№42730/11 ŞEVELI VƏ ŞENGELAYA AZƏRBAYCANA QARŞI – 5 NOYABR 2020-CI IL

YENİ © tərcümə, aihmaz.org

 

BEŞİNCİ BÖLMƏ

SHEVELI VƏ SHENGELAYA AZƏRBAYCANA QARŞI
(Ərizə nö. 42730/11)

 

QƏRAR

STRASBURQ

5 noyabr 2020

 

Bu qərar qətidir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər

 

Sheveli və Shenqelaya Azərbaycana qarşı,

Avropa İnsan Hüquqları Məhkəməsinin (Beşinci Şöbə) Palatasının iclası ibarətdir:

Mārtiņš Mits, President,
Lətif Hüseynov,
Mattias Guyomar, hakimlər,
və Anne-Marie Dougin, İclas Katibi,

Məhkəmə işi 11 iyul aprel 2011-ci il tarixində Gürcüstan vətəndaşı, xanım Ekaterine Shengelaya və cənab Vepkhvia Sheveli (“ərizəçilər”) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Azərbaycan Respublikasını məhkəməyə verdiyi ərizə nəticəsində başlayıb.

Konvensiyanın 9-cu maddəsi və Konvensiyanın 7 saylı Protokolunun 1-ci maddəsi ilə bağlı şikayətlərin Azərbaycan Hökumətinə (“Hökumət”) bildirilməsi və ərizənin qalan hissəsinin qəbuledilməz elan edilməsi barədə qərar;

Ərizəçilərin şikayətləri ilə əlaqədar icraata müdaxilə etmə hüquqları barədə Gürcüstan Hökumətinə bildiriş qərarı (Konvensiyanın 36-cı maddəsinin 1-ci bəndi və Məhkəmə qaydalarının 44-cü maddəsinin 1-ci bəndi) verildi ancaq Gürcüstan höküməti bu hüququdan faydalanmadı;

Tərəflərin müşahidələri;

6 oktyabr mart 2020-ci ildə xüsusi müşavirə keçirilərək,

Həmin tarixdə qəbul edilmiş müvafiq qərarı elan edir:

 

GİRİŞ

1. Konvensiyanın 9-cu maddəsinə və Konvensiyanın 7 saylı Protokolunun 1-ci maddəsinə istinad edən ərizəçilər yerli hakimiyyət orqanlarının onların din azadlığı hüquqlarına qanunsuz müdaxilə etdiklərindən və cavabdeh dövlətin ərazisindən özbaşına deportasiya edildiklərindən şikayət edirlər.

FAKTLAR

2. Müraciət edənlər müvafiq olaraq 1971 və 1970-ci il anadan olublar və Gürcüstanda yaşayırlar. Onları sırasıyla İngiltərə, Kanada və Gürcüstanda fəaliyyət göstərən vəkillər cənab R. Cook, cənab A. Carbonneau və cənav J. Wise təmsil ediblər.

3. Hökümət təmsilçisi, cənab Cingiz Əsgərovdur

4. Tərəflərin təqdim etdiyi faktları aşağıdakı kimi ümumiləşdirmək olar

5. Ərizəçilər Yehova Şahidləri dini icmasının üzvləridir

6. Ərizəçilər 18 dekabr 2010-cu ildə Gəncədəki xüsusi bir mənzildə Yehovanın Şahidlərinin dini iclasında iştirak edərkən, iclasa polis basqını zamanı həbs olundular. Polis onları Nizami Rayon Polis Şöbəsinə apardı və burada İnzibati Xətalar Məcəlləsinin 300.0.4-cü maddəsi ilə əcnəbi olaraq dini etiqad azadlığı haqqında qanunvericiliyi pozmağa görə onlar haqqında inzibati xəta haqqında protokol tərtib edildi.

