstitusiyasına ziddiyyət təşkil etdiyini müəyyən etməsinə baxmayaraq RAI və Mediaset-in üç yerüstü analoq televiziya yayım qurumu üzərində nəzarəti davam edir; Rabitə Təminatı İdarəsi və telekommunikasiya və radio və televiziya sistemləri haqqında qaydaları təsis edən 249/97 nömrəli qanun “3-cü maddənin 6-cı bəndində göstərilmiş məhdudiyyətləri aşmaqla verilişlərin yayımını həyata keçirən qurumların müstəsna olaraq peyk və ya kabel vasitəsilə yayımı həyata keçirməsi üçün qəti müəyyən edilmiş və hər bir halda 2003-cü ilin 31 dekabr tarixini keçməyən son müddəti göstərmədiyi üçün” 3-cü maddənin 7-ci bəndini qanunsuz elan etmiş Konstitusiya Məhkəməsinin 466/02 nömrəli qərarının müddəalarına da uyğun gəlmir;
Qeyd edir ki, İtaliyanın Konstitusiya Məhkəməsi 2002-ci ilin noyabrında elan etmişdir ki, (466/2002 nömrəli iş) İtaliyada hazırda milli səviyyədə və analoq rejimdə fəaliyyətdə olan özəl televiziya sistemi tezliklərin bölünməsində daha çox plüralizmə nail olmaq və yayımı lazımı qaydada planlaşdırmaq istəyindən deyil, tezliklərin de facto zəbt edilməsi (konsessiya və icazə alınmadan qurğuların fəaliyyəti) nəticəsində yaranmış vəziyyətdən irəli gəlmişdir…Buna görə də bu de facto vəziyyət Konstitusiya Məhkəməsinin müvafiq təcrübəsi ilə əsas tələb kimi müəyyən edilmiş informasiyanın xarici plüralizminə hörmət olunmasını təmin etmir…Bu kontekstdə 1994-cü ildə qəbul edilmiş 420 nömrəli qərar ilə qanunsuz hesab edilmiş vəziyyətin və 1997-ci il tarixli qanun ilə “izafi” hesab edilmiş şəbəkələrin mövcudluğunun davam etməsi (və ağırlaşması) nəzərə alınaraq konstitusion qaydalara əməl olunmasını təmin etmək üçün tam qəti, müəyyən və mütləq şəkildə məcburi son icra müddəti təsbit edilməlidir; qeyd edir ki, bununla belə audiovizual sektorda islahatların həyata keçirilməsi üçün müəyyən edilmiş müddətlərə əməl olunmamış və Konstitusiya Məhkəməsi tərəfindən bəyan edilmiş prinsiplərə hörmət edilmədiyi üçün audiovizual sektorda islahatlara dair qanun Respublikanın Prezidenti tərəfindən yenidən baxılması məqsədilə Parlamentə göndərilmişdir;

Yeganə müvafiq bazar kimi “vahid kommunikasiya sisteminin” audiovizual sektorunda islahatların aparılmasını nəzərdə tutan qanun layihəsində (Qasparri qanununun 2-ci maddəsinin G bəndi) nəzərdə tutulmuş hüquqi anlayışının Avropa İttifaqı haqqında müqavilənin 82-ci maddəsinin mənasında Birliyin rəqabət sahəsindəki qaydalarına və ya Avropa İttifaqı Məhkəməsinin bir-çox qərarlarına ziddiyyət təşkil etmədiyinə və istinad edilən bazarın aydın və dəqiq anlayışının müəyyən edilməsinə mane olmadığına ümid edir;
Həmçinin ümid edir ki, Qasparri qanun layihəsində təsbit edilmiş “tezliklərin ayrılması sistemi” sadəcə olaraq de facto vəziyyəti qanuniləşdirmir və inter alia elektron kommunikasiya xidmətləri üçün radio tezliklərin ayrılmasının obyektiv, şəffaf, qeyri-diskriminasyon və proporsional meyarlara əsaslanmalı olmasını nəzərdə tutan 2002/21/EC nömrəli direktiv, 2002/20/EC nömrəli direktivin 7-ci maddəsi və ya 2002/77/EC nömrəli direktiv ilə ziddiyyət təşkil etmir;
Qanunçuluq və qanunun aliliyi prinsiplərinin pozulması ilə qanunun tətbiq edilməməsi və Konstitusiya Məhkəməsinin qərarlarının icra olunmaması və audiovizual sektorda islahatların həyata keçirilməməsi ilə bağlı dərin narahatlığını ifadə edir. Bunun da nəticəsində onun vətəndaşlarının plüralist informasiya almaq hüququ on illər ərzində azaldılmışdır; bu hüquq isə eyni zamanda Əsas hüquqlar haqqında xartiyada öz əksini tapmışdır;
Mətbuat maqnatı siyasət ilə məşğul olmağı seçərsə, İtaliyada mövcud olan vəziyyətin digər üzv dövlətlər və təşkilata qoşulmaq istəyən dövlətlərdə də ortaya çıxa biləcəyindən narahatlıq hissi keçirir;
İtaliya Nazirlər Şurası sədrinin fəaliyyətə başladığı gündən keçən ilk yüz gün ərzində maraqlar münaqişəsini həll edəcək qaydaların qəbul ediləcəyinə dair söz verməsinə baxmayaraq, İtaliya Parlamentinin hələ də bu qaydaları qəbul etməməsindən təəssüf hissi keçirir;
Hesab edir ki, özəl audiovizual sektorda mühüm maraqları olan yerli, regional və milli icra orqanlarının üzvlərinin mövcud və gələcək maraqlar münaqişəsinin qarşısını alacaq xüsusi və adekvat tədbirlərin nəzərdə tutulması audiovizual sektorda ümumi islahatların həyata keçirilməsi işinə kömək edə bilər;
Bundan əlavə, maraqlar münaqişəsinə dair Frattini qanun layihəsinin sadəcə olaraq Baş nazirin maraqlar münaqişəsinin faktiki tanınması ilə kifayətlənməyəcəyi, eyni zamanda bu vəziyyətin davam etməsinin qarşısının alınması üçün adekvat mexanizmləri müəyyən edəcəyinə ümid edir;
Təəssüf hissi ilə bildirir ki, üzv dövlətlərin mətbuatda plüralizmin təmin edilməsi sahəsindəki öhdəliyi Plüralizmə dair “Yaşıl Sənəd”in 1992-ci ildə qəbul edilməsindən sonra müəyyən edilsəydi, güman ki, İtaliyadakı hazırkı vəziyyətin qarşısını almaq mümkün olardı;

İtaliya Parlamentini aşağıdakıları etməyə dəvət edir:
– İtaliyanın Konstitusiya Məhkəməsi və Respublika Prezidentinin tövsiyələrinə uyğun olaraq və dövlət orqanlarının qeyd etdiyi kimi Birlik hüququnun müddəalarına zidd olan Qasparri qanun layihəsinin normalarını nəzərə alaraq audiovizual sektorda islahatlar aparılması istiqamətində işlərini sürətləndirmək; – eyni vaxtda özəl televiziya üzərində birbaşa və ictimai televiziya, əsas reklam franşiza sahibi və audiovizual və mətbuat sektoru ilə əlaqəli bir sıra digər fəaliyyətlər üzərində dolayı nəzarəti həyata keçirən İtaliya Nazirlər Şurası sədrinin maraqlar münaqişəsinin həqiqi və münasib həllini tapmaq;
– ictimai yayım xidmətinin müstəqilliyini təmin etmək məqsədilə tədbirlər görmək”.

HÜQUQİ MƏSƏLƏLƏR

I. İLKİN QEYD

77. 2011-ci ilin 12 oktyabrında ərizəçilər Məhkəməyə təqdim edilmiş işin zaman ilə bağlı dairəsinə aydınlıq gətirmişlər. Xüsusilə onlar şikayətlərinin Centro Europa 7 S.r.l. şirkətinə ümumi ölkə ərazisində televiziya yayımını həyata keçirmək üçün lisenziya verilməsinə dair nazirlik tərəfindən qərarın qəbul edildiyi 1999-cu il 28 iyul tarixindən (yuxarıda 9cu bəndə bax) ona bir kanaldan istifadə etməyə icazə verildiyi və yayıma başlaya bildiyi 2009-cu il 30 iyun tarixinə (yuxarıda 16-cı bəndə bax) kimi olan dövrü əhatə etdiyini bildirmişlər. Buna görə də Məhkəmə özünü yuxarıda qeyd edilmiş dövrdə ərizəçinin əsas hüquqlarının pozulubpozulmadığını araşdırmaq ilə məhdudlaşdıracaq və 1999-cu il 28 iyul tarixindən əvvəl və ya 2009-cu il 30 iyun tarixindən sonra baş verə biləcək oxşar pozuntulara baxmayacaqdır.

II. HÖKUMƏTİN İLKİN ETİRAZLARI

A. Ərizəçi şirkətin zərərçəkmiş şəxs statusu

78. Hökumət ərizəçi şirkətə nazirlik tərəfindən 2008-ci il 11 dekabr tarixində qəbul edilmiş qərar əsasında tezliklər ayrıldığını qeyd etmiş (yuxarıda 16-cı bəndə bax) və bu məsələ ilə bağlı bütün fikir ayrılıqlarının 2010-cu il 9 fevrala qədər həll olunduğunu bildirmişdir (yuxarıda 19-cu bəndə bax). Bundan əlavə, 2009-cu il 20 yanvarda Consiglio di Stato ərizəçi şirkətə kompensasiya kimi 1 041 418 avro məbləğində vəsaitin ödənilməsini qət etmişdir (yuxarıda 45-ci bəndə bax). Hökumət bildirmişdir ki, bu tədbirlər bütöv şəkildə götürülərsə, Centro Europa 7 S.r.l. şikayət etdiyi aktlardan zərərçəkmiş şəxs statusuna malik olduğunu iddia edə bilməz (o, mutatis mutandis, “Skordino İtaliyaya qarşı” (Scordino v. Italy (no. 1) [GC], no. 36813/97, § 179, ECHR 2006-V) işi üzrə Böyük Palata tərəfindən qəbul edilmiş qərara istinad etmişdir).
79. Ərizəçi şirkət bildirmişdir ki, lisenziyanın verilməsindən demək olar ki, on il keçdikdən sonra tezliklər verilsə də, o, hələ də özünü iddia olunan pozuntulardan zərərçəkmiş şəxs olduğunu iddia edə bilər, belə ki, Consiglio di Stato tərəfindən müəyyən edilmiş kompensasiya vurulmuş ziyanın müqabilində qənaətbəxş olmamış və real ziyanı əks etdirməmişdir. 2010-cu 9 fevral tarixli razılaşmaya gəlincə, o, 2008-ci ilin dekabr ayında qəbul edilmiş qərar ilə ayrılmış əlavə tezliklərlə bağlı olmuş və buna görə də hazırkı ərizənin əhatə dairəsinə düşmür.
80. Məhkəmə təkrar edir ki, Konvensiyanın iddia olunan pozuntusu nəticəsində pozulmuş hüquqların bərpası vəzifəsi ilk növbədə milli dövlət orqanlarının üzərinə düşür. Buna görə də ərizəçinin iddia olunan pozuntudan zərər çəkib-çəkmədiyi ilə bağlı məsələ Konvensiya əsasında həyata keçirilən prosesin bütün mərhələlərində qaldırıla bilər (bax: “Burdov Rusiyaya qarşı” (Burdov v. Russia, no. 59498/00, § 30, ECHR 2002-III)).

81. Məhkəmə bundan əlavə təkrar edir ki, milli dövlət orqanları pozuntu faktını açıq şəkildə və ya mahiyyəti üzrə etiraf edənə və sonra isə Konvensiyanın pozulmasına görə kompensasiya ödəyənə qədər ərizəçinin xeyrinə hər hansı qərar qəbul edilməsi və ya tədbir görülməsi onu “zərərçəkmiş” statusundan məhrum etmir (bax: “Ekle Almaniyaya qarşı” (Eckle v. Germany, 15 July 1982, §§ 69 et seq., Series A no. 51); “Amuur Fransaya qarşı” (Amuur v. France, 25 June 1996, § 36, Reports of Judgments and Decisions 1996-III); “Dalban Rumıniyaya qarşı” (Dalban v. Romania [GC], no. 28114/95, § 44, ECHR 1999-VI) və yuxarıda qeyd edilmiş “Skordino” işi (nömrə 1), 181-ci bənd).
82. Şəxsin hələ də Konvensiyanın pozuntusundan zərərçəkmiş şəxs olduğunu iddia edə bilib-bilməməsi məsələsi əsas etibarı ilə Məhkəmə tərəfindən onun vəziyyətinin ex post facto araşdırılmasını nəzərdə tutur (yuxarıda qeyd edilmiş “Skordino” işi (nömrə 1), 181-ci bənd).
83. Hazırkı işdə ərizəçi şirkətə 2008-ci ilin dekabrında yayım üçün tezliklər verilmiş və o, 2009-cu ilin 30 iyunundan etibarən yayımı həyata keçirməyə nail olmuşdur (yuxarıda 16-cı bəndə bax). Tezliklərin ayrılması ərizəçi şirkətin ərizəsində şikayət etdiyi vəziyyətin sona çatmasına səbəb olmuşdur. Bununla belə, Məhkəmənin fikrincə bu nə Konvensiyanın pozulması faktının dolayı yolla tanınması, nə də Centro Europa 7 S.r.l. şirkətinin yayımına maneçilik törədildiyi dövr üçün kompensasiya verilməsi kimi qəbul edilə bilər.
84. Məhkəmə bundan əlavə hesab edir ki, ölkə daxili proseslərdə Konvensiyanın 10-cu maddəsi və 1 saylı protokolun 1-ci maddəsinin pozulması faktının açıq şəkildə və ya mahiyyəti üzrə etiraf edilməsi baş verməmişdir. O bununla əlaqədar qeyd edir ki, 2005-ci ildə Consiglio di Stato ərizəçi şirkətin ərizəsi üzrə araşdırmasını dayandırmağı qərara almış və Avropa İttifaqı Məhkəməsindən Xidmətlərin göstərilməsi və rəqabət azadlığı üzrə Müqavilə, 2002/21/EC nömrəli direktiv (“Çərçivə direktiv”), 2002/20/EC nömrəli direktiv (“İcazə direktivi”), 2002/77/EC nömrəli direktivin (“Rəqabət barədə direktiv”) müddəaları və Avropa İttifaqı haqqında müqavilənin 6-cı maddəsinin istinad etdiyi həddə (yuxarıda 32-ci bəndə bax) İnsan hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsinin təfsiri ilə bağlı ilkin qərarını qəbul etməyi xahiş etmişdir. Avropa İttifaqı Məhkəməsi qərara gəlmişdir ki, Konvensiyanın 10-cu maddəsi ilə bağlı qərar qəbul etmək zəruri deyil, belə ki, onun Avropa İttifaqı haqqında müqavilənin 49-cu, tətbiq edildiyi tarixdən isə başlayaraq Çərçivə direktivinin 9-cu maddəsinin 1-ci bəndi, İcazə direktivinin 5-ci maddəsinin 1-ci bəndi, 5-ci maddəsinin 2-ci bəndinin ikinci yarımbəndi və 7-ci maddəsinin 3-cü bəndi və Rəqabət barədə direktivin 4-cü maddəsi ilə bağlı cavabı ərizəçi şirkət tərəfindən tətbiq məsələsi ilə bağlı qaldırılmış məsələ haqqında qərar qəbul etmək imkanı vermişdir (yuxarıda 34-cü bəndə bax).
85. Consiglio di Stato 2008-ci il 31 may və 2009-cu il 20 yanvar tarixli qərarlarında bildirmişdir ki, ərizəçi şirkətə tezliklərin verilməməsi əsasən qanunvericilik ilə bağlı amillərlə əlaqədar baş vermiş və dövlət orqanları tərəfindən səhlənkarlıq nümayiş etdirilmişdir. Buna görə də o, ərizəçi şirkətə Mülki Məcəllənin 2043-cü maddəsi əsasında kompensasiya verilməsini qət etmişdir (yuxarıda 37-38-ci və 45-48-ci bəndlərə bax).
86. Məhkəmənin fikrincə Consiglio di Stato bu qərarları ilə qəbul etmişdir ki, dövlət orqanları həddən artıq ziyan vurulması ilə nəticələnən qəsdən və ya ehtiyatsızlıq üzündən etdiyi hərəkətlərə görə Mülki Məcəllənin ümumi müddəaları əsasında (yuxarıda 69-cu bəndə bax) müqavilədən kənar öhdəlik daşıyır. Qərarlarda dövlət orqanlarının ziyanın vurulması ilə nəticələnmiş hərəkətlərinin Məhkəmə tərəfindən fikri ifadə etmək azadlığı və ya mülkiyyətindən maneəsiz istifadə azadlığı, yaxud bu azadlıqların hər ikisi ilə bağlı təsbit edilmiş prinsiplərə zidd olduğu təsbit olunmamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, Consiglio di Stato bu prinsiplərə istinad belə etməmişdir.
87. Nəhayət, Hökumət Məhkəmədə Konvensiyanın hər hansı müddəasının pozulduğunu etiraf etməmişdir. Belə olan halda və hər hansı etiraf edilmədiyindən Məhkəmə hesab edir ki, ərizəçi şirkət hələ də iddia olunan pozuntulardan zərərçəkmiş şəxs olduğunu iddia edə bilər.
88. Hətta Consiglio di Stato tərəfindən müəyyən edilmiş kompensasiyanın qənaətbəxş və münasib olduğu güman edilsə belə, Məhkəmə hesab edir ki, bu, iddia olunan pozuntuların törədilməsi faktının etiraf edilməməsini kompensasiya edə bilməz.
89. Buna görə də Məhkəmə Hökumətin etirazını rədd edir.