7. Eyni tarixdə, ayrı-ayrı qərarlarla, Nizami Rayon Məhkəməsi ərizəçiləri İXM-nin 300.0.4-cü maddəsi ilə təqsirli bilib deportasiya edilməsinə qərar verdi. Xüsusən də, yerli məhkəmə ərizəçilərin qeydiyyatdan keçməmiş Yehovanın Şahidləri camaatının yerli üzvləri tərəfindən qanunsuz olaraq təşkil edilmiş dini iclasa özəl yerlərdə qatıldıqlarını təsbit etdi. Üstəlik, ərizəçilər dini müzakirə apardıqlarını etiraf etdilər. Məhkəmənin qərarına əsasən sözügedən iclasda iştiraklarının məqsədi dini təbliğat aparmaq idi.

8. Ərizəçilər 20 dekabr 2010-cu il tarixində Azərbaycandan deportasiya edildilər və dəqiqləşdirilməmiş tarixdə birinci instansiya məhkəməsinin qərarlarından apellyasiya şikayətləri verdilər. Ərizələrində dini iclasa qatıldıqlarını etiraf etdilər, lakin iclasda hər hansı bir qanunazidd fəaliyyət göstərmədiklərini iddia etdilər. Onlar həmçinin özbaşına deportasiyalarının Konvensiyanın 7 saylı Protokolunun 1-ci maddəsinə zidd olduğundan şikayət etdilər.

9. 8 aprel 2011-ci ildə Gəncə Apellyasiya Məhkəməsi ayrı-ayrı qərarlarla ərizəçilərin apellyasiya şikayətlərini rədd etdi. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarlarını təsdiqlədi və əlavə olaraq bildirdi ki, Yehova Şahidlərinin Gəncə icması qeydə alınmadığından və ərizəçilər Yehova Şahidlərinin Bakıdakı qeydiyyata alınmış filialının üzvləri olmadığından, həm 18 dekabr 2010-cu ildə keçirilən toplantı və həm də ərizəçilərin bu toplantıda iştirakı qanunsuz idi. Buna görə, səlahiyyətli orqanlar ölkədaxili qanunlarda və Konvensiyanın 9-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş məhdudiyyətlər çərçivəsində hərəkət etmiş və onların hərəkətləri demokratik cəmiyyətdə ictimai təhlükəsizliyin mənafeyi naminə, ictimai asayişin və başqalarının hüquq və azadlıqlarının qorunması baxımından zəruri idi. Məhkəmə bildirib ki, qərardan apellyasiya şikayəti verilə bilməz.

10. Eyni vaxtda, ərizəçilər 18 yanvar 2011-ci ildə Binəqədi Rayon Məhkəməsində Miqrasiya Xidmətinə, Daxili İşlər Nazirliyinə və Nizami Rayon Polis Şöbəsinə qarşı mülki iddia qaldıraraq məhkəmədən deportasiya qərarlarını ləğv etməsini və bu qərarları qanunsuz elan etməsini xahiş etdilər.

11. 26 yanvar 2011-ci il tarixdə Binəqədi Rayon Məhkəməsi ərizəçilərin tələbinə baxılmasını onun yurisdiksiyasından kənar olduğuna qərar verdi və işi 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə yönləndirdi.

12. 20 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi iddianı rədd etdi. Səlahiyyətli orqanların, müvafiq daxili qanunvericiliyə, xüsusən Dini Etiqad Azadlığı haqqında Qanuna uyğun olaraq hərəkət etdiklərini, əcnəbilər tərəfindən hər hansı bir dini təbliğat aparılmasını açıq şəkildə qadağan edildiyini təsbit etdi. Məhkəmə iş materialında mövcud olan pasportlarının surətlərinə istinad edərək, ərizəçilərin cavabdeh Dövlətin ərazisinə 20 Noyabr 2010-cu ildə daxil olduqlarını və 20 dekabr 2010-cu ildə deportasiya edildiklərini də təsbit etdi.

13. Müvafiq olaraq 21 Noyabr 2012-ci il və 4 Aprel 2013-cü il tarixində Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı.