B. İkinci ərizəçinin zərərçəkmiş şəxs statusu

90. Hökumət bildirmişdir ki, ikinci ərizəçi cənab Franseskantonio Di Stefano Məhkəmədə locus standi kimi çıxış edə bilməz. O, Centro Europa 7 S.r.l. şirkətində hansı rolu oynadığını və ya özünü nə üçün zərərçəkmiş şəxs hesab etdiyini izah etməmişdir. Bundan əlavə, Hökumət qeyd etmişdir ki, o, sözü gedən şirkətin yeganə səhmdarı deyil və şirkət ilə bağlı bütün inzibati qərarlar təkbaşına qəbul edilmişdir.
91. Ərizəçi bildirmişdir ki, Məhkəmənin presedent hüququna görə (“Qlas Nadejda EOOD və Anatoli Yelenkov Bolqarıstana qarşı” (Glas Nadezhda EOOD and Anatoliy Elenkov v. Bulgaria, no. 14134/02, § 41, 11 October 2007) və “Qroppera Radio AG və Digərləri İsveçrəyə qarşı” (Groppera Radio AG and Others v. Switzerland, 28 March 1990, § 49, Series A no. 173) işlərinə istinad edilmişdir) şirkətin yeganə səhmdarı və qanuni nümayəndəsinə də yayımın qadağan edilməsindən zərərçəkmiş şəxs kimi baxmaq olar.
92. Məhkəmə təkrar edir ki, Konvensiyanın 34-cü maddəsində istifadə edilmiş “zərərçəkmiş” anlayışı sözü gedən hərəkət və ya hərəkətsizliyin birbaşa təsir göstərdiyi şəxsi ehtiva edir (digər qərarlar ilə yanaşı bax: “Vatan Rusiyaya qarşı” (Vatan v. Russia, no. 47978/99, § 48, 7 October 2004)). Bundan əlavə, o təkrar edir ki, şəxs tərəf olmadığı prosesdə hüququnun pozulmasından, hətta o, prosesdə tərəf kimi çıxış etmiş şirkətin səhmdarı və / və ya direktoru olsa belə, şikayət edə bilməz (başqa qərarlar ilə yanaşı bax: “F.Santos, Lda. və Façadas Portuqaliyaya qarşı” işi üzrə qəbul edilmiş qərardad (F. Santos, Lda. and Fachadas v. Portugal (dec.), no. 49020/99, ECHR 2000-X) və “Nosov Rusiyaya qarşı” işi üzrə qəbul edilmiş qərardad (Nosov v. Russia (dec.), no. 30877/02, 20 October 2005)).
Bundan əlavə, bəzi hallarda mübahisə edilən tədbirlərin onun və şirkətinin barəsində görüldüyü təqdirdə şirkətin yeganə sahibi Konvensiyanın 34-cü maddəsinin mənasında “zərərçəkmiş” şəxs olduğunu iddia edə bilsə də (digər qərarlar ilə yanaşı bax: “Ankarkrona İsveçə qarşı” işi üzrə qəbul edilmiş qərardad (Ankarcrona v. Sweden (dec.), no. 35178/97, ECHR 2000-
VI) və yuxarıda qeyd edilmiş “Qlas Nadejda EOOD və Anatoli Yelenkov Bolqarıstana qarşı ” işi, 40-cı bənd), belə olmadığı halda, şirkətin hüquq subyektliliyinin nəzərə alınmamasına yalnız müstəsna hallarda, xüsusilə şirkətin təsis aktlarında təsbit edilmiş orqanları, ləğv olunan zaman isə bunu həyata keçirənlər vasitəsilə Konvensiya ilə müəyyən edilmiş qurumlara müraciət etməsinin qeyri-mümkün olması açıq şəkildə qət edildiyi zaman yol verilə bilər (bax: “Meltex Ltd və Movsesyan Ermənistana qarşı” (Meltex Ltd and Movsesyan v. Armenia, no. 32283/04, § 66, 17 June 2008); həmçinin bax: “Agrotexim və Digərləri Yunanıstana qarşı” (Agrotexim and Others v. Greece, 24 October 1995, § 66, Series A no. 330-A); “CDI Holding Aktiengesellschaft və Digərləri Slovakiyaya qarşı” işi üzrə qəbul edilmiş qərardad (CDI Holding Aktiengesellschaft and Others v. Slovakia (dec.), no. 37398/97, 18 October 2001) və “Amat-G Ltd və Mebaqişvili Gürcüstana qarşı” (Amat-G Ltd and Mebaghishvili v. Georgia, no. 2507/03, § 33, ECHR 2005-VIII)).
93. Məhkəmə ilk öncə qeyd edir ki, hazırkı işdə belə bir müstəsna hal müəyyən edilməmişdir (bundan fərqli iş üçün bax: “G.J. Lüksemburqa qarşı” (G.J. v. Luxembourg, no. 21156/93, § 24, 26 October 2000)). Bundan əlavə, o qeyd edir ki, ikinci ərizəçi Centro Europa 7 S.r.l şirkətinin faktiki olaraq yeganə səhmdarı olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İşdə olan bütün materiallar göstərir ki, yalnız ərizəçi şirkət özü hüquqi şəxs kimi tenderlərdə iştirak etmiş və televiziya yayımı üçün lisenziya almışdır; bundan əlavə, ölkə daxili proseslərdə İtaliya məhkəmələri tərəfindən qəbul edilmiş bütün qərarlar yalnız ərizəçi şirkət ilə bağlı olmuşdur (bax: yuxarıda qeyd edilmiş “Meltex Ltd və Movsesyan” işi, 67-ci bənd). Beləliklə, Məhkəmə belə bir nəticəyə gəlir ki, tezliklərin verilməsindən imtina və bununla bağlı məhkəmə prosesləri yalnız ərizəçi şirkətin maraqlarına toxunmuşdur. Buna görə də o, ikinci ərizəçini Konvensiyanın 34-cü maddəsinin mənasında şikayət etdiyi əməllərdən “zərərçəkmiş” şəxs hesab edə bilməz.
94. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə belə bir nəticəyə gəlir ki, ikinci ərizəçi tərəfindən təqdim olunan hissədə ərizə Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndinin mənasında onun müddəaları ilə ratione personae uyğunsuzluğa malikdir və buna görə də 35-ci maddənin 4cü bəndinin mənasında rədd edilməlidir.
95. Buna görə də Məhkəmə ərizəçi şirkətin adından təqdim olunmuş şikayətlərə baxmaqla kifayətlənəcəkdir.

C. Fərdi şikayət vermək hüququndan sui-istifadə edilməsi

96. Hökumət ərizəçi şirkətin fərdi şikayət vermək hüququndan suiistifadə etdiyini bəyan etmişdir. O bildirmişdir ki, şirkət Centro Europa 7 S.r.l. ilə Hökumət arasında əldə olunmuş razılaşmanın nəticəsində işin baxılacaq işlərin siyahısından çıxarılmasına səbəb olmuş tezliklərin ayrılmasının icrası proseduru barədə Məhkəməyə məlumat verməmişdir (yuxarıda 19-20-ci bəndlərə bax). Beləliklə də, ərizəçi şirkət sərəncamında olan və işə baxılması üçün əhəmiyyət daşıyan elementlər barədə Məhkəməyə məlumat verilməsinə laqeydlik göstərmişdir (“Kereçaşvili Gürcüstana qarşı” (qərardad) (Kerechashvili v. Georgia (dec.), no. 5667/02, ECHR 2006-V)).
97. Məhkəmə təkrar edir ki, ərizə Məhkəməni yanıltmaq məqsədilə bilərəkdən düzgün olmayan faktlara əsaslanmaqla təqdim edilərsə, müraciət hüququndan sui-istifadə halı kimi rədd edilə bilər (bax: “Varbanov Bolqarıstana qarşı” (Varbanov v. Bulgaria, no. 31365/96, § 36, ECHR 2000-X)). Eynilə, Məhkəmə işə baxılması zamanı yeni, mühüm hadisələr baş verdikdə və Məhkəmənin Prosedur qaydalarının 47-ci qaydasının 6-cı bəndində açıq şəkildə tələb olunmasına baxmayaraq ərizəçinin bu barədə Məhkəməyə məlumat vermədiyi və bununla da Məhkəmənin faktlar barədə tam məlumata malik olmaqla qərar qəbul etməsinin qarşısını aldığı hallarda da ərizə müraciət hüququndan sui-istifadə halı kimi rədd edilə bilər (bax: “Hadrabova və Digərləri Çex Respublikasına qarşı” (qərardad) (Hadrabová and Others v. the Czech Republic (dec.), nos. 42165/02 and 466/03, 25 September 2007) və “Predesku Rumıniyaya qarşı” (Predescu v. Romania, no. 21447/03, §§ 25-27, 2 December 2008)). Lakin hətta belə hallarda belə, ərizəçinin Məhkəməni yanıltmaq niyyətinin olduğu daim kifayət qədər əminliklə təsbit edilməlidir (bax: mutatis mutandis, “Melnik Ukraynaya qarşı” (Melnik v. Ukraine, no. 72286/01, §§ 58-60, 28 March 2006) və “Nold Almaniyaya qarşı” (Nold v. Germany, no. 27250/02, § 87, 29 June 2006)).
98. Hazırkı işdə Məhkəmə qeyd edir ki, ərizəçi şirkətin şikayətləri 1999cu il 28 iyuldan 2009-cu il 30 iyuna qədərki dövr ərzində yayımı həyata keçirə bilməməsi ilə bağlıdır (yuxarıda 77-ci bəndə bax) və ərizə formasında o, 2008-ci ildə tezliklər əldə etdiyi və 2009-cu ilin iyunundan başlayaraq yayımı həyata keçirdiyinə icazə verildiyi barədə məlumat vermişdir.
99. Belə olan halda ərizəçi şirkətin ilk öncədən işə baxılması üçün əhəmiyyətli olan bir və ya daha çox element barədə Məhkəməyə məlumat vermədiyi barədə nəticəyə gəlmək mümkün deyil. Həmçinin qeyd edilməlidir ki, Nazirlik ilə sazişin bağlanılması və işə baxılmasının bərpa edilməsi məqsədilə Regional İnzibati Məhkəməyə müraciət edilməsi müvafiq olaraq 2010-cu il 9 fevral və 2011-ci il 8 mart tarixlərində (yuxarıda 19-22-ci bəndlərə bax), yəni hazırkı işdə ərizənin aid olduğu müddətdən kifayət qədər sonra baş vermişdir. Buna görə də hazırkı işdə ərizəçi şirkətin fərdi şikayət hüququndan sui-istifadə etdiyini qət etmək üçün heç bir əsas yoxdur.
100. Buna görə də Hökumətin etirazı təmin edilə bilməz.

D. Ərizənin gec təqdim olunması

101. 2011-ci ilin 12 oktyabr tarixində keçirilmiş iclasda Hökumət Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində təsbit olunmuş altı aylıq müddətə əməl olunmadığı ilə bağlı etiraz irəli sürmüşdür. Belə ki, o iş üzrə yekun qərarın Consiglio di Stato tərəfindən qəbul edilmiş və 2008-ci ilin 31 may tarixində qeydiyyatdan keçmiş 2622 nömrəli qərar olduğunu bildirmişdir. Hökumət qeyd etmişdir ki, bu qərarda Consiglio di Stato Regional İnzibati Məhkəmənin qərarını qüvvəsində saxlayaraq tezliklərin ayrılmasına dair xahişi qəbuledilməz elan etmişdir və bu qərar qəti idi. Buna görə də 2009-cu il 20 iyul tarixli ərizə vaxtı ötürməklə təqdim olunmuşdur.
102. Məhkəmə təkrar edir ki, altı ay qaydası ərizəçilərdən məsələ ilə bağlı mövqelərinə ölkə daxilində tam aydınlıq gətirilməsindən öncə Məhkəməyə şikayət verilməsinin tələb olunması kimi təfsir edilə bilməz (bax: “Varnava və Digərləri Türkiyəyə qarşı” [Böyük Palata] (Varnava and Others v. Turkey [GC], nos. 16064/90, 16065/90, 16066/90, 16068/90, 16069/90, 16070/90, 16071/90, 16072/90 and 16073/90, § 157, ECHR 2009)). Əgər ərizəçi davam edən vəziyyət barədə şikayət edirsə, altı ay müddəti bu vəziyyətin başa çatdığı andan axmağa başlayır (digər qərarlar ilə yanaşı bax: “Ortolani İtaliyaya qarşı” (qərardad) (Ortolani v. Italy (dec.), no. 46283/99, 31 May 2001) və “Pianese İtaliya və Niderlanda qarşı” (qərardad) (Pianese v. Italy and the Netherlands (dec.), no. 14929/08, § 59, 27 September 2011)).
103. Hazırkı işdə Consiglio di Stato 2008-ci il 31 may tarixli qərarı ilə ərizəçi şirkətin tezliklərin ayrılmasına dair xahişini rədd etmiş və qərara almışdır ki, məhkəmələrin inzibati hakimiyyət orqanlarının əvəzinə xahiş olunan tədbiri görmək səlahiyyəti yoxdur. O, Nazirliyin Avropa İttifaqı Məhkəməsinin qərarını tətbiq etməklə ərizəçi şirkətin tezliklər barədə xahişi barədə qərar qəbul etməli olduğuna dair qərar qəbul etmiş və yekun qərarın qəbul edilməsini şirkətə kompensasiyanın verilməsinə qədər təxirə salmışdır (yuxarıda 37-39-cu bəndlərə bax).
104. Buradan belə çıxır ki, hətta Consiglio di Stato-nun 2008-ci il 31 may tarixli, 2622 nömrəli qərarından sonra da ərizəçi şirkət hələ də tezliklərin ayrılması barədə xahişinə dövlət orqanları tərəfindən cavab verilməsini gözləyirdi. Bu qərar yekun xarakteri daşımadığından ərizəçi şirkətin bütün tələblərini həll etməmişdir. Xüsusilə, şirkətin ziyan vurulubvurulmadığı, bu ziyana görə dövlət orqanlarının məsuliyyət daşıyıbdaşımadığı və şirkətin kompensasiya almaq hüququnun olub-olmadığı kimi məsələlər açıq qalmışdır. Consiglio di Stato bu məsələləri yalnız 2009-cu il 20 yanvar tarixli qərarında müəyyən edərək ərizəçi şirkətə 1 041 418 avro məbləğində vəsaitin ödənilməsi barədə Nazirliyə göstəriş vermişdir. Consiglio di Stato yalnız sonuncu qərarında Nazirliyin əməlini səhlənkarlıq kimi qiymətləndirərək, ilk növbədə onun Centro Europa 7 S.r.l. şirkətinə lisenziyanı yayım üçün heç bir tezlik ayırmadan verdiyini və ikincisi, dövlət orqanlarının əməli ilə vurulmuş ziyan arasında səbəbiyyət əlaqəsinin olduğunu qeyd etmişdir (yuxarıda 45-48-ci bəndlərə bax).
Bundan əlavə, Məhkəmə qeyd edir ki, ərizəçi şirkətin barəsində şikayət verdiyi vəziyyət, xüsusilə onun televiziya verilişlərini yayımlaya bilməməsi yalnız 2009-cu ilin 30 iyun tarixində (yuxarıda 16-cı bəndə bax), yəni ərizənin təqdim olunmasından sadəcə iyirmi gün öncə sona çatmışdır.

105. Belə olan halda Hökumətin ərizənin vaxtı ötürməklə verilməsinə dair etirazı təmin oluna bilməz.

E. Dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsi

106. Hökumət qeydlərində bildirmişdir ki, ərizəçi şirkət tezliklərin ayrılmasına dair 2008-ci il 11 dekabr tarixli qərar ilə bağlı Regional İnzibati Məhkəməyə 2009-cu il 18 fevral tarixində verdiyi ərizəsində Konvensiyanın 10-cu maddəsi ilə əlaqədar şikayətini “ən azı mahiyyəti üzrə” qaldırmadığından (yuxarıda 18-ci bəndə bax) dövlətdaxili hüquq müdafiə vasitələrini tükəndirməmişdir.
107. Ərizəçi şirkət Hökumətin etirazı ilə razılaşmamış və bildirmişdir ki, onun Regional İnzibati Məhkəmədə qaldırdığı işin əhatə dairəsi Məhkəməyə təqdim etdiyi ərizənin əhatə dairəsindən kənar olmuşdur.
108. Dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməsinə dair ümumi prinsiplər “Sejdovik İtaliyaya qarşı” (Sejdovic v. Italy ([GC], no. 56581/00, §§ 43-46, ECHR 2006-II) işi üzrə Böyük Palata tərəfindən qəbul edilmiş qərarda təsbit olunmuşdur. Məhkəmə qeyd edir ki, Hökumətin istinad etdiyi və hələ də ölkə daxilindəki məhkəmələrdə həllini gözləyən proseslər (yuxarıda 23-cü bəndə bax) tezliklərin ayrılmasına dair 2008-ci il 11 dekabr tarixli qərar ilə bağlıdır. Sözü gedən qərar ərizəçi şirkətin barəsində Məhkəməyə şikayət verdiyi vəziyyətə son qoymuşdur. Belə ki, məhz bu qərar ilə şirkətin 2009-cu ilin 30 iyunundan yayıma başlamasının əsası qoyulmuşdur (yuxarıda 16-cı bəndə bax). Buradan belə çıxır ki, hazırkı ərizənin kontekstində ərizəçi şirkətin şikayətlərinə mahiyyəti üzrə Avropa Məhkəməsi tərəfindən baxılmasından öncə həmin proseslərin nəticələrini gözləməyə məcbur edilməsi mümkün deyil.
109. Buna görə də Hökumətin dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsinə dair ilkin etirazı rədd edilməlidir.

III. KONVENSİYANIN 10-CU MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU

110. Ərizəçi şirkət fikri azad ifadə etmək, xüsusilə informasiya və ideyaları yaymaq azadlığının pozulduğunu iddia etmişdir. O, xüsusilə şikayət edərək bildirmişdir ki, demək olar ki, on il ərzində Hökumət ona yerüstü analoq televiziya yayımı üçün heç bir tezlik ayırmamışdır. O bildirmişdir ki, 249/1997 nömrəli qanunun (yuxarıda 56-cı bəndə bax) tətbiq edilməməsi, Konstitusiya Məhkəməsinin 420/1994 və 466/2002 nömrəli qərarlarının icra olunmaması (yuxarıda 54 və 62-ci bəndlərə bax) və İtaliyanın televiziya bazarında duopoliyanın mövcud olması Konvensiyanın 10-cu maddəsinin pozulmasıdır. Bu maddədə qeyd edilir:
“1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər”.
111. Hökumət bu dəlil ilə razılaşmamışdır.

A. Ərizənin qəbuledilənliyi

112. Məhkəmə qeyd edir ki, ərizə Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinə əsasən açıq-aşkar əsassız deyil. Eyni zamanda o, hər hansı başqa əsasa görə də qəbuledilməz hesab edilə bilməz. Buna görə də ərizə qəbuledilən elan edilməlidir.

B. Ərizənin mahiyyəti

1. Tərəflərin izahatları və üçüncü tərəf kimi işdə iştirak edənlər

(a) Ərizəçi şirkət

113. Ərizəçi şirkət bildirmişdir ki, açıq tenderin nəticələrinə uyğun olaraq ona televiziya verişləri yayımlamaq üçün lisenziya verilsə də, o, bunu edə bilməmişdir. Hüquqlarının belə pozulması İtaliya dövlətini təmsil edən ayrıayrı orqan və qurumlar tərəfindən həyata keçirilmiş müxtəlif qanunvericilik, inzibati və məhkəmə-hüquq tədbirləri nəticəsində baş vermişdir. Onun fikri azad ifadə etmək azadlığına müdaxilə edilməsi nə əsaslandırılmış, nə də demokratik cəmiyyətdə zəruri olmuşdur.
114. Ərizəçi şirkətin izahatlarına görə bir sıra keçid qanunlarının qəbul edilməsi mövcud operatorların xeyrinə olan təcrübəni saxlamaqla, onu öz hüquqlarını səmərəli şəkildə həyata keçirmək imkanından məhrum etmişdir. O, Məhkəmənin “Meltex Ltd Movsesyana qarşı” işi üzrə qərarına istinad edərək (yuxarıda qeyd edilmişdir) qeyd etmişdir ki, bu işdən fərqli olaraq onun işində pozuntu bir dəfə tətbiq olunmaq üçün nəzərdə tutulmuş qərar ilə hüquqdan məhrum edilmə faktından deyil, açıq tender nəticəsində verilmiş lisenziyadan istifadəyə on ildən artıq bir müddət ərzində imkan verilməməsindən irəli gəlmişdir.
115. Ərizəçi şirkət bildirmişdir ki, ona yayım üçün hər hansı tezliyin verilməsindən imtina edilməsi onun Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə müdaxilədir (yuxarıda qeyd edilmiş “Meltex Ltd və Movsesyan” və “Qlas Nadejda EOOD və Anatoli Yelenkov” işləri). Müdaxilə Konvensiyada müəyyən edildiyi kimi qanun ilə nəzərdə tutulmamış və buna görə də milli parlament tərəfindən qəbul edilmiş keçid qanunun nəticələri əvvəlcədən proqnozlaşdırılan olmamışdır. Bundan əlavə, ərizəçi şirkət sözü gedən qanunun İtaliya məhkəmələri tərəfindən tətbiq edildiyini göstərmiş və Avropa İttifaqı Məhkəməsinin qərarından fərqli olaraq kompensasiyanın 2004-cü il 1 dekabr tarixindən hesablanmalı olduğunu bildirmişdir.

(b) Hökumət

116. Hökumət qeyd etmişdir ki, 1999-cu ildə ərizəçi şirkətə lisenziya verilmiş və bu lisenziya ipso facto tezliklərin ayrılmasını nəzərdə tutmamışdır. 2001-ci il 20 mart tarixli 66 nömrəli qanun ilə dəyişikliklər edilmiş 2001-ci il 23 yanvar tarixli 5 nömrəli qanunvericilik aktına uyğun olaraq (yuxarıda 63-64-cü bəndlərə bax) ərizəçi şirkət verilişlərin yayımı üçün zəruri tezlikləri satın ala bilərdi. Lakin o, bu seçimdən yararlanmamış və 2007-ci ildə keçirilmiş yeni tenderdə iştirak etməmişdir.
117. Hökumət tərəfindən təqdim edilmiş izahatlara görə ərizəçi şirkətə tezliklərin ayrılmamasının səbəbi milli və yerli analoq tezliklərinin yenidən təşkili ilə bağlı mövcud analoq tezliklərin azlığı və 1999-cu ildə tenderdə iştirak etmək üçün uğursuz ərizələr vermiş bir neçə şirkətin milli məhkəmələrə müraciət etməsi nəticəsində onlara əvvəlki qaydalar əsasında verilmiş lisenziyalara uyğun olaraq yayımlarını davam etdirməyə icazə verilməsi olmuşdur.
118. Hökumət bildirmişdir ki, 1999-cu ildə tenderin keçirilməsinin məqsədi AGCOM planına daxil ediləcək operatorların seçilməsi olmuşdur. Buna görə də qurğuların sabitləşdirmə proqramı hələ də hazırlanmadığından məqsəd birbaşa tezliklərin ayrılması olmamışdır. Bununla əlaqədar Hökumət qeyd etmişdir ki, Nazirlik 1999-cu ildə eyni şərtlərlə başqa hər hansı lisenziya verməmişdir.
119. Hökumət izah etmişdir ki, İtaliyada kabel televiziyasının uğursuzluğundan sonra 66/2001 nömrəli qanun yerüstü rəqəmsal televiziyaya keçidin ən gec 2006-cı ildə baş verəcəyini nəzərdə tutmuşdur. Sonra 352/2003 nömrəli qanunvericilik aktı və 112/2004 nömrəli qanun (yuxarıda 65-67-ci bəndlərə bax) ilə müəyyən edilmişdir ki, rəqəmsal yayım bütün istifadəçilərin 50 faizini keçərsə (buna 2004-cü ilin 27 may tarixində nail olunmuşdur), keçid müddəaları qüvvəsini dayandıracaq.
120. Hökumət əlavə olaraq qeyd etmişdir ki, Avropa İttifaqı Məhkəməsi Konvensiyanın 10-cu maddəsinin pozulub-polzulmadığının araşdırılmasının zəruri olmadığını qət etmişdir. Bundan başqa, Consiglio di Stato 242 və 243/2009 nömrəli qərarlarında milli televiziyanın sərhədboyu xidmət olmadığını və lisenziya sahibi kimi ərizəçi şirkətin 2008-ci il 1 yanvar tarixindən başlayaraq tezliklərin ayrılması ilə bağlı diskriminasiya xarakteri daşımayan, rəqabət əsasında həyata keçirilən prosedurlarda iştirak etmək hüququnun olduğunu qət etmişdir. Nəticə nazirlik tərəfindən 2008-ci il 11 dekabr tarixində qəbul edilmiş qərar ilə əldə olunmuşdur (yuxarıda 16-cı bəndə bax). Bu qərar ilə ərizəçi şirkətə VHF III tezlik diapazonunda 8-ci kanal ayrılmışdır ki, bu da rəqəmsal yayıma keçid nəticəsində mümkün olmuşdur.
121. Hökumət qeyd etmişdir ki, İtaliya tədricən milli və yerli kanallar arasında uyğunluq yaratmalı idi və mövcud operatorlara verilmiş hüquqlar ilə yeni operatorların maraqları arasında uzlaşma yaradılmalı, bundan da vacibi, monopoliya və ya bunun əksinə xaosa tərəf yuvarlaqlanma təhlükəsinin qarşısı alınmalı idi. Keçid xüsusilə mövcud operatorlara yayımı davam etdirmək və yeni lisenziya sahiblərinə tezlikləri satın almaqla şəbəkəni inkişaf etdirmək imkanı verirdi.
122. Hökumət qeyd etmişdir ki, Məhkəmənin presedent hüququna görə televiziya şirkətlərinin fəaliyyətinin tənzim edilməsi Konvensiyanın 10-cu maddəsinə uyğundur. Belə ki, bu maddə dövlətlərin xüsusi auditoriyanın texniki aspektləri, hüquqları və ehtiyaclarını, kanalların xarakteri və məqsədlərini, onların milli və yerli səviyyələrdə potensial auditoriyasını və beynəlxalq anlaşmalardan irəli gələn öhdəliklərini araşdırmasını qadağan etmir (“Informationsverein Lentia və Digərləri Avstriyaya qarşı” (Informationsverein Lentia and Others v. Austria, 24 November 1993, Series A no. 276)).
123. Hökumət izah etmişdir ki, ərizəçi şirkətə lisenziyanın verilməsi o demək idi ki, o, hüquqi cəhətdən müdafiə olunan mövqeyə malikdir və tezlikləri satın ala, digər operatorların rəqəmsal yayım imkanlarından istifadə edə və “serverini iki operator – RAI və Mediaset-in texniki meydançasında yerləşdirilməsindən” yararlana bilərdi.
124. Hökumət bildirmişdir ki, hazırda ərizəçi şirkət müştərilərinə müxtəlif məzmunlu kanallar, o cümlədən qorxulu filmlər və böyüklər üçün nəzərdə tutulmuş filmləri yayımlayan kanallar təklif edir. Praktiki baxımdan o, məhdud sistemdə fəaliyyət göstərir, belə ki, onun verilişlərinə yalnız müştərilərə paylanmış şifrə açan aparatdan istifadə edilməsi yolu baxmaq mümkündür. Bu, ərizəçi şirkətin demokratik cəmiyyətdə informasiya və ideyalarını yaymaq azadlığından əldə etdiyi faydanın tərzinin və həddinin nümayiş etdirilməsinə xidmət edir.
125. Nəhayət, Hökumət bildirmişdir ki, işin halları heç bir vəcdlə “Meltex Ltd və Movsesyan” (yuxarıda istinad edilmişdir) işi ilə müqayisə oluna bilməz.

(c) Üçüncü tərəf

126. Ədliyyə Təşəbbüsü Açıq Cəmiyyəti ilk öncə “Yayım mətbuatında plüralizmin əsas prinsipləri”nin ümumi icmalını vermişdir. Sonra o, plüralizmi təmin etmək vəzifəsinin mətbuata sahiblik, xüsusilə yayım üzərində məhdudiyyətlər qoyulması zərurətini qəbul edən Avropa standartlarını müzakirə etməzdən öncə ərazi baxımından İtaliya ilə oxşar olan üç Avropa ölkəsinin (Fransa, Almaniya və Birləşmiş Krallıq) qanunlarına və təcrübəsinə istinad etmişdir.
127. O, həmçinin yayım qurumları üzərində siyasi nəzarəti araşdırmış və qeyd etmişdir ki, bir çox Avropa ölkələri aparıcı siyasətçilər və siyasi partiyaların yayım qurumları və onların verilişləri üzərində nəzarəti həyata keçirə bilməsinə xüsusi qadağa qoyan və ya bunu məhdudlaşdıran hüquq sistemləri qəbul etmişlər.
128. Üçüncü tərəfin izahatlarına görə hazırkı işin hallarına İtaliyanın yayım və informasiya sektorunda mövcud olan daha böyük və köhnə problemlər kontekstində baxılmalıdır. Ədliyyə Təşəbbüsü Açıq Cəmiyyəti bildirmişdir ki, Məhkəmə hazırkı işdə 10-cu maddənin pozuntusu faktını təsbit edərsə, İtaliya dövlətinə yayım sistemində plüralizmin təmini məqsədilə ümumi və sistematik xarakterli tədbirlərin görülməsi barədə göstəriş vermək məsələsini nəzərdən keçirməlidir.