MÜVAFİQ QANUN ÇƏRÇİVƏSİ

A. Azərbaycan Repsublikasının Konstitusiyası

14. Həmin vaxtda qüvvədə olan Konstitutsiyanın müvafiq maddəsi:

Maddə 48. Vicdan azadlığı

I. Hər kəsin vicdan azadlığı vardır.

II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.

IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır…

B. Dini Etiqad Azadlığı haqqında 10 avqust 1992-ci il Qanunu

15. Dini Etiqad Azadlığı Qanununun 1-ci maddəsi, həmin zamanda qüvvədə olduğu şəklində, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparmağı qadağan edir. 21-ci maddə, 1-ci maddənin tələbləri nəzərə alınaraq, insanların ibadət yerlərində və bitişik ərazilərdə, ziyarətgahlarda, qəbiristanlıqlarda, dini təşkilatlarda və vətəndaşların evlərində və mənzillərində dini ibadət, ayin və mərasimləri sərbəst keçirmələrini təmin edir.

C. İnzibati Xətalar Məcəlləsi

16. Həmin dövrdə qüvvədə olan İXM-sinin müvafiq normaları:

Maddə 300. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması
“300.0. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması, yəni:

300.0.4. əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılmasına görə –
inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, mal və məmulatlar və materiallar müsadirə edilməklə vətəndaşlar iki min manatdan iki min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər səkkiz min manatdan doqquz min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

Maddə 432. Qərardan şikayət və ya protest vermə müddətləri
432.1. Qərarın surəti bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.
…”

Maddə 439. İnzibati xətalar haqqında işlər üzrə qərarın, şikayət ya protest üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə minməsi
439.0. İnzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir:
439.0.1. əgər bu qərar barədə şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddəti keçdikdə;
…”

QANUN

I. KONVENSİYANIN 9-CU MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU İLƏ BAĞLI

17. Ərizəçilər, səlahiyyətli orqanların onların dini azadlıqlarına müdaxiləni din azadlığı hüquqlarının pozulmasına bərabər olduğunu şikayət etdilər. Konvensiyanın 9-cu maddəsində deyilir:

1. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir.
2. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər.

A. Qəbuledilənlik

18. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndi mənasında əsassız deyildir. Bundan əlavə, bunun başqa heç bir əsasla da qəbuledilməz deyil. Buna görə qəbuledilən elan edilməlidir.

B. Mahiyyət

1. Tərəflərin təqdimatları

19. Ərizəçilər, əvvəllər də cavabdeh Dövlətə məxsus müxtəlif yerlərdə digərlərindən fərqli olmayan şəkildə dini toplantılara qatıldıqlarını bildirdilər. Bu cür toplantılara ibadət üçün qatılmaq Yehova Şahidlərinin bilinən məşhur adətidir. Onlar bu ibadətlərə Avropa Şurasının üzvü olan ölkələrdə və dünyanın hər yerində eyni qaydada qatılır. Belə bir toplantıların keçirilməsi daxili qanunvericiliyə uyğun idi və onlar dini ibadətlərinin və şəxsi evdə dərs üçün toplaşmaq hüquqlarının bilinməyən bir səbəblə ləğv olunacağını öncədən bilə bilməzdilər.

20. Ərizəçilər, daha sonra, dini azadlıqlarını dinc şəkildə həyata keçirmələrini, yəni şəxsi evlərdə keçirilən dini müzakirədə şəxsi düşüncələrini başqaları ilə bölüşmələrini ümumi qəbul edilmiş mənada “təbliğat” sayıla bilməyəcəyini və bunun Konvensiya ilə qadağan edilmədiyini iddia etdilər. Üstəlik, İXM-nin 300.0.4-cü maddəsində nəzərdə tutulan “təbliğat” termini, hər hansı bir insana yeni bir mədəniyyətin dini aspektlərini izah edən əcnəbini cəzalandırmağı nəzərdə tuturdu. Bu müddəanın geniş tətbiqi, əgər bu dini məna daşıyırsa – nə qədər zərərsiz olsa da – və bir əcnəbi tərəfindən həyata keçirilirsə, demokratik cəmiyyətdə legitim məqsədə xidmət edə bilməz. Bundan əlavə, Hökumətin ərizəçilərin dini ibadətinə müdaxilənin ictimai təhlükəsizliyi, qaydanı və ya başqalarının əsas hüquq və azadlıqlarını qorumaq üçün lazım olduğunu iddia etməsi, ərizəçilərin davranışı ilə bu məqsədlər arasındakı hər hansı bir əlaqəyə istinad edərək sübuta yetirilməmişdir. Bu səbəbdən müdaxilə qanunla müəyyən edilmiş hesab edilə bilməz və 9-cu maddənin 2-ci bəndinin mənası daxilində zəruri deyildi.