2. Məhkəmənin qiymətləndirməsi

(a) Audiovizual mətbuatda plüralizmə aid əsas prinsiplər

129. Məhkəmə ilk öncə presedent hüququnda audiovizual mətbuatda plüralizmə aid əsas prinsiplərin ümumiləşdirilməsini münasib hesab edir. Dəfələrlə qeyd etdiyi kimi plüralizm olmadan demokratiyanın mövcud olması mümkün deyil. Demokratiya fikri ifadə etmək azadlığının sayəsində inkişaf edir. Demokratiyanın özünə xələl gətirməmək şərti ilə hətta dövlətin hazırkı idarə formasını tənqid edən müxtəlif siyasi proqramların təklif olunması və müzakirəyə çıxarılmasına imkan yaradılması demokratiyanın mahiyyətini təşkil edir (bax: “Manole və Digərləri Moldovaya qarşı” (Manole and Others v. Moldova, no. 13936/02, § 95, ECHR 2009 (extracts)) və “Sosialist partiyası və Digərləri Türkiyəyə qarşı” (Socialist Party and Others v. Turkey, 25 May 1998, §§ 41, 45 and 47, Reports 1998-III)).
130. Məhkəmə bununla əlaqədar qeyd edir ki, demokratik cəmiyyətdə audiovizual sektorda həqiqi plüralizmin təmin edilməsi üçün bir neçə kanalın mövcud olmasının və ya potensial operatorların audiovizual bazara daxil olmasının təmini kifayət deyil. Əlavə olaraq mümkün olduğu qədər cəmiyyətdə rast gəlinən və verilişlərin təsir göstərmək məqsədi daşıdığı fikir müxtəlifliyini əks etdirən bütün verilişlərin məzmununun çox şaxəliliyinin təmin olunması məqsədilə bazara səmərəli çıxışa imkan yaradılması zəruridir.
131. 10-cu maddənin 1-ci bəndində əks olunmuş fikri ifadə etmək azadlığı demokratik cəmiyyətin mühüm özüllərindən və onun inkişafının əsas şərtlərindən biridir (bax: “Lingens Avstriyaya qarşı” (Lingens v. Austria, 8 July 1986, § 41, Series A no. 103)). Çap və digər mətbuatın azadlığı siyasi liderlərin ideya və yanaşmalarını müəyyən etmək və bununla bağlı fikir formalaşdırmaq üçün ictimaiyyəti ən yaxşı vasitələrdən biri ilə təmin edir. Siyasi məsələlər və ictimai maraq doğuran digər məsələlər ilə bağlı informasiya və ideyaların yayılması mətbuatın üzərinə düşən vəzifədir. Mətbuat sadəcə belə informasiya və ideyaları yaymaq vəzifəsi daşımır: ictimaiyyət də bunları almaq hüququna malikdir (misal üçün bax: “Handisayd Birləşmiş Krallığa qarşı” (Handyside v. the United Kingdom, 7 December 1976, § 49, Series A no. 24) və yuxarıda qeyd edilmiş “Lingen” işi, 41-42-ci bəndlər).
132. Radio və televiziya kimi audiovizual mətbuat bu baxımdan xüsusilə mühüm rol oynayır. Səs və görüntülər vasitəsilə mesaj vermək imkanına malik olduğuna görə mətbuatın bu növü çap mətbuatı ilə müqayisədə daha tez və güclü təsir imkanına malikdir (bax: “Jersild Danimarkaya qarşı” (Jersild v. Denmark, 23 September 1994, § 31, Series A no. 298) və “Pedersen və Baadsqaard Danimarkaya qarşı” [Böyük Palata] (Pedersen and Baadsgaard v. Denmark [GC], no. 49017/99, § 79, ECHR 2004-XI)). Televiziya və radionun dinləyici və ya tamaşaçının evində tanış əyləncə mənbəyi kimi fəaliyyət göstərməsi onların təsir imkanını gücləndirir (bax: “Mörfi İrlandiyaya qarşı” (Murphy v. Ireland, no. 44179/98, § 74, ECHR 2003-IX)).
133. Cəmiyyətdəki güclü iqtisadi və ya siyasi qrupun audiovizual mətbuatda hökmran mövqe əldə etməsinə və bununla da, yayım qurumlarına təzyiq göstərərək faktiki olaraq onların redaksiya azadlığını məhdudlaşdırmasına imkan verilməsi fikri sərbəst ifadə etmək azadlığının xüsusilə ictimaiyyətin almaq hüququ olduğu ümumi maraq doğuran informasiya və ideyaların yayılmasına xidmət göstərdiyi demokratik cəmiyyətlərdə Konvensiyanın 10-cu maddəsində əks olunmuş əsas rolunu sarsıdır (bax: “VgT Verein gegen Tierfabriken İsveçrəyə qarşı” (VgT Verein gegen Tierfabriken v. Switzerland, no. 24699/94, §§ 73) və “De Geillustreerde Niderlanda qarşı” (De Geillustreerde v. the Netherlands, no.5178/71, Commission decision of 6 July 1976, § 86, Decisions and Reports 8, p. 13)). Bu, hökmran mövqenin dövlət və ya ictimai yayım qurumu tərəfindən tutulduğu hallarda da keçərlidir. Beləliklə, Məhkəmə qət etmişdir ki, məhdudlaşdırıcı təbiətə malik olduğundan buna böyük ehtiyac olduğu sübut edilməzsə, ictimai yayım qurumuna mövcud tezliklər üzərində monopoliya imkanı verən lisenziya rejiminə haqq qazandırıla bilməz (yuxarıda qeyd edilmiş “Informationsverein Lentia və Digərləri” işi, 39-cu bənd).
134. Məhkəmə qeyd edir ki, audiovizual mətbuat kimi həssas bir sektorda dövlət müdaxilə etməmək kimi neqativ vəzifə ilə yanaşı, səmərəli plüralizmi təmin etmək məqsədilə müvafiq qanunvericilik və inzibati bazanı yaradaraq tətbiq etmək kimi pozitiv öhdəlik də daşıyır (yuxarıda 130-cu bəndə bax). Bu, audiovizual sistemin hazırkı işdə olduğu kimi duopoliya ilə xarakterizə olunduğu hallarda daha arzu olunandır.
Bu, nəzərə alınaraq qeyd olunmalıdır ki, Nazirlər Komitəsi Mətbuatda plüralizm və mətbuatın məzmununun müxtəlifliyinə dair CM/Rec(2007)2 nömrəli tövsiyəsində (yuxarıda 72-ci bəndə bax) bir daha bildirmişdir ki, “ideya və fikirlərin plüralist şəkildə ifadəsini, həmçinin mədəni müxtəlifliyi müdafiə etmək və fəal surətdə inkişaf etdirmək üçün üzv dövlətlər xüsusilə mətbuat üzərində sahiblik məsələlərində mövcud tənzimləyici bazanı uyğunlaşdırmalı və mətbuatda şəffaflıq və struktur plüralizmi, həmçinin yayılan məzmunun müxtəlifliyini təmin etmək məqsədilə istənilən tənzimləyici və maliyyə tədbirlərini görməlidirlər”.
135. Hazırkı işdə ortaya çıxan məsələ dövlət orqanlarının “informasiya və ideyaların yayılması”na müdaxilə edib-etmədiyi və əgər belə bir müdaxilə olmuşdursa, bu müdaxilənin “qanunla nəzərdə tutulubtutulmadığı”, bir və ya bir neçə qanuni məqsədə xidmət edib-etmədiyi və həmin məqsədlərə çatmaq üçün “demokratik cəmiyyətdə zəruri olubolmadığı” məsələsidir (bax: “RTBF Belçikaya qarşı” (RTBF v. Belgium, no. 50084/06, § 117, ECHR 2011 (extracts)).

(b) Müdaxilənin olub-olmaması məsələsi

136. Məhkəmə qət etmişdir ki, yayım üçün lisenziya verməkdən imtina edilməsi Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş hüquqların həyata keçirilməsinə müdaxilədir (digər sənədlər ilə yanaşı bax: yuxarıda qeyd edilmiş “Informationsverein Lentia və Digərləri” işi, 27-ci bənd; “ABC Radiosu Avstriyaya qarşı” (Radio ABC v. Austria, 20 October 1997, § 27, Reports 1997-VI); “Levek Fransaya qarşı” (qərardad) (Leveque v. France (dec.), no. 35591/97, 23 November 1999); “United Christian Broadcasters Ltd Birləşmiş Krallığa qarşı” (qərardad) (United Christian Broadcasters Ltd v. the United Kingdom (dec.), no. 44802/98, 7 November 2000); “Demus İsveçrəyə qarşı” (Demuth v. Switzerland, no. 38743/97, §30, ECHR 2002-IX) və yuxarıda qeyd edilmiş “Qlas Nadejda EOOD və Anatoli Yelenkov” işi, 42-ci bənd). Lisenziya verilməsindən fərdi qaydada edilmiş müraciətdən, yaxud tenderin keçirilməsindən sonra imtina edilməsi elə də böyük əhəmiyyətə malik deyil (yuxarıda qeyd edilmiş “Meltex Ltd və Mövsesyan” işi, 74-cü bənd).
137. Məhkəmə qeyd edir ki, hazırkı iş yuxarıdakı bəndlərdə istinad edilmiş işlərdən onunla fərqlənir ki, burada söhbət lisenziya verməkdən imtina edilməsindən getmir. Əksinə, tender keçirildikdən sonra ərizəçi şirkətə yerüstü analoq televiziya yayımını həyata keçirmək üçün 1999-cu il 28 iyul tarixində lisenziya verilmişdir (yuxarıda 9-cu bəndə bax). Bununla belə, yayım üçün heç bir tezlik verilmədiyinə görə o, 2009-cu il 30 iyuna qədər verilişlərini yayımlaya bilməmişdir.
138. Məhkəmə təkrar edir ki, Konvensiyanın məqsədi nəzəri və ya xəyali deyil, praktiki və səmərəli hüquqların təmin edilməsidir (bax: “Artiko İtaliyaya qarşı” (Artico v. Italy, 13 May 1980, § 33, Series A no. 37)). Ərizəçi şirkətə tezliklərin verilməməsi lisenziyanın praktiki əhəmiyyətini heçə endirmişdir, belə ki, bu lisenziya ilə icazə verilən fəaliyyətin təxminən on il ərzində de facto həyata keçirilməsi qeyri-mümkün olmuşdur. Beləliklə də, bu, ərizəçi şirkətin informasiya və ideyaları yaymaq hüququnun həyata keçirilməsi qarşısında böyük maneə olmuşdur və buna görə də bu hüquqa müdaxilə hesab edilir.

(c) Müdaxilənin “qanunla nəzərdə tutulub-tutulmaması” məsələsi

(i) Ümumi prinsiplər

139. 10-cu maddənin 1-ci bəndinin üçüncü cümləsi dövlətlərə lisenziya sistemi vasitəsilə öz ərazilərində yayımın təşkili qaydasını, xüsusilə onun texniki aspektlərini tənzim etmək hüququ verir. Lisenziyanın verilməsi digər mülahizələrə görə də müəyyən şərtlər ilə əlaqələndirilə bilər. Bu şərtlərə təklif olunan kanalın xarakteri və məqsədləri, onun milli, regional və yerli səviyyələrdə potensial auditoriyası, spesifik auditoriyanın hüquqları və tələbatları və beynəlxalq-hüquqi sənədlərdən irəli gələn öhdəliklər ilə bağlı ola bilər (bax: yuxarıda qeyd edilmiş “United Christian Broadcasters Ltd” işi və “Demus” işi, 33-35-ci bəndlər).
140. 10-cu maddənin 2-ci bəndindəki “qanunla nəzərdə tutulmuş” ifadəsi mübahisə predmeti olan tədbirin yalnız ölkənin milli qanunvericiliyində hüquqi əsasının olmasını tələb etmir, eyni zamanda sözü gedən qanunun keyfiyyəti məsələsinə toxunur. Maraqlı şəxsin bu qanun ilə tanış olması üçün imkan olmalı və onun nəticələri həmin şəxs üçün əvvəlcədən aydın olmalıdır (digər sənədlər ilə yanaşı bax: yuxarıda qeyd edilmiş “VgT Verein gegen Tierfabriken” işi, 52-ci bənd; “Rotaru Rumıniyaya qarşı” [Böyük Palata] (Rotaru v. Romania [GC], no. 28341/95, § 52, ECHR 2000-V); “Qaueda Polşa qarşı” (Gawęda v. Poland, no. 26229/95, § 39, ECHR 2002-II) və “Maestri İtaliyaya qarşı” [Böyük Palata] (Maestri v. Italy [GC], no. 39748/98, § 30, ECHR 2004-I)). Bununla belə, milli qanunvericiliyi təfsir və tətbiq etmək ilk növbədə milli dövlət orqanlarının, xüsusilə məhkəmələrin səlahiyyətində olan məsələdir (bax: “Kruslin Fransaya qarşı” (Kruslin v. France, 24 April 1990, § 29, Series A no. 176-A) və “Kopp İsveçrəyə qarşı” (Kopp v. Switzerland, 25 March 1998, § 59, Reports 1998-II)).
141. “Qanunla nəzərdə tutulmuş” ifadəsindən irəli gələn tələblərdən biri qanunun doğura biləcəyi nəticələrin əvvəlcədən aydın olmasıdır. Belə ki, əgər norma vətəndaşların öz davranışlarını tənzim etməsinə imkan yaratmaq üçün kifayət qədər dəqiq şəkildə ifadə olunmamışdırsa, “qanun” hesab edilə bilməz; onlar, zəruri olduqda müvafiq məsləhət almaqla, mövcud vəziyyətdə ağlabatan hesab olunan dərəcədə bu aktın doğura biləcəyi nəticələri əvvəlcədən görmək imkanına malik olmalıdırlar. Belə nəticələrin mütləq dəqiqliklə görülə bilinməsinə ehtiyac yoxdur: təcrübə göstərir ki, buna nail olunması mümkün də deyil. Bir daha qeyd edirik ki, dəqiqlik həddən çox arzu olunsa da, bu özü ilə həddən ziyadə sərtliyi də gətirə bilər və qanun dəyişən vəziyyət ilə ayaqlaşa bilməlidir. Buna görə də bir çox qanunların az-çox qeyri-müəyyənliyə malik olan anlayışlar vasitəsilə ifadə olunması qaçılmazdır və bu anlayışların təfsiri və tətbiqi təcrübə ilə bağlı məsələdir (bax: “Sunday Times Birləşmiş Krallığa qarşı” (nömrə 1) (Sunday Times v. the United Kingdom (no. 1), 26 April 1979, § 49, Series A no. 30); “Kokkinakis Yunanıstana qarşı” (Kokkinakis v. Greece, 25 May 1993, § 40, Series A no. 260-A) və “Rekvenyi Macarıstana qarşı” [Böyük Palata] (Rekvényi v. Hungary [GC], no. 25390/94, § 34, ECHR 1999-III)). 142. Daxili qanunvericiliyin tələb olunan dəqiqlik səviyyəsi (bu, hər bir halda hər bir ehtimal oluna biləcək hadisəni nəzərdə tuta bilməz) əsas etibarı ilə sözü gedən qanunun məzmunundan, onun əhatə etməli olduğu sferadan və barələrində tətbiq edilməli olanların sayı və statusundan asılıdır (bax: yuxarıda qeyd edilmiş “RTBF Belçikaya qarşı” işi, 104-cü bənd; yuxarıda qeyd edilmiş “Rekvenyi” işi, 34-cü bənd və “Foqt Almaniyaya qarşı” (Vogt v. Germany, 26 September 1995, § 48, Series A no. 323)).

143. Xüsusilə qayda o zaman “nəticələri əvvəlcədən aydın olan” hesab edilir ki, o, dövlət orqanları tərəfindən edilə biləcək qanunsuz müdaxilələrdən (bax: “Turanşo və Jüli Fransaya qarşı” (Tourancheau and July v. France, no. 53886/00, § 54, 24 November 2005)) və məhdudiyyətin istənilən tərəfin ziyanına geniş tətbiq edilməsindən (bax: mutatis mutandis, “Başkaya və Okçuoğlu Türkiyəyə qarşı” [Böyük Palata] (Başkaya and Okçuoğlu v. Turkey [GC], nos. 23536/94 and 24408/94, § 36, ECHR 1999IV)) qorunmaq üçün tədbirlər nəzərdə tutsun .

(ii) Yuxarıda qeyd olunan prinsiplərin hazırkı işə tətbiqi

144. Buna görə də hazırkı işdə Məhkəmə İtaliya qanunvericiliyində ərizəçi şirkətə verilmiş lisenziyaya uyğun olaraq yayım üçün tezliklərin ayrılması şərtləri və proseduruna dair müddəaların kifayət qədər dəqiqliklə təsbit olunub-olunmadığını müəyyən etməlidir. Müvafiq qanunvericiliyin audiovizual bazarda iştirak şərtlərinə aid olduğu hazırkı iş kimi işlərdə bu xüsusi önəm daşıyır.
145. Məhkəmə qeyd edir ki, 1999-cu il 28 iyulda müvafiq dövlət orqanları 249/1997 nömrəli qanuna uyğun olaraq ərizəçi şirkətə yerüstü milli televiziya yayımı aparmaq üçün lisenziya vermiş və bununla da, ona analoq televiziya şəbəkəsi yaradaraq fəaliyyət göstərmək üçün icazə vermişdir. Tezliklərin ayrılması məsələsinə gəlincə, lisenziyada 1998-ci il 30 oktyabr tarixində qəbul edilmiş tezliklərin ayrılması üzrə milli plana istinad edilmiş və öz qurğularını müvafiq tələblərə uyğunlaşdırmaq üçün ərizəçi şirkətə iyirmi dörd ay vaxt verilmişdir (yuxarıda 9-cu bəndə bax). Lakin yerli məhkəmələrində də qərarlarından aydın olduğu kimi (yuxarıda 14-cü bəndə bax) dövlət orqanları tərəfindən sabitləşdirmə proqramının qəbul edilməsi və tezliklərin ayrılması üzrə planın həyata keçirilməsinə qədər ərizəçi şirkət tərəfindən bu öhdəliyin icrası mümkün deyildi. Məhkəmə hesab edir ki, belə vəziyyətdə ərizəçi şirkətin dövlət orqanlarından ən gec 1999-cu il 28 iyul tarixindən keçən iyirmi dörd ay ərzində yerüstü yayım fəaliyyətini tənzim etmək üçün zəruri sənədləri qəbul etmələrini gözləmək üçün əsası var idi. Tələb olunduğu kimi qurğularını müasirləşdirdikdən sonra ərizəçi şirkət televiziya verilişlərini yayımlamaq hüququ əldə edəcəkdi.
146. Lakin tezliklərin ayrılması üzrə plan 2008-ci ilin dekabr ayına kimi həyata keçirilməmişdi və ərizəçi şirkətə verilişlərini yayımlamaq üçün kanal yalnız 2009-cu ilin 30 iyun tarixindən başlayaraq ayrılmışdır (yuxarıda 16cı bəndə bax). Bununla yanaşı, bir-neçə kanal plana əsasən ayrılmalı olan tezliklərdən müvəqqəti istifadəni davam etdirmişdir. Consiglio di Stato bu vəziyyətin əsas etibarı ilə qanunvericilik ilə bağlı amillərdən irəli gəldiyini qət etmişdir (yuxarıda 28-ci bəndə bax). Məhkəmə bu amilləri qısaca olaraq araşdıracaq.
147. O, ilk növbədə qeyd edir ki, 249/1997 nömrəli qanunun 3-cü maddəsinin 1-ci bəndində qeyd edilir ki, “dolmuş” kanallar (yuxarıda 60-cı bəndə bax) yeni lisenziyaların verilməsinə və ya yeni lisenziyaların verilməsinə dair ərizələrin rədd edilməsinə, lakin hər bir halda 1998-ci il 30 aprel tarixindən sonra olmamaq şərti ilə milli və yerli səviyyələrdə yayımı davam etdirə bilər (yuxarıda 57-ci bəndə bax). Lakin həmin qanunun 3-cü maddəsinin 6-cı bəndində müəyyən edilmiş keçid cədvəlinə görə dolmuş kanallar 1998-ci il 30 aprel tarixindən sonra da yerüstü tezliklərdə yayımı davam etdirə bilərdi, bir şərtlə ki, onlar kanal sahiblərinə verilmiş lisenziyalar üzərinə qoyulmuş öhdəliklərə əməl etsin və onların verilişləri eyni vaxtda peyk və ya kabel vasitəsilə də yayımlansın (yuxarıda 60-cı bəndə bax).
148. Ərizəçi şirkət yuxarıda qeyd edilmiş və 1998-ci il 10 apreldə lisenziyanın verilməsi zaman qüvvədə olmuş qanunvericilik bazasından belə bir nəticə çıxarmalı idi ki, dolmuş kanalların yayımı davam etdirməsi yeni lisenziya sahiblərinin hüquqlarına təsir göstərməyəcək. Lakin bu qanunvericilik 2001-ci il 20 mart tarixində 66 nömrəli qanun ilə dəyişilmişdir. Bu qanun analoq televiziyadan rəqəmsal televiziyaya keçidi tənzim edir və bir daha dolmuş kanallara rəqəmsal televiziya üçün tezliklərin ayrılması üzrə milli plan icra edilənə qədər yerüstü tezliklərdə yayımı davam etdirməyə icazə verirdi (yuxarıda 63-cü bəndə bax).
149. 2002-ci il 20 noyabrda (bu vaxta qədər plan hələ də icra edilməmişdi) Konstitusiya Məhkəməsi qət etmişdir ki, dolmuş kanallar üçün yerüstü tezliklərdən kabel və ya peyk yayımına keçid rəqəmsal televiziyanın inkişafında çatılmış mərhələdən asılı olmayaraq ən gec 2003-cü il 31 dekabr tarixinə qədər başa çatmalıdır (yuxarıda 62-ci bəndə bax). Bu qərarın fonunda ərizəçi şirkət ona ayrılmalı olan tezliklərin 2004-cü ilin əvvəlinə qədər boşaldılacağını gözləyə bilərdi. Lakin ölkə daxili qanunun qəbul edilməsi nəticəsində bu müddətin daha da uzadılmasına göstəriş verilmişdir.
150. 352/2003 nömrəli qanunvericilik aktının 1-ci maddəsi dolmuş kanallara rəqəmsal televiziya kanallarının inkişafı ilə bağlı AGCOM tərəfindən araşdırmanın sona çatdırılmasına qədər fəaliyyətini davam etdirməyə icazə vermişdir. Sonra 112/2004 nömrəli qanun (23-cü maddənin 5-ci bəndi) ümumi icazə mexanizmi vasitəsilə rəqəmsal televiziya üçün tezliklərin ayrılması üzrə milli planın icra edilməsinə qədər dolmuş kanalların yerüstü tezliklərdə yayımı davam etdirməsi imkanını artırmışdır (yuxarıda 65-67-ci bəndlərə bax). Bunun da nəticəsində artıq həmin kanallardan ərizəçi şirkət kimi lisenziya sahibləri olan operatorlara verilməli olan tezliklərin boşaldılması tələb olunmurdu.
151. Məhkəmə qeyd edir ki, bu qanunların ardıcıl olaraq tətbiqi tezliklərin blok edilməsinə və dolmuş kanallardan başqa operatorların rəqəmsal televiziyanın erkən mərhələlərində iştirakının qarşısının alınmasına gətirib çıxarmışdır. Xüsusilə sözü gedən qanunlar keçid cədvəlinin müddətinin başa çatmasını AGCOM tərəfindən rəqəmsal televiziya kanallarının inkişafı və tezliklərin ayrılması üzrə milli planın icra edilməsinə qədər, başqa sözlə bitmə tarixinin müəyyən edilməsi mümkün olmayan hadisələrə istinad etməklə təxirə salmışdır. Bu baxımdan Avropa Məhkəməsi Avropa İttifaqı Məhkəməsinin aşağıdakı nəticələri ilə razılaşır:
“…112/2004 nömrəli qanun sadəcə mövcud operatorlara radio tezliklərin əldə edilməsi sahəsində üstün hüquqlar verməmiş, eyni zamanda bu operatorlar üçün müəyyən edilmiş imtiyazlı vəziyyəti vaxt baxımından məhdudlaşdırmadan və rəqəmsal televiziya yayımına keçiddən sonrakı zaman üçün təsbit edilmiş həddi pozmaqla radio tezliklərdən imtina edilməsi ilə bağlı hər hansı öhdəlik müəyyən etmədən bu hüquqların onlar üçün müstəsna xarakter daşımasını təmin etmişdir”.

152. Buna görə də Məhkəmə hesab edir ki, sözü gedən qanunlar qeyrimüəyyən ifadələrdən ibarət olmaqla keçid cədvəlin qüvvədə olma dairəsi və müddətini kifayət qədər dəqiq və açıq şəkildə müəyyən etməmişdir.
153. Buna əlavə olaraq, Consiglio di Stato-nun işi baxmaq üçün göndərdiyi Avropa İttifaqı Məhkəməsi qeyd etmişdir ki, milli qanunvericilikdə əks olunmuş bu tədbirlər mövcud şəbəkələrin xeyrinə olan keçid xarakterli işlərin ardıcıl olaraq tətbiqini ehtiva etmişdir və bunun da nəticəsində Centro Europa 7 S.r.l. kimi yayım üçün tezliklərə malik olmayan operatorların hətta lisenziyaya belə malik olmalarına baxmayaraq (ərizəçi şirkətə bu lisenziya 1999-cu ildə verilmişdir – yuxarıda 35-ci bəndə bax) televiziya yayım bazarına daxil olmalarının qarşısı alınmışdır.
154. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi və Avropa İttifaqı Məhkəməsinin də dəfələrlə qəbul etdiyi qərarlara baxmayaraq, daxili qanunvericilik bazası aydın və dəqiq olmamış və ərizəçi şirkətə kifayət qədər açıq şəkildə tezliklərin hansı mərhələdə verilə biləcəyini və verilmiş lisenziyada göstərilmiş fəaliyyətə nə zaman başlaya biləcəyini əvvəlcədən görmək imkanı verməmişdir. Buradan belə çıxır ki, sözü gedən qanunlar Məhkəmənin presedent hüququnda təsbit edilmiş nəticələrin əvvəlcədən görülə bilinməsi tələbinə cavab verməmişdir.
155. Məhkəmə bundan əlavə qeyd edir ki, dövlət orqanları 249/1997 nömrəli qanundan və Konstitusiya Məhkəməsinin qərarlarından irəli gələn və lisenziyada əks olunmuş müddətlərə əməl etməmiş və bununla da, ərizəçi şirkətin ümidlərini puç etmişdir. Hökumət şirkətin sərəncamında dövlət orqanlarını qanuna və Konstitusiya Məhkəməsinin qərarlarına əməl etməyə məcbur etmək üçün səmərəli vasitələrin olduğunu sübut edə bilməmişdir. Bu o deməkdir ki, şirkətin qanunsuz hərəkətlərdən müdafiə oluna bilməsi üçün kifayət edici təminatlar verilməmişdir.

(d) Nəticə

156. Yekun olaraq Məhkəmə hesab edir ki, açıq keçirilmiş tenderdə lisenziya əldə etməsinə baxmayaraq on ildən artıq müddət ərzində televiziya yayımı sektorunda fəaliyyət göstərə bilməyən ərizəçi şirkətə münasibətdə tətbiq olunmuş qanunvericilik Konvensiyada nəzərdə tutulmuş nəticələrin əvvəlcədən görünə bilinməsi tələbinə cavab verməmiş və şirkəti demokratik cəmiyyətdə qanunun aliliyinin tələb etdiyi qanunsuzluğa qarşı müdafiə tədbirindən məhrum etmişdir. Bu çatışmazlıq digər nəticələr doğurmaqla yanaşı audiovizual sektorda rəqabətin azalmasına da səbəb olmuşdur. Buna görə də bu, dövlətin mətbuatda səmərəli plüralizmi təmin etmək məqsədilə müvafiq qanunvericilik və inzibati baza yaradaraq tətbiq etmək sahəsindəki pozitiv öhdəliyinə əməl etməməsi hesab edilir (yuxarıda 134-cü bəndə bax).
157. Bu nəticələr hazırkı işdə Konvensiyanın 10-cu maddəsinin pozulduğu qənaətinə gəlinməsi üçün yetərlidir.
158. Yuxarıda əldə olunmuş nəticə Məhkəmənin hazırkı işdə Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş digər tələblərə, yəni keçid cədvəlin müddətini uzadan qanunların qanuni məqsədə yönəlməsi və həmin məqsədə nail olmaq üçün demokratik cəmiyyətdə zəruri olması tələblərinə əməl olunub-olunmadığını araşdırması zərurətini aradan qaldırır.

IV. KONVENSİYANIN 10-CU MADDƏSİ İLƏ BİRGƏ 14-CÜ MADDƏNİN İDDİA OLUNAN POZUNTUSU

159. Ərizəçi şirkət bildirmişdir ki, o, fikrini azad ifadə etmək hüququndan istifadə məsələsində Mediaset qrupu ilə müqayisədə ayrı-seçkiliyə məruz qalmışdır.
O, Konvensiyanın 14-cü maddəsinə istinad etmişdir ki, burada da qeyd edilir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrıseçkilik olmadan təmin olunmalıdır”.
160. Ərizəçi şirkətin izahatına görə İtaliya sistemi Mediaset qrupuna münasibətdə preferensial rəftarı təmin etmiş və bu qrup maraqlar münaqişəsinə səbəb olmuş vəziyyətdə qəbul olunmuş ayrı-seçkilik xarakteri daşıyan qanunvericilik və inzibati tədbirlərdən faydalanmışdır. O həmçinin iddia etmişdir ki, o, digər operatorlara münasibətdə də ayrı-seçkiliyə məruz qalmış və bunun da nəticəsində onun bazara daxil olmasının qarşısı alınmışdır.
161. Hökumət izahatlarında bildirmişdir ki, işə siyasi mövqedən yanaşılmamalıdır. O, ərizəçi şirkətin tezliklər əldə edə bilməməsinin səbəbləri ilə bağlı 10-cu maddə ilə əlaqədar qeydlərində əks olunmuş mülahizələri təkrarlayaraq Centro Europa 7 S.r.l. ilə Mediaset-in vəziyyəti arasında səbəbiyyət əlaqəsinin olduğunu inkar etmiş və bildirmişdir ki, hazırkı işdə ərizəçi şirkət ilə müqayisədə hər hansı kanala münasibətdə preferensial rəftar olmamışdır.
162. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 10-cu maddəsi ilə bağlı irəli sürülmüş şikayətlə sıx surətdə bağlıdır və buna görə də qəbuledilən elan edilməlidir. Məhkəmə 10-cu maddə ilə bağlı gəldiyi nəticələri nəzərə alaraq (yuxarıda 156-cı bəndə bax) Konvensiyanın 14-cü maddəsi əsasında irəli sürülmüş şikayətin ayrıca araşdırılmasına ehtiyac olmadığını hesab edir.

V. 1 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU

163. Ərizəçi şirkət 1 saylı protokolun 1-ci maddəsində təsbit olunmuş mülkiyyətindən maneəsiz istifadə hüququnun pozulmasından şikayət etmişdir. Burada qeyd edilir:

“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır”.

164. Ərizəçi şirkət bildirmişdir ki, on ilə yaxın müddət ərzində bütün ölkə ərazisində televiziya yayımını həyata keçirmək üçün ona verilmiş lisenziya əsasında hüquqlarını həyata keçirə bilməmiş və ölkə məhkəmələri tərəfindən ona verilmiş kompensasiya “mülkiyyətinin” əsl dəyərini əks etdirməmişdir.
165. Hökumət bu arqument ilə razılaşmamışdır.

A. Ərizənin qəbuledilənliyi

166. Məhkəmə ilk növbədə ərizəçi şirkətin 1 saylı protokolun 1-ci maddəsinin mənasında “mülkiyyət”ə malik olub-olmadığını və bu baxımdan həmin maddənin hazırkı işə tətbiq edilə bilib-bilmədiyini araşdırmalıdır.