21. Hökumət, Konvensiyanın 9-cu maddəsinə əsasən müraciət edən ərizəçilərin hüquqlarına müdaxilənin olduğunu qəbul etdi, lakin bunun qanunla, yəni İXM-nin 300.0.4-cü maddəsi ilə nəzərdə tutulduğunu iddia etdi. Qanun ərizəçilər üçün əlçatan idi, onlar hərəkətlərinin nəticələrini ağlabatan şəkildə görə bilərdilər. Hökumətin fikrincə, “dini təbliğat” termini kifayət qədər aydın idi və iddiaçıların dini görüşdəki digər iştirakçılarla fikirlərini bölüşdükləri iddiaları əlbəttə ki, bu tərifin altına düşür. Belə ki, nə onlar, nə də sözügedən toplantıda olan digər iştirakçılar toplantıya başqaları tərəfindən rəhbərlik edildiyini iddia etmirlər. Səlahiyyətli qurumların bölgədə fəaliyyət göstərən çoxsaylı radikal dini cərəyanların ölkədəki əhali arasında fikirlərini yaymaq cəhdlərini məhdudlaşdırması ümumi bir siyasət çərçivəsində baş verir. Həm bu siyasətə, həm ölkədaxili qanunvericiliyə və həm də Konvensiyanın tələblərinə uyğun olaraq ictimai asayişi təmin etmək məqsədi ilə əcnəbi olan ərizəçilərin davranışının qarşısını almaq səlahiyyətli qurumların hüququ idi. Burdan belə nəticə çıxır ki, Konvensiyanın 9-cu maddəsinin mənası çərçivəsində edilmiş müdaxilə demokratik cəmiyyətdə zəruri idi.

2. Məhkəmənin qiymətləndirməsi

(a) Müdaxilə olubmu?

22. 9-cu maddədə göstərildiyi kimi, Məhkəmə, fikir, vicdan və din azadlığın Konvensiyanın mənası çərçivəsində “demokratik cəmiyyət” in əsaslarından biri olduğunu təkrarlayır. Bu azadlıq, dini anlamda, inananların şəxsiyyətini və həyat anlayışını meydana gətirən ən vacib ünsürlərdən biridir. Bu azadlıq, eyni zamanda ateistlər, aqnostiklər, skeptiklər və dinlə maraqlanmayan insanlar üçün dəyərli bir sərvətdir. Pulurailsm demokratik cəmiyyətdən ayrılmazdır. Əsrlər boyu qazanlan bu uğurun qorunub saxlanılması, məhz puluralizmin qorunmasında asılıdır. Bu azadlıq, digərləri ilə yanaşı, dini inanclara sahib olmaq və ya olmamaq və bir dinə etiqad etmək və ya etməmək azadlığını da əhatə edir (bax, digərləri ilə birgə, Kokkinakis Yunanistana qarşı, 25 May 1993, § 31, Sıralama A Nö. 260- A; Buscarini və Digərləri San Marinoya qarşı [GC], No. 24645/94, § 34, AİHM 1999-I; SAS / Fransa / GC], nö. 43835/11, § 124, AİHM 2014 (çıxarışlar); və İzzettin Doğan və digərləri Türkiyəyə qarşı [GC], Nö. 62649/10, § 103, 26 Aprel 2016).