1. Tərəflərin izahatları

(a) Hökumət

167. Əsas izahatında olduğu kimi Hökumət “mülkiyyət”in olması ilə bağlı etirazını bildirmiş və göstərmişdir ki, ərizəçi şirkətə 1999-cu ildə verilmiş lisenziya ona ipso facto Nazirlik tərəfindən ayrılan tezliklərə malik olmaq hüququ verməmişdir; buna görə də onun hər hansı tezlik əldə edilməsi ilə bağlı qanuni gözləntisi olmamışdır. Bundan əlavə, ölkə məhkəmələri ərizəçi şirkətin tezliklərin ayrılması ilə bağlı xahişini qəbuledilməz elan etmişdir.
168. Hökumət bundan başqa bildirmişdir ki, Konvensiya hər hansı qanuni əsasa malik olmamaqla mövcud olmayan hüququ müdafiə etmir. Məhkəmənin presedent hüququna əsasən nə “həqiqi mübahisə”, nə də “mübahisə edilə bilən tələb” Konvensiyanın mənasında “mülkiyyət” tələbinə cavab vermir. Milli qanunvericiliyin təfsiri və tətbiqinin düzgünlüyü ilə bağlı mübahisənin olduğu və ərizəçinin dəlillərinin ölkə məhkəmələri tərəfindən rədd edildiyi hallarda Konvensiya ilə müdafiə olunan hər hansı “qanuni gözlənti” ortaya çıxmır (“Kopeçki Slovakiyaya qarşı” [Böyük Palata] (Kopecký v. Slovakia [GC], no. 44912/98, § 50, ECHR 2004-IX)).
169. Bundan başqa, ərizəçi şirkət 2001-ci il 20 mart tarixli 66 nömrəli qanunun 1-ci maddəsinə uyğun olaraq tezlikləri satın ala bilərdi (yuxarıda 63-cü bəndə bax). Hökumətin izahatlarına görə ərizənin predmetini tezliklərin verilməsi deyil, milli səviyyədə verilmiş kompensasiyanın məbləğinin iddiaya görə qənaətbəxş olmaması təşkil etmişdir. Sonda Hökumət qeyd etmişdir ki, lisenziya heç zaman geri götürülməmiş və ya ləğv edilməmişdir.

(b) Ərizəçi şirkət

170. Ərizəçi şirkət Hökumətin arqumentinə etiraz edərək bildirmişdir ki, fikri ifadə etmək azadlığının həyata keçirilməsinə və iqtisadi fəaliyyətin aparılmasına imkan verən yayım tezliklərinə malik olma və onlardan istifadə etmə əmlak hesab olunur və buna görə də 1 saylı protokolun 1-ci maddəsinin mənasında “mülkiyyət” anlayışına daxil olur.

2. Məhkəmənin qiymətləndirməsi

(a) Ümumi prinsiplər

171. Məhkəmə təkrar edir ki, 1 saylı protokolun 1-ci maddəsinin 1-ci bəndində qeyd edilmiş “mülkiyyət” konsepsiyası müstəqil mənaya malik olmaqla maddi nemətlərə sahiblik ilə məhdudlaşdır və milli qanunvericilikdəki formal təsnifat ilə bağlı deyil. Maddi nemətlər kimi əmlak hesab olunan bəzi digər hüquq və maraqlara da “mülkiyyət hüququ” və beləliklə də, bu müddəanın mənasında “mülkiyyət” kimi baxıla bilər. Hər bir işdə hazırkı işin hallarının bütünlükdə 1 saylı protokolun 1-ci maddəsi ilə müdafiə olunan maddi marağa hüquq verib-vermədiyini araşdırmaq tələb olunur (bax: “İatridis Yunanıstana qarşı” [Böyük Palata] (Iatridis v. Greece [GC], no. 31107/96, § 54, ECHR 1999-II); “Beyeler İtaliyaya qarşı” [Böyük Palata] (Beyeler v. Italy [GC], no. 33202/96, § 100, ECHR 2000-I) və “Broniovski Polşaya qarşı” [Böyük Palata] (Broniowski v. Poland [GC], no. 31443/96, § 129, ECHR 2004-V)).
172. 1 saylı protokolun 1-ci maddəsi yalnız şəxsin mövcud mülkiyyətinə münasibətdə tətbiq olunur. Belə ki, gələcək gəlir artıq qazanılana və ya qəti olaraq ödənilməli olana qədər “mülkiyyət” hesab oluna bilməz. Bundan əlavə, çoxdan itirilmiş mülkiyyət hüququnun yenidən əldə ediləcəyi ümidinə “mülkiyyət” kimi baxıla bilməz; eyni yanaşma şərtə əməl edilə bilməməsi nəticəsində qüvvəsini itirmiş şərti tələbə də aiddir (bax: “Qratzinger və Qratzingerova Çex Respublikasına qarşı” (qərardad) [Böyük Palata] (Gratzinger and Gratzingerova v. the Czech Republic (dec.) [GC], no. 39794/98, § 69, ECHR 2002-VII)).
173. Bununla belə, müəyyən hallarda əmlak əldə edilməsi ilə bağlı “qanuni gözlənti” də 1 saylı protokolun 1-ci maddəsinin müdafiəsi altına düşə bilər. Belə ki, mülkiyyətçinin maraqlarının tələb formasında olduğu hallarda, marağın milli qanunvericilikdə kifayət qədər əsası olduğu təqdirdə (misal üçün, onun mövcud olmasını təsdiq edən milli məhkəmələrin təcrübəsi mövcuddursa) bunun verildiyi şəxsə “qanuni gözləntisi” olan şəxs kimi baxılması mümkündür. Lakin milli qanunvericiliyin düzgün təfsiri və tətbiqi ilə bağlı mübahisə mövcuddursa və ərizəçinin dəlilləri sonradan milli məhkəmələr tərəfindən rədd edilmişdirsə, hər hansı “qanuni gözləntinin” meydana gəlməsindən söhbət gedə bilməz (yuxarıda istinad edilmiş “Kopeçki” işi, 50-ci bənd).

(b) Yuxarıda qeyd edilmiş prinsiplərin hazırkı işə tətbiqi

174. Məhkəmə ilk öncə qeyd edir ki, ərizəçi şirkət 1999-cu il 28 iyul tarixindən bütün ölkə ərazisində yerüstü televiziya yayımını həyata keçirmək üçün lisenziyaya malik olmuşdur. Lisenziya ona analoq televiziya şəbəkəsi quraraq fəaliyyət göstərməyə icazə vermişdi (yuxarıda 9-cu bəndə bax). İtaliyanın inzibati məhkəmələri qət etmişdir ki, bu, ərizəçi şirkətə yayım üçün tezliklərin ayrılması hüququ (diritto soggettivo) verməmiş, onun yalnız qanuni marağını (interesse legittimo), yəni ictimai maraqlara uyğun olduğu təqdirdə dolayı yolla müdafiə olunan fərdi mövqeyini təsbit etmişdir. Buna görə də ərizəçi şirkət yalnız tezliklərin ayrılmasına dair xahişinə Hökumət tərəfindən milli qanunvericilik və Avropa İttifaqı Məhkəməsi tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq baxılmasını tələb etmək hüququ var idi (bax: Regional İnzibati Məhkəmənin 2004-cü il 16 sentyabr tarixli qərarı, yuxarıda qeyd edilmiş 25-ci bənd və Consiglio di Stato-nun 2008-ci il 31 may tarixli 2622/08 nömrəli qərarı, yuxarıda qeyd edilmiş 37-ci bənd).
175. Məhkəmə Konvensiyanın 10-cu maddəsi ilə bağlı qeyd etdiyi kimi lisenziyanın şərtləri və lisenziyanın verilməsi zamanı qüvvədə olmuş qanunvericilik nəzərə alınarsa, ərizəçi şirkətin 1999-cu il 28 iyul tarixindən sonrakı iyirmi dörd ay ərzində dövlət orqanlarının yerüstü yayım fəaliyyətini tənzim etmək üçün zəruri hüquqi tədbirlər görməsini gözləməsi mümkün idi. Ərizəçi şirkət tələb olunduğu kimi qurğularını müasirləşdirdikdən sonra televiziya verilişlərini həyata keçirmək hüququna malik olacaqdı (yuxarıda 145-ci bəndə bax). Bu baxımdan onun “qanuni gözləntisi” var idi. O da düzdür ki, Hökumətin qeyd etdiyi kimi inzibati məhkəmələr ərizəçi şirkətin tezliklərin ayrılması ilə bağlı xahişlərini rədd etmişdir. Lakin bu qərar ilə ərizəçi şirkətin xahişi mahiyyəti üzrə rədd edilməmişdir. Qərarın qəbul edilməsi onunla bağlı olmuşdur ki, İtaliya qanunvericiliyində mövcud olan qaydaya görə inzibati məhkəmələr bəzi tədbirləri inzibati hakimiyyət orqanlarının əvəzinə görə bilməz (yuxarıda 37-ci bəndə bax).
176. Bundan əlavə, Avropa İttifaqı Məhkəməsi 2008-ci il 31 yanvar tarixli qərarında aşağıdakıları qeyd etmişdir:
“…Bununla bağlı bildirilməlidir ki, televiziya yayımı sahəsində Avropa İttifaqı haqqında müqavilənin 49-cu maddəsində əks olunmuş və bu sahədə NCRF tərəfindən həyata keçirilən xidmətlər göstərmək azadlığı yalnız yayıma icazə verilməsini deyil, eyni zamanda yayım üçün radio tezliklərin verilməsini də tələb edir. Yayım üçün radio tezliklər olmadan operator televiziya yayımı bazarına daxil olmaq ilə bağlı Birliyin qanunvericiliyindən irəli gələn hüquqlarını səmərəli şəkildə həyata keçirə bilməz”.
177. Məhkəmə bu təhlil ilə razılaşır. O bundan əlavə qeyd edir ki, əvvəllər də bildirdiyi kimi biznes fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyanın geri götürülməsi Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində əks olunmuş mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə hesab olunur (bax: “Tre Traktörer AB İsveçə qarşı” (Tre Traktörer AB v. Sweden, 7 July 1989, § 53, Series A no. 159); “Capital Bank AD Bolqarıstana qarşı” (Capital Bank AD v. Bulgaria, no. 49429/99, § 130, ECHR 2005-XII);
“Rosenzweig və Bonded Warehouses Ltd Polşaya qarşı” (Rosenzweig and Bonded Warehouses Ltd v. Poland, no. 51728/99, § 49, 28 July 2005) və “Bimer S.A. Moldovaya qarşı” (Bimer S.A. v. Moldova, no. 15084/03, § 49, 10 July 2007)). Məhkəmə hesab edir ki, hazırkı işdə faktiki olaraq lisenziya geri götürülməsə də, yayım üçün tezlik ayrılmadığına görə lisenziya öz mahiyyətini itirmişdir.
178. Buna görə də Məhkəmə hesab edir ki, lisenziyadan istifadə edilməsi ilə bağlı olan maraqlar mülkiyyət maraqlarıdır və 1 saylı protokolun 1-ci maddəsinin müdafiəsi altına düşür (bax: mutatis mutandis, yuxarıda istinad edilmiş “Tre Traktörer AB” işi, 53-cü bənd).
179. Buna görə də Məhkəmə qət edir ki, ərizəçi şirkətin lisenziya üzrə analoq televiziya şəbəkəsini işlətmək formasındakı mülkiyyət maraqları ilə bağlı olan qanuni gözləntisinin maddi maraq və beləliklə də, 1 saylı protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş mənada “mülkiyyət” hesab edilməsi üçün kifayət qədər əsas mövcuddur və buna görə də qeyd edilən maddə hazırkı işə tətbiq oluna bilər (bax: mutatis mutandis, “Streç Birləşmiş Krallığa qarşı” (Stretch v. the United Kingdom, no. 44277/98, §§ 32-35, 24 June 2003) və “Bozcaada Kimisis Teodoku Rum Ortodoks Kilisesi Vakfı Türkiyəyə qarşı” (nömrə 2) (Bozcaada Kimisis Teodoku Rum Ortodoks Kilisesi Vakfı v. Turkey (no. 2), nos. 7646/03,
37665/03, 37992/03, 37993/03, 37996/03, 37998/03, 37999/03 and 38000/03, § 50, 6 October 2009)).
180. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndinə əsasən açıq-aşkar əsassız deyil. Eyni zamanda o, hər hansı başqa əsasa görə də qəbuledilməz hesab edilə bilməz. Buna görə də ərizə qəbuledilən elan edilməlidir

B. Ərizənin mahiyyəti

1. Tərəflərin izahatları

(a) Ərizəçi şirkət

181. Ərizəçi şirkət bildirmişdir ki, 1 saylı protokolun 1-ci maddəsinin məqsədləri baxımından Hökumətin davranışı mülkiyyətin özgəninkiləşdirilməsinə bərabərdir, belə ki, Hökumət nəyinki sadəcə əsassız şəkildə tezliklərin verilməsini təmin etməmiş, eyni zamanda qanunauyğun şəkildə keçirilmiş açıq tender nəticəsində əldə etdiyi lisenziyanın icrasından imtina etmişdir.
182. Ərizəçi şirkət bildirmişdir ki, özgəninkiləşdirilmə ictimai maraqlar ilə bağlı olmamış, Mediaseti-in özəl maraqlarına xidmət etmişdir. Belə ki, sonuncu qanuni lisenziya sahibi kimi ərizəçi şirkətə ayrıla biləcək tezliklərdən istifadə etmişdir. Bundan əlavə, özgəninkiləşdirilmə “qanunla nəzərdə tutulmuş qaydada” həyata keçirilməmişdir. 249/1997 nömrəli qanuna görə müvafiq tezliklər tender prosesində qalib gəlmiş tərəfə, yəni Centro Europa 7 S.r.l. şirkətinə verilməli idi. Lakin bir sıra keçid qanunvericilik aktları ərizəçi şirkətin tezliklərdən istifadəsinə mane olmuşdur.
183. Ərizəçi şirkət daha sonra bildirmişdir ki, milli səviyyədə verilmiş kompensasiya özgəninkiləşdirilmiş mülkiyyətin dəyərini əks etdirməmişdir. İmkanların itirilməsi nəticəsində əldən çıxmış gəlirin müəyyən edilməsi məqsədilə Məhkəmə yalnız tezliklərin ayrılmasında yol verilmiş gecikdirmələri deyil, eyni zamanda bazarın bu günlə müqayisədə daha məhdud olduğu 1999-cu ildə digər şirkətlər ilə rəqabət aparmağın mümkün olmaması məsələsini də nəzərdən keçirməlidir. Ərizəçi şirkət bundan başqa qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin 2003-cü il 31 dekabr tarixinin keçid müddətinin başa çatması üçün ağlabatan müddət olması barədə qərarına istinad edən Consiglio di Stato yalnız 2004-cü ildən sonra vurulmuş ziyanı nəzərə almış, bununla da pozuntunun baş verdiyi digər beş ilə məhəl qoymamışdır. Sonda ərizəçi şirkət qeyd etmişdir ki, Consiglio di Stato-nun gəldiyi qənaətə görə lisenziyanın verilməsi dərhal müvafiq iqtisadi fəaliyyət ilə məşğul olmaq hüququnu yaratmamışdır və buna görə də kompensasiya müvafiq dövlət orqanı tərəfindən tezliklərin ayrılması ilə bağlı qanuni gözləntinin əsasında hesablanmalı idi.