23. Dini azadlıq ilk növbədə fərdi düşüncə və vicdan məsələsidir. 9-cu maddənin birinci bəndində göstərildiyi kimi, hər hansı bir dini inanca sahib olmaq və dini və ya inancı dəyişdirmək hüququ mütləq və əvəssizdir. Bununla birlikdə, 9-cu maddənin 1-ci bəndində göstərildiyi kimi, din azadlıq, öz inancını təkbaşına nümayiş etdirməklə yanaşı, başqaları ilə birgə halda və ya cəmiyyətdə də nümayiş etdirmək azadlığını da əhatə edir. Dini inanc ibadət, tədris, əməl və riayət etmək kimi müxtəlif formalar ala bilər. Sözdə və əməldə ona riayət etmək dini etiqadın mövcudluğu ilə bağlıdır. (bkz. yuxarıda adı gəçən Kokkinakis, § 31 və Leyla Şahin Türkiyəyə qarşı [GC], nö. 44774/98, § 105, AİHM 2005 XI). Şəxsin dini etiqadının formaları başqalarına təsir göstərə biləcəyi üçün Konvensiyanı hazırlayanlar din azadlığın bu hissəsini 9-cu Maddənin 2-ci bəndinə əsasən dəyərləndirirlər. Bu ikinci bənd, bir insanın din və ya etiqadını ifadə etmək azadlığına qoyulan hər hansı bir məhdudiyyətin qanunla müəyyənləşdirilməli olduğunu və orada göstərilən qanuni məqsədlərdən birini və ya bir neçəsini həyata keçirmək üçün demokratik cəmiyyətdə zəruri olmalı olduğunu tələb kimi müəyyən edir (bax: Eweida və Digərləri Birləşmiş Krallığa qarşı,. 48420/10 və 3 digər nəfər, § 80, AİHM 2013 (çıxarışlar). Məhkəmə hazırkı işə gəldikdə qeyd edir ki, ərizəçilərin dini etiqad azadlığı hüququna müdaxilənin olması tərəflər tərəfindən mübahisələndirilmir. Belə ki, bu müdaxilənin olduğunu ərizəçilərin 18 dekabr 2010-cu il tarixli toplantıda dini təbliğat aparmasına görə təqsirkar bilinməsi ilə təsdiqlənir. Məhkəmə tərəflərin bu yanaşmasını bölüşür.

(b) Müdaxilə əsaslıdırmı

25. 9-cu maddənin ikinci bəndində göstərilən meyarlara bu müdaxilə uyğun gəlməzsə, Konvensiya pozulmuş sayılacaqdır. Məhkəmə bu səbəbdən, müdaxilənin “qanunda nəzərdə tutulub tutulmamasına”, həmin bəndə göstərilən legitim məqsəd güdüb güdməməsinə və nəhayət, həmin bəndə qeyd edilən məqsədə və ya məqsədlərə çatmaq üçün “demokratik cəmiyyətdə zəruri” olub olmamasına baxacaq.

26. Məhkəmə bir daha təkrarlayır ki, “qanunla nəzərdə tutulmuş” ifadəsi, ilk növbədə, mübahisəli müdaxilənin daxili qanunvericilikdə müəyyən əsaslara malik olmasını tələb edir. İkincisi, bu ifadə altında qanunun keyfiyyətinə işarə edərək, qanunun marağına toxunduğu şəxslər üçün əlçatan olmasını tələb edir. Bundan başqa, qanunun nəticələrinin qabaqcadan ögörülməsinin mümkünlüyünə və nəhayət hüququn aliliyinə uyğun olmasını da tələb edir (bax, mutatis mutandis, Fernández Martínez İspaniyaya qarşı [GC], № 56030/07, § 117, AİHM 2014 (çıxarışlar)).

27. Məhkəmə təkrar edir ki, fərdin müvafiq müddəanın mətnindən biləcəyi və ehtiyac olduğu təqdirdə, məhkəmə şərhinin köməyi ilə hansı hərəkət və hərəkətsizliyin məsuliyyət yaradacağını öyrənəcəyi halda “öngürülmə” tələbi ödənilmiş hesab edilir (bkz. Gülər və Uğur Türkiyəyə qarşı, 31706/10 ve 33088/10, § 50, 2 dekabr 2014).

28. Məhkəmə təkrar edir ki, onun yerli səlahiyyətli qurumların və xüsusən də yerli məhkəmələrin şərhlərini öz şərhi ilə əvəz etmək kimi vəzifəsi yoxdur. Çünki daxili qanunu şərh etmək və tətbiq etmək yerli məhkəmələrin işidir (bax: Kruslin Fransaya qarşı, 24) Aprel 1990, § 29, Seriya A Nö. 176 və İslam İttihad Dərnəyi və Başqaları Azərbaycana qarşı, say 5548/05, § 49, 13 Noyabr 2014).

29. Məhkəmə qeyd edir ki, Hökumət, bu işdə İXM-nin 300.0.4-cü maddəsini (21-ci bəndə baxın) qanuni əsas kimi götürərək, ərizəçilərin hüququna müdaxilə edib. Ərizəçilər isə, öz növbəsində, 300.0.4-cü maddədəki “dini təbliğat” termininin kifayət qədər formalaşmadığını və bu səbəbdən də, bu maddənin tətbiq edilməsinin mümkün olmadığını iddia ediblər.

30. Məhkəmə bununla əlaqədar olaraq qeyd edir ki, Dini Etiqad Azadlığı Qanununun 21-ci maddəsinə əsasən, insanların vətəndaşların evlərində və mənzillərində dini ibadətləri sərbəst keçirmələrini nəzərdə tutsa da, bu maddə həm də 1-ci maddənin tələblərinə tabedir. Həmin vaxtda qüvvədə olan bu maddəsi əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin “dini təbliğat” aparmasını qadağan edirdi (15-ci bəndə bax).

31. Bununla birlikdə, nə Dini Etiqad Azadlığı Qanunu, nə də İXM-i “dini təbliğat”ın nə olduğunu müəyyənləşdirməmişdi. Başqa sözlə, yuxarıda göstərilən maddələr əsasında konkret olaraq nəyin “dini təbliğat” təşkil edə biləcəyini və ya etməyəcəyini müəyyənləşdirmək mümkün deyildi.

32. Yerli məhkəmələr, üstəlik, ərizəçilərin dini təbliğatla məşğul olduqlarını göstərmək üçün heç bir hüquqi qiymətləndirmə aparmamış və ya “dini təbliğat”-ın tərifini verməmişdir (7 və 9-cu bəndlərə bax). Qərarlarının əsaslandırılmasından görünür ki, ərizəçilər yalnız dini toplantıda iştirak etdikləri üçün cinayətdə təqsirli bilinirlər.

33. Yerli məhkəmələrin Yehova Şahidlərinin Gəncə icmasının qeydiyyata alınmadığı və ərizəçilərin Yehova Şahidlərinin Bakıdakı qeydiyyatdan keçmiş filialının üzvləri olmadığı faktlarına istinad etməsi üçün heç bir hüquqi əsası yox idi. Yerli məhkəmələr, şəxsi binalarda dini toplantının qeydiyyatdan keçmədən aparılmasının qadağan olunması və ya bütün iştirakçıların qeydiyyatdan keçmiş bir camaatın üzvü olması tələbini əks etdirən yerli qanunvericiliyin heç bir müddəasına istinad etmədilər.

34. Məhkəmə bununla əlaqədar olaraq təkrar edir ki, dövlətlərin dini konfessiyaların Konvensiyanın 9-cu və 11-ci maddələrinə uyğun şəkildə qeydiyyata alınması tələbini irəli sürə biləcəyini qəbul etsə də, qeydiyyatdan keçməmiş dini təriqətin fərdlərinə dua etmələrinə və ya dini inanclarını başqa cür nümayiş etdirmələrinə görə sanksiya tətbiq edilməsini konvensiyaya uyğun saymır. Bunun əksini iddia etmək, dövlət tərəfindən rəsmi olaraq qeydiyyatdan keçməmiş azlıqların dini inanclarının qadağan edilməsi səbəb olacaqdır. Nəticədə isə dövlətin fərdə hansı inanca sahib olmalı olduğunu diktə etməsinə imkan yaranacaq (bax: Masaev Moldovaya qarşı, Nö. 6303/05, § 26, 12 May 2009).