(b) Hökumət

184. Hökumət ərizəçi şirkətin arqumentlərinə etiraz etmiş və ərizənin “maliyyə” xarakterli olduğunu bildirmişdir.

2. Məhkəmənin qiymətləndirməsi

185. Mülkiyyətin müdafiəsi hüququnu təmin edən 1 saylı protokolun 1-ci maddəsi üç fərqli qaydanı nəzərdə tutur: “birinci bəndin ilk cümləsində təsbit olunmuş birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini nəzərdə tutur; birinci bəndin ikinci cümləsində təsbit olunmuş ikinci qayda mülkiyyətdən məhrum olunma ilə bağlıdır və bunu müəyyən şərtlər ilə əlaqələndirir; ikinci bənddə təsbit olunmuş üçüncü qaydada bəyan edilir ki, Razılığa Gələn Dövlətlər digər hüquqlar ilə yanaşı ….ümumi maraqlara uyğun olaraq mülkiyyətdən istifadə üzərində nəzarəti həyata keçirə bilərlər. Bununla belə bu üç qayda bağlılığın olmaması mənasında “fərqli deyil”. İkinci və üçüncü qayda mülkiyyətdən maneəsiz istifadə hüququna konkret müdaxilə hallarına aiddir və buna görə də birinci qaydada əks olunmuş ümumi prinsip nəzərə alınmaqla təfsir olunmalıdır” (digər qərarlar ilə yanaşı bax: “Ceyms və Digərləri Birləşmiş Krallığa qarşı” (James and Others v. the United Kingdom, 21 February 1986, § 37, Series A no. 98) və yuxarıda qeyd edilmiş “Beyeler” işi, 98-ci bənd).
186. Ərizəçi şirkət bildirmişdir ki, hazırkı işdə o, “mülkiyyətindən məhrum edilmişdir”. Lakin Məhkəmə bu arqumenti qəbul edə bilməz. Ərizəçi şirkətin hazırda televiziya verilişlərini yayımlaya bilməsi onu göstərir ki, onun analoq televiziya şəbəkəsini işlətmək formasındakı maddi marağının özgəninkiləşdirilməsi baş verməmişdir. Buna baxmayaraq lisenziyaya uyğun fəaliyyət ilə məşğul olmaq imkanına bir sıra tədbirlər təsir göstərmişdir ki, bunlar da mahiyyət etibarı ilə başlanğıc tarixini təxirə salmaq məqsədi daşımışdır; Məhkəmənin mövqeyinə görə bu, mülkiyyətdən istifadəyə nəzarətin bir vasitəsidir və 1 saylı protokolun 1-ci maddəsinin ikinci bəndinin mövqeyindən araşdırılmalıdır.
187. 1 saylı protokolun 1-ci maddəsinin birinci və ən vacib tələbi odur ki, dövlət orqanının mülkiyyətdən maneəsiz istifadəyə istənilən müdaxiləsi qanuni olmalıdır (bax: yuxarıda qeyd edilmiş “İatridis” işi, 58-ci bənd və yuxarıda qeyd edilmiş “Beyeler” işi, 108-ci bənd). Xüsusilə ikinci bənddə qeyd edilir ki, dövlətlər mülkiyyətdən istifadə üzərində nəzarət etmək hüququna malikdirlər, bir şərtlə ki, onlar bu hüququ “qanunlar” qəbul etməklə həyata keçirsinlər. Qanunçuluq prinsipi həm də milli qanunvericiliyin müvafiq müddəalarının tətbiq zamanı tanış olmaq üçün kifayət qədər açıq, dəqiq və nəticələri əvvəlcədən aydın görünən olmasını nəzərdə tutur (bax: mutatis mutandis, yuxarıda qeyd edilmiş “Broniovski” işi, 147-ci bənd).
188. Bununla belə, Məhkəmə artıq Konvensiyanın 10-cu maddəsi ilə bağlı məsələyə baxan zaman qət etmişdir ki, ərizəçi şirkətin hüquqlarına müdaxilə onun presedent hüququnun mənasında nəticələri əvvəlcədən görünə bilən hüquqi bazaya əsaslanmamışdır (yuxarıda 156-cı bəndə bax). O, 1 saylı protokolun 1-ci maddəsi ilə bağlı da sadəcə olaraq eyni nəticəyə gələ bilər və bu, həmin maddənin pozulmasının təsbit edilməsi üçün yetərlidir.
189. Yuxarıda gəlinmiş nəticə Məhkəmə tərəfindən hazırkı işdə 1 saylı protokolun 1-ci maddəsinin digər tələblərinin pozulub-pozulmadığını, xüsusilə ərizəçi şirkətin “mülkiyyətindən” istifadəsi üzərində nəzarətin həyata keçirilməsinin “ümumi maraqlara uyğun olub-olmadığını” araşdırılması zərurətini aradan qaldırır.

VI. KONVENSİYANIN 6-CI MADDƏSİNİN 1-Cİ BƏNDİNİN İDDİA OLUNAN POZUNTUSU

190. Ərizəçi şirkət işinə ədalətli şəkildə baxılması hüququnun pozulduğunu iddia etmişdir. O, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə istinad etmişdir ki, burada da deyilir:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən… müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, … işinin ədalətli…araşdırılması hüququna malikdir”.

A. Tərəflərin izahatları

1. Hökumət

191. Hökumət bu şikayətin açıq-aşkar əsassız olduğunu bildirmişdir, belə ki, yerli məhkəmələrin fakt və ya qanun ilə bağlı yol verdiyi səhvlərlə bağlı işlərə baxmaq Məhkəmənin vəzifəsi deyil və milli qanunvericiliyin təfsiri ilə bağlı problemləri ilk növbədə milli dövlət orqanları, əsasən də məhkəmələr həll etməlidir.
192. Xüsusilə 43/2004 və 112/2004 nömrəli qanunlar Regional İnzibati Məhkəmə tərəfindən nəzərə alınmamış və Consiglio di Stato bu qanunlara istinad edərək ərizəçi şirkətin kompensasiya almaq hüququnun olduğunu bildirmişdir. Bundan əlavə, Consiglio di Stato-nun maddi kompensasiyanın verilməsinə dair qərarı dövlətin müstəqil olduğunu və Avropa İttifaqı Məhkəməsinin qərarının nəzərə alındığını sübut etmişdir. Hökumət bundan başqa bildirmişdir ki, məhkəmə işlərində ümumi maraqlara malik olan tərəflərin qismən oxşar anlayışları ehtiva edən qeydləri məhkəməyə təqdim etməsi mümkündür və vəkil tərəfindən texniki izahatların tərtib edilməsi onun Hökumət tərəfindən bəyənilməsi anlamına gəlmir.
193. Sonda Hökumət qeyd etmişdir ki, Consiglio di Stato ərizəçi şirkətin ekspert qiymətləndirilməsi ilə bağlı xahişini rədd edərək qərara gəlmişdir ki, sübut etmə vəzifəsi ərizəçi şirkətin üzərinə düşür və məhkəmənin göstərişi ilə ekspert qiymətləndirməsinin həyata keçirilməsi sübut təqdim edilmə bilməməsini kompensasiya edə bilməz.

2. Ərizəçi şirkət

194. Ərizəçi şirkət bildirmişdir ki, işin gedişində qanunvericiliyə edilmiş müxtəlif dəyişikliklər onun işinə ədalətli baxılması hüququnu pozmuşdur; o əlavə etmişdir ki, qanun düzgün tətbiq edilməmiş və Konstitusiya Məhkəməsinin qərarı icra olunmamışdır. Bundan əlavə, Consiglio di Statoda gedən prosesdə Hökumət Mediaset qrupunun mövqeyini müdafiə etmiş və bununla da, dövlətin müstəqil olmadığını nümayiş etdirmişdir. Ərizəçi şirkətin izahatına görə Hökumətin yaddaş qeydinin Mediaset qrupu tərəfindən hazırlanmış qeydə əsasən tərtib edilməsi də bu faktın bariz sübutudur.
195. Ərizəçi şirkət bildirmişdir ki, İtaliya dövləti aydın və hərtərəfli baza müəyyən etməməklə qanunçuluq, şəffaflıq, diskriminasiyaya yol verməmə, azad rəqabət, qərəzsizlik və qanunun aliliyi kimi prinsipləri pozmuşdur. Nəhayət, Consiglio di Stato ona reallıqda vurulmuş ziyanın əvəzini ödətdirməmiş və məbləğ ilə bağlı təyin etməli olduğu ekspert qiymətləndirməsini təmin etməmişdir.

B. Məhkəmənin qiymətləndirməsi

196. Məhkəmə hesab edir ki, ərizəçi şirkətin şikayətinin bir hissəsi (xüsusilə aydın tənzimləyici bazanın olmaması, qanunvericiliyə düzəlişlər edilməsi və Konstitusiya Məhkəməsinin qərarlarının icra olunmaması ilə bağlı olanlar) əsas etibarı ilə Konvensiyanın 10-cu maddəsinə əsasən irəli sürülmüş dəlilər ilə oxşardır. Buna görə də bu dəlillərin 6-cı maddə əsasında ayrıca araşdırılmasına ehtiyac yoxdur.
197. Consiglio di Stato-da keçirilmiş proses ilə bağlı xüsusi şikayətlərə gəlincə, Məhkəmə təkrar edir ki, onun vəzifəsi Konvensiyanın iştirakçısı olan dövlətlər tərəfindən üzərilərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsini təmin etməkdir. Xüsusilə o, Hökumət ilə razılaşır ki, milli məhkəmələr tərəfindən fakt və ya qanun ilə bağlı edilmiş səhvləri araşdırmaq, əgər bu səhvlər Konvensiya ilə müdafiə olunan hüquq və azadlıqları pozmursa, məhkəmənin funksiyasına aid deyil (bir çox digər qərarlar ilə yanaşı bax: “Qarsia Ruiz İspaniyaya qarşı” [Böyük Palata] (García Ruiz v. Spain [GC], no. 30544/96, § 28, ECHR 1999-I)). Xüsusilə Avropa Məhkəməsi milli məhkəmənin bu deyil, digər bir qərar qəbul etməsinə səbəb olmuş faktlara qiymət verə bilməz; əks halda, o, dördüncü məhkəmə instansiyası kimi fəaliyyət göstərmiş və onun hərəkətlərinə qoyulmuş məhdudiyyətlərə məhəl qoymamış olardı (bax: mutatis mutandis, “Kemmaçe Fransaya qarşı” (nömrə 3) (Kemmache v. France (no. 3), 24 November 1994, § 44, Series A no. 296-C)). Məhkəmənin Konvensiyanın 6-cı maddəsi ilə bağlı olan yeganə vəzifəsi yerli məhkəmələrin həmin maddədə nəzərdə tutulmuş spesifik prosessual təminatlara əməl etmədiyinin və ya prosesin aparılmasının ümumilikdə ərizəçinin işinə ədalətli baxılmasını təmin etmədiyinin iddia olunduğu ərizələri araşdırmaqdır. (bir çox digər qərarlar ilə yanaş bax: “Donadze Gürcüstana qarşı” (Donadze v. Georgia, no. 74644/01, §§ 30-31, 7 March 2006)).

198. Hazırkı işdə Məhkəmə Consiglio di Stato-dakı prosesin işə ədalətli baxılması tələbinə uyğun aparılmadığını təsdiq edən sübuta malik deyil. Bundan əlavə, o təkrar edir ki, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş müstəqillik və qərəzsizlik tələbləri prosesdə iştirak edən tərəflərə deyil, işə mahiyyəti üzrə baxan məhkəməyə aiddir (bax: “Forsellini SanMarinoya qarşı” (qərardad) (Forcellini v. San Marino (dec.), no. 34657/97, 28 May 2002) və “Previti İtaliyaya qarşı” (qərardad) (Previti v. Italy (dec.), no. 45291/06, § 255, 8 December 2009)) və təklif olunan sübutların işə aid olub-olmadığını qiymətləndirmək yerli məhkəmənin səlahiyyətindədir (bax: mutatis mutandis və cinayət işləri ilə bağlı, yuxarıda qeyd edilmiş “Previti” işi, 221-ci bənd və “Brakki İtaliyaya qarşı” (Bracci v. Italy, no. 36822/02, § 65, 13 October 2005)).
199. Buradan belə çıxır ki, bu şikayət açıq-aşkar əsassız olduğuna görə Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndi və 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.

VII. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

200. Konvensiyanın 41-ci maddəsində qeyd edilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ təzminatın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli kompensasiyanın ödənilməsi barədə qərar çıxarır.”

A. Tərəflərin izahatları 1. Maddi ziyan

(a) Ərizəçi şirkət

201. Ərizəçi şirkət vurulmuş ziyana görə ona verilmiş kompensasiyanın məbləğinin qənaətbəxş olmadığını bildirmişdir. O qeyd etmişdir ki, Consiglio di Stato vurulmuş böyük miqdarda ziyanın yalnız çox kiçik bir hissəsinə görə kompensasiyanın ödənilməsini qət etmiş, onun tərəfindən təqdim edilmiş ekspert rəyinə məhəl qoymamış və müstəqil ekspertiza təyin etməmişdir. Beləliklə də, Consiglio di Stato demək olar ki, kompensasiya ilə bağlı tələbi tam şəkildə rədd etmiş və istər məhkəmə xərcləri, istərsə də iqtisadi fəaliyyətə başlamaq üçün çəkilmiş xərclərin ödənilməməsini qət etmişdir.
202. İqtisadi fəaliyyətə başlamaq üçün çəkilmiş xərclərə gəlincə, ərizəçi şirkət qeyd etmişdir ki, yayım üçün lisenziya aldıqdan sonra o, kommersiya yayım bazarında ciddi iştirakçıya çevrilmək məqsədilə səmərəli və effektiv struktur yaratmışdır. Xüsusilə o, 20 000 kvadrat metrdən çox sahəsi olan televiziya studiyasını icarəyə götürmüş və onu ən müasir texnologiya ilə təmin etmişdir. Dərhal yayıma başlamanı təmin etmək üçün bu texnologiya əvvəlcədən alınmışdı. O, həmçinin lisenziya ilə bağlı qaydaların tələb etdiyi kimi öz verilişlərini hazırlamaqla audiovizual kitabxananın təsis edilməsi üzrə xərcləri də çəkmişdir.
203. Əldən çıxmış gəlirə gəlincə, Consiglio di Stato tərəfindən vurulmuş ziyana görə müəyyən edilmiş kompensasiyanın qeyri-adekvat olması bu məbləğin Retequattro kanalının əldə etdiyi qazanc ilə müqayisəsi zamanı ortaya çıxır. Retequattro dolmuş kanal olmaqla ərizəçi şirkətə ayrılmış yayım tezliklərini boşaltmalı idi. Əldən çıxmış gəliri müəyyən edən zaman Məhkəmə eyni zamanda Centro Europa 7 S.r.l. şirkətinin yalnız bu yaxınlarda, analoq yayımın demək olar ki, tamamilə yerüstü rəqəmsal televiziya və digər yayım texnikası ilə əvəz olunduğu vaxtda kommersiya yayım bazarına daxil olduğunu nəzərə almalıdır. Buna görə də 1999-cu ildən bəri bazarda baş vermiş dəyişikliklər nəzərə alınmalıdır. Ərizəçi şirkət bildirmişdir ki, o, qanunsuz olaraq kifayət qədər uzun bir dövr ərzində kommersiya yayım bazarından kənarda saxlanmış və bu da onun brendini və nüfuzunu inkişaf etdirmək və ekspertiza, audiovizual məzmun və analoq yayım ilə bağlı olan digər üstünlüklər əldə etmək perspektivlərinə zərər vurmuşdur.
204. Yuxarıdakıları nəzərə alaraq və maddi sübutlar əsasında ərizəçi şirkət ona 2 174 130 492, 55 avro (129 957 485, 60 avro vurulmuş ziyana görə və 2 045 214 475 avro əldən çıxmış gəlirə görə) məbləğində kompensasiya ödənilməsini və bu məbləğdən Consiglio di Stato tərəfindən qət edilmiş kompensasiya məbləğinin çıxılmasını və ya ədalətli əsasda müəyyən edilmiş başqa məbləğin ödənilməsini tələb etmişdir. Kompensasiyanın məbləğindən qanun ilə nəzərdə tutulmuş faizlər ödənməlidir.

(b) Hökumət

205. Hökumət ərizəçi şirkətin tələblərinə etiraz etmiş və bu tələblərin həddən çox artıq məbləğdə olduğunu bildirmişdir. O qeyd etmişdir ki, Consiglio di Stato kompensasiyanın ödənilməsi barədə qərar qəbul etmişdir.
Bundan əlavə, tələblər spekulyasiya predmeti kimi çıxış etmiş və Konvensiyanın iddia olunan pozuntusu ilə onun arasında səbəbiyyət əlaqəsi olmamışdır (yuxarıda qeyd edilmiş “Informationsverein Lentia və Digərləri” işi, 46-cı bənd; yuxarıda qeyd edilmiş “Radio ABC” işi, 41-ci bənd və yuxarıda qeyd edilmiş “Meltex Ltd və Movsesyan” işi, 102-ci bənd).
206. Hökumət daha sonra bildirmişdir ki, ərizəçi şirkət 2008-ci ilin dekabr ayından 2009-cu ilin yanvarına qədər rəqəmsal televiziya yayımını həyata keçirmək üçün heç bir qurğu quraşdırmamışdır. Müvafiq avadanlıq 2009-cu ilə qədər alınmamışdır.

2. Mənəvi ziyan

(a) Ərizəçi şirkət

207. Ərizəçi şirkət ona dəymiş mənəvi ziyana görə 10 000 000 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.
208. O qeyd etmişdir ki, Məhkəmə xüsusilə aşağıdakı amilləri nəzərə almalıdır: (a) kifayət qədər uzun bir vaxtın keçməsi; (b) ərizəçi şirkətin İtaliya Hökumətinin televiziya yayım lisenziyasının müvafiq müddət ərzində həyata keçirilməsinə təminat verəcəyini gözləmək üçün ağlabatan əsasının olması; (c) televiziya yayımı bazarında iştirak etmək imkanı olmadan onun inkişafının səlahiyyətsiz şahidi olmaqdan və bir sıra qazanclı imkanları itirməkdən yaranan məyusluq və narahatlıq; (ç) maliyyə baxımından əhəmiyyətli nəticələr; (d) bu işə cəlb olunmuş şəxslərin mövqeləri baxımından şirkətin nüfuzuna vurulan ziyan; (e) şirkətin analoq yayımda və bununla bağlı bazarlarda mövqelərini möhkəmlətmiş rəqibləri ilə rəqabət apara bilməməsindən ciddi narahatlığı; (ə) ərizəçi şirkətin strateji qərarlar verdiyi qeyri-müəyyənlik şəraiti; (f) onun menecerinin aşmalı olduğu maneələr və (g) Hökumətin Konstitusiya Məhkəməsi və Avropa İttifaqı Məhkəməsinin qərarlarına və Avropa təsisatlarının tələblərinə dəfələrlə və açıq-aşkar hörmətsizlik göstərməsi ilə bağlı yaranan məyusluq.

(b) Hökumət

209. Hökumət ərizəçi şirkətin tələblərinin həddən çox şişirdildiyini bildirmiş və buna etiraz etmişdir.

3. Məhkəmə xərcləri

(a) Ərizəçi şirkət

210. Ərizəçi şirkət maddi sübutlar təqdim edərək lisenziyanın həyata keçirilməsini təmin etmək və televiziya yayımı bazarında iqtisadi fəaliyyət ilə lazımı qaydada məşğul olmaq məqsədilə milli və Avropa səviyyəsində çəkdiyi məhkəmə xərclərinə görə ona kompensasiya ödənilməsini tələb etmişdir.
211. O göstərmişdir ki, on ildən çox müddət ərzində yalnız İtaliyadakı əsas kommersiya yayım qurumu ilə deyil, eyni zamanda İtaliya Hökumətinin özü ilə də çəkişməli olmuşdur. Belə ki, həmin dövr ərzində dolmuş Retequattro kanalının mənsub olduğu Mediaset yayım qrupunun sahibi eyni zamanda bir neçə dəfə Baş nazir seçilmişdir.
212. Buna görə də ərizəçi şirkət milli səviyyədə çəkilmiş məhkəmə xərclərinə görə 1 023 706, 35 avro və Avropa Məhkəməsində çəkilmiş xərclərə görə 200 000 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.

(b) Hökumət

213. Hökumət ərizəçi şirkətin tələblərinə etiraz etmişdir.

B. Məhkəmənin qiymətləndirməsi

1. Maddi və mənəvi ziyan

214. Məhkəmə qeyd edir ki, hazırkı işdə o, iki pozuntu müəyyən etmişdir. İlk növbədə, Konvensiyanın 10-cu maddəsinin mənasında ərizəçi şirkətin informasiya və ideyaları yaymaq hüququna müdaxilə edilməsi nəticələrin ya əvvəlcədən aydın görünməsi tələbinə, ya da dövlətin səmərəli plüralizmi təmin etmək öhdəliyinə cavab verməyən qanunvericilik aktlarının qəbul edilməsi nəticəsində baş vermişdir (yuxarıda 156-cı bəndə bax). İkincisi, ərizəçi şirkət qanuni olaraq dövlət orqanlarının 1999-cu il 28 iyuldan sonra iyirmi dörd ay ərzində onun televiziya yayımı fəaliyyətini tənzimləmək və bununla da, verilişlərini yayımlamasına imkan yaratmaq məqsədilə zəruri hüquqi tədbirləri görməsini gözləyə bilərdi (yuxarıda 175-ci bəndə bax). 1 saylı protokolun 1-ci maddəsinin məqsədləri üçün bu gözlənti “mülkiyyət” hesab olunur (yuxarıda 178-ci bəndə bax) və ondan istifadə üzərində 10-cu maddəyə münasibətdə nəticələri əvvəlcədən kifayət qədər aydın şəkildə görünməyən eyni qanunlar ilə nəzarət müəyyən edilmişdi (yuxarıda 188-ci bəndə bax). Lakin Məhkəmə sözü gedən qaydaların “ümumi maraqlara uyğun” olub-olmadığını (yuxarıda 189-cu bəndə bax) və ərizəçi şirkətin informasiya və ideyaları yaymaq hüququna müdaxilənin həmin məqsədlərə çatmaq üçün demokratik cəmiyyətdə zəruri olub-olmadığını (yuxarıda 158ci bəndə bax) araşdırmamışdır.
215. Hazırkı işdə Məhkəmə xüsusilə İtaliyanın audiovizual bazarının spesifik xüsusiyyətlərini və sözü gedən bazarda müqayisə edilə biləcək kommersiya vəziyyətinin olmadığını nəzərə alaraq müəyyən etdiyi pozuntuların ərizəçi şirkətə hansı dərəcədə təsir edəcəyini dəqiq şəkildə müəyyən etmək imkanına malik deyil.
216. Bundan əlavə, Məhkəmə qeyd edir ki, milli qanunvericilik bazasında dəqiqliyin olmaması səbəbindən ona tezliklərin veriləcəyi və nəticədə kommersiya televiziya yaymı bazarında fəaliyyətə başlaya biləcəyi tarix ilə bağlı qeyri-müəyyənliyin uzanması nəticəsində ərizəçi şirkətə ziyan vurulmuşdur. Bununla belə, ərizəçi şirkət lisenziya əsasında bəzi investisiyalar həyata keçirmişdir. Məhkəmə hesab edir ki, Consiglio di Stato tərəfindən verilməsi qət edilən və yalnız 2004-cü ildən 2009-cu ilə qədərki dövrü əhatə edən kompensasiyanı qənaətbəxş hesab etmək olmaz. Xüsusilə ona görə ki, vurulmuş ziyanın və əldən çıxmış gəlirin qiymətləndirilməsi məqsədilə yerli məhkəmələr hər hansı ekspertiza keçirilməsi barədə qərar qəbul etməmişdir.
217. Məhkəmə qeyd edir ki, Hökumət sadəcə ərizəçi şirkətin tələblərini həddən çox şişirdilmiş elan etməklə ona etiraz etmişdir.
218. Vurulmuş real ziyan ilə bağlı Məhkəmə qeyd edir ki, ərizəçi şirkət qoyduğu bütün investisiyaların ona verilmiş lisenziya əsasında fəaliyyət göstərmək üçün zəruri olduğunu sübut etməmişdir. Əldən çıxmış gəlirə gəlincə Məhkəmə qət edir ki, əlbəttə, ərizəçi şirkət bir çox illər ərzində lisenziya ilə bağlı hər hansı gəlir götürə bilməməklə belə itkiyə məruz qalmışdır. Bununla belə, o hesab edir ki, işin halları özü-özlüyündə maddi ziyanın dəqiq müəyyən edilməsinə imkan vermir, belə ki, bu cür ziyan bir çox qeyri-müəyyən xarakterli amilləri özündə ehtiva etməklə, ədalətli kompensasiya hesab oluna biləcək məbləğin dəqiq şəkildə hesablanmasını qeyri-mümkün edir.
219. Məhkəmə Konvensiyanın pozulmayacağı və 2001-ci ildən başlayaraq yayımı həyata keçirə biləcəyi təqdirdə ərizəçi şirkətin əldə edə biləcəyi gəlirlər ilə bağlı mülahizə yürütmədən qeyd edir ki, şirkət imkanların real itkisi ilə üzləşmişdir (bax: mutatis mutandis, yuxarıda qeyd edilmiş “Qaeda” işi, 54-cü bənd). Həmçinin qeyd edilməlidir ki, ərizəçi şirkət tamamilə yeni bir kommersiya fəaliyyəti ilə məşğul olmaq niyyətində idi və bu fəaliyyətin uğur qazanmaq potensialının qiymətləndirilməsi Məhkəmənin yurusdiksiyasından kənar olan bir sıra amillərdən asılı idi. O bununla bağlı qeyd edir ki, əldən çıxmış gəlirlərlə (lucrum cessans) bağlı tələb irəli sürülən zaman, bu tələblər qəti olaraq təsbit edilməli və sadəcə fərziyyə və ya ehtimala əsaslanmamalıdır.
220. Belə olan halda Məhkəmə lisenziyadan istifadə edilə bilinməməsi nəticəsində vurulmuş real ziyan və əldən çıxmış gəlirə görə kompensasiya kimi böyük məbləğin verilməsini münasib hesab edir. O həmçinin müvafiq müddətin bir hissəsi ilə bağlı ərizəçi şirkətə ölkə daxilində kompensasiya verildiyini də nəzərə almalıdır (yuxarıda 48-ci bəndə bax).
221. Bundan əlavə, Məhkəmə hesab edir ki, hazırkı işdə onun tərəfindən Konvensiyanın 10-cu maddəsi və 1 saylı protokolun 1-ci maddəsinin müəyyən edilmiş pozuntusu faktları ərizəçi şirkətin biznesini həyata keçirməsi ilə bağlı uzun müddətli qeyri-müəyyənliyin və köməksizlik və məyusluq hisslərinin yaranmasına səbəb olmuşdur (bax: mutatis mutandis, “Rock Ruby Hotels Ltd Türkiyəyə qarşı” (ədalətli kompensasiya) (Rock Ruby Hotels Ltd v. Turkey (just satisfaction), no. 46159/99, § 36, 26 October 2010)). Bununla bağlı Məhkəmə təkrar edir ki, o, kommersiya şirkətinə vurulmuş mənəvi ziyana görə maddi kompensasiyanın ödənilməsini qət edə bilər. Bu şirkətlərin məruz qaldıqları mənəvi ziyan az-çox “obyektiv” və ya “subyektiv” xarakter daşıyan aspektləri ehtiva edə bilər. Nəzərə alınmalı olan aspektlərə şirkətin nüfuzu, qərarların qəbul edilməsi və planlaşdırma məsələlərində qeyri-müəyyənlik, şirkətin idarəçiliyində fasilələrə yol verilməsi (bunun nəticələrinin hesablanması üçün dəqiq metod yoxdur) və nəhayət, az da olsa, idarə heyətinin üzvlərinin narahatlıq və təşvişi aid edilə bilər (bax: “Kominqersol S.A. Portuqaliyaya qarşı” [Böyük Palata] (Comingersoll S.A. v. Portugal, [GC], no. 35382/97, § 35, ECHR 2000-IV)).
222. Məhkəmə yuxarıda qeyd edilmiş bütün amilləri nəzərə alaraq və ədalətli qiymətləndirmə apararaq, ərizəçi şirkətə vurulmuş bütün ziyana görə ümumilikdə 10 000 000 avro məbləğində kompensasiyanın verilməsini və bura bu məbləğdən tutulacaq vergilərin də əlavə edilməsini əsaslı hesab edir.

2. Məhkəmə xərcləri

223. Məhkəmə təkrar edir ki, Konvensiyanın 41-ci maddəsinə görə yalnız həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilmiş və məbləği ağlabatan olan məhkəmə xərclərinin ödənilməsi mümkündür (bax: “Nikolova Bolqarıstana qarşı” [Böyük Palata] (Nikolova v. Bulgaria [GC], no. 31195/96, § 79, ECHR 1999-II)).
224. Yerli məhkəmələrdə işə baxılması ilə bağlı çəkilmiş xərclərə gəlincə, Məhkəmə qeyd edir ki, ərizəçi şirkət Konvensiya ilə təsis edilmiş qurumlara müraciət etməzdən öncə İtaliya qanunvericiliyinə əsasən müraciət edilməsi mümkün olan bütün dövlətdaxili hüquq müdafiə vasitələrini tükəndirmişdir. Belə ki, o, iki dəfə inzibati məhkəmələrdə iddia qaldırmışdır. Bu işlərin mürəkkəbliyi və uzun müddət ərzində davam etməsi xüsusi olaraq vurğulanmalıdır. Buna görə də Məhkəmə qəbul edir ki, ərizəçi şirkət Konvensiyanın pozulması ilə bağlı hüquqlarının ölkə daxili hüquq sistemi çərçivəsində bərpasına çalışan zaman xərclər çəkmişdir (bax: mutatis mutandis, “Roxas Morales İtaliyaya qarşı” (Rojas Morales v. Italy, no. 39676/98, § 42, 16 November 2000)).
225. Avropa Məhkəməsində işlərə baxılması zamanı çəkilmiş xərclərə gəlincə, Məhkəmə qeyd edir ki, hazırkı iş müəyyən mürəkkəbliyə malikdir, belə ki, o, Böyük Palatanın bir sıra qeydləri araşdırmasını və iclaslar keçirməsini tələb etmişdir. Bu işdə eyni zamanda mühüm hüquqi məsələlər ortaya çıxmışdır.
226. Məhkəmə işdə olan materialı və müvafiq təcrübəsini nəzərə alaraq, ərizəçi şirkətə çəkdiyi bütün məhkəmə xərclərinə görə 100 000 avro məbləğində vəsaitin verilməsini əsaslı hesab edir.

3. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi

226. Məhkəmə ödənilməsi gecikdirilən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul hesab edir.

YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ

1. Yekdilliklə Hökumətin cənab Di Stefano tərəfindən qaldırılmış ərizənin Konvensiyanın müddəalarına ratione personae uyğunsuzluğu ilə bağlı ilkin etirazını təmin edir və buna görə də bu hissədə ərizəni qəbuledilməz elan edir;

2. Əksəriyyət səs çoxluğu ilə Hökumətin ərizənin müddət ötürülməklə təqdim edildiyinə dair ilkin etirazını rədd edir;

3. Əksəriyyət səs çoxluğu ilə Hökumətin digər ilkin etirazlarını rədd edir;

4. Əksəriyyət səs çoxluğu ilə ərizəçi şirkətin ərizəsini Konvensiyanın 10-cu və 14-cü maddələri əsasında təqdim edilmiş şikayətlər ilə bağlı olan hissədə qəbuledilən elan edir;

5. Əksəriyyət səs çoxluğu ilə ərizəçi şirkətin ərizəsini 1 saylı protokolun 1ci maddəsi əsasında təqdim edilmiş şikayət ilə bağlı olan hissədə qəbuledilən elan edir;

6. Yekdilliklə ərizəçi şirkətin ərizəsini digər hissələrdə qəbuledilməz elan edir;

7. 1 səs əleyhinə, 16 səs lehinə olmaqla Konvensiyanın 10-cu maddəsinin pozulduğunu qət edir;

8. Yekdilliklə 10-cu maddə ilə birlikdə Konvensiyanın 14-cü maddəsinin pozulması ilə bağlı şikayətə ayrıca baxılmasına zərurət olmadığını qət edir;

9. 8 səs əleyhinə, 9 səs lehinə olmaqla 1 saylı protokolun 1-ci maddəsinin pozulduğunu qət edir;

10. 8 səs əleyhinə, 9 səs lehinə olmaqla qərara alır ki, cavabdeh dövlət ərizəçi şirkətə vurulmuş maddi və mənəvi ziyana görə, tutulacaq vergilər də daxil olmaqla, üç ay müddətində 10 000 000 (on milyon) avro məbləğində vəsait ödəməlidir;

11. Yekdilliklə qərara alır ki, cavabdeh dövlət ərizəçi şirkətə məhkəmə xərclərinə görə, tutulacaq vergilər də daxil olmaqla, üç ay müddətində 100 000 (yüz min) avro məbləğində vəsait ödəməlidir;

12. Yekdilliklə qərara alır ki, yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;

13. Yekdilliklə ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.

Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 2012-ci il 7 iyun tarixində Strasburqda İnsan Hüquqları Sarayında açıq iclasda elan edilmişdir.

Vinsent Berqer                Fransuaz Tulkens
Yuriskonsult                      Sədr

© tərcümə, Avropa Şurası (Human Rights Trust Fund)