35. Məhkəmə buna görə də hesab edir ki, ərizəçilərin məhkum edilməsi üçün aydın hüquqi əsasların olmaması və həmçinin, “dini təbliğat” termininin hər hansı bir tərifinin olmaması, ərizəçilərin öz fəaliyyətlərinin nəticələrini qabaqcadan görməsini qeyri-mümkün etmişdir.

36. Məhkəmə yuxarıda göstərilən mülahizələr əsasında bu qənaətə gəlir ki, daxili qanunvericilikdə “öngörülə bilmə” şərti təmin edilmədiyindən müdaxilə qanunla nəzərdə tutulmamışdır.

37. Məhkəmə bu nəticəyə gəldikdən sonra, 9-cu maddənin 2-ci bəndinin digər tələblərinin (“legitim məqsəd” və “müdaxilənin zəruriliyi” ilə) uyğun olub olmamasını yoxlamağa ehtiyac duymur.

38. Müvafiq olaraq, Konvensiyanın 9-cu maddəsi pozulmuşdur.

II. KONVENSİYANIN 7-Cİ PROTOKOLUNUN 1-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU

39. Ərizəçilər, ictimai qaydanın və ya milli təhlükəsizlik maraqlarının yoxluğu halında, səlahiyyətli orqanların onları deportasiya etmələri üçün heç bir əsaslı səbəblərin olmadığını, dövlətin bunu sübut edə bilmədiyini iddia ediblər. Konvensiyaya 7 saylı Protokolun 1-ci maddəsində göstərilir:

“1. Qanuni əsaslarla dövlətin ərazisində yaşayan əcnəbi, qanuna müvafiq qəbul edilmiş qərarların icrası istisna olmaqla, oradan çıxarıla bilməz və onun aşağıdakı imkanları olmalıdırlar:
(a) özünün çıxarılmasına qarşı arqumentlər təqdim etmək,
(b) öz işinə baxılmasını tələb etmək, və
(c) bu məqsədlərə görə səlahiyyətli orqan qarşısında və belə orqanların təyin etdiyi şəxs yaxud şəxslər qarşısında təmsil olunmaq.
2. Çıxarılma ictimai qaydanın maraqları üçün zəruri olduqda və ya milli təhlükəsizlik mülahizələri ilə şərtləndirildikdə, əcnəbi bu maddənin 1-ci bəndinin (a), (b) və (c) yarımbəndlərində sadalanan hüquqlarından istifadə edilməmişdən əvvəl çıxarıla bilər.”

A. Qəbuledilənlik

40. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndi çərçivəsində əsassız deyildir. Əlavə olaraq, bunun başqa əsaslarla da qəbuledilməz olmadığını və bu səbəbdən də qəbuledilən olduğunu bildirilir.

B. Mahiyyət

1. Tərəflərin qeydləri

41. Ərizəçilər bildirdilər ki, şəxsi bir evdə dinc toplantı keçirtməklə hüquqlarından istifadə etdiblər. Qovulmalarının məqsədi isə onları cəzalandırmaq olub. Dövlət Konvensiya ilə qorunan dinc şəkildə toplaşmaq hüquqlarını məhdudlaşdırmaq üçün “ictimai asayişin qorunması” şərtinə istinad edə bilməyib. Üstəlik, onlar qovulmaqla bağlı verilmiş qərarı yuxarı instansiyada mübahisələndirə və təxirə sala bilməyiblər. Onları vaxt verilmədən qovulmaqla cəzalandırılıblar. Hökümət isə bu cür müdaxiləni əsaslandırmaq üçün əsaslı səbəb göstərə bilməyib.

42. Hökumət, Konvensiyanın 9-cu maddəsinə əsasən ərizəçilərin şikayətinə cavab olaraq təqdim etdiyi dəlilləri təkrarladı və ərizəçilərin ictimai asayişi təmin etmək üçün qovulduqlarını bildirdi.

2. Məhkəmənin dəyərləndirməsi

43. Məhkəmə, “qovma” terminin daxili qanunvericilikdə yer alan hər hansı bir tərifdən asılı olmayan müstəqil bir anlayış olduğunu vurğulayır. Ekstradisiya istisna olmaqla, əcnəbini qanuni olaraq yaşadığı ərazidən getməyə məcbur edən hər hansı bir tədbir, 7 saylı Protokolun 1-ci maddəsi məqsədləri baxımından “qovulma” deməkdir (bax: Bolat Rusiyaya qarşı, Nö 14139/03, § 78 , AİHM 2006 XI (çıxarışlar)). Məhkəmə bir daha təkrarlayır ki, Razılığa gələn Yüksək Tərəflər öz ərazilərində olan əcnəbinin qovulmasına qərar vermə səlahiyyətinə sahibdirlər, lakin bu səlahiyyət həmin şəxsin Konvensiyasında nəzərdə tutulan hüquqları pozulmadan icra edilməlidir (bax: Nolan və K. Rusiyaya qarşı, Nö. 2512/04, § 114, 12 Fevral 2009). Məhkəmə daha sonra təkrar edir ki, 7 saylı Protokolu təsdiq etmiş dövlətin ərazisində qanuni olaraq yaşayan əcnəbilər qovulursa, onlar bu Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş xüsusi təminatlardan faydalanırlar (bax: Kaya Rumıniyaya qarşı, № 33970/05, §§ 51 və 52, 12 Oktyabr 2006 və C.G və Başqaları Bolqarıstana qarşı, № 1365/07, § 70, 24 aprel 2008).

44. İndiki işdəki sənədlərdən belə görünür ki, ərizəçilər qısa müddət qalmaq məqsədi ilə 20 noyabr 2010-cu ildə Azərbaycan ərazisinə qəbul edilmiş və 20 dekabr 2010-cu ildə ) Nizami Rayon Məhkəməsinin qərarından sonra deportasiya edilmişdilər (12-ci bəndə bax).

45. Məhkəmə qeyd edir ki, 7 saylı Protokolun 1-ci maddəsində göstərilən şəxslərə verilən əsas zəmanət, “qanuna uyğun olaraq verilmiş qərara əsasən” tələbinə uyğun icra edilmirsə, deportasiya edilməməlidir (bax Bolat, yuxarıda göstərilib, § 81).

46. Məhkəmə müəyyən edib ki, Azərbaycan qanunvericiliyinə görə inzibati icraat zamanı çıxarılan məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilmədiyi təqdirdə, qərar tərəfə təqdim edilməsindən on gün sonra qüvvəyə minir (yuxarıdakı 16-cı bəndə bax). Bununla belə, hazırkı işdə, ərizəçilərin deportasiya olunması ilə bağlı Nizami Rayon Məhkəməsinin 18 dekabr 2010-cu il tarixli qərarında onların dərhal qovulması ilə bağlı bənd yoxdur. Buna baxmayaraq, qərar 20 dekabr 2010-cu ildə, yəni müvafiq qərarın məhkəmə prosesində elan olunmasından cəmi iki gün sonra icraya yönəldilib. Ancaq həmin qərar icra edilə bilməzdi. Hökumət, icra oluna bilən məhkəmə qərarı olmadan şəxsin qovulmasına icazə verəcək hər hansısa bir qanuna istinad edə bilmədi. Buradan belə anlaşılır ki, 7 saylı Protokolun 1-ci maddəsinə uyğun olaraq “qanuna uyğun olaraq qəbul edilmiş qərara əsasən” tələbinə əməl edilməyib. Bu tələb, 7 saylı Protokolun 1-ci maddəsi üçün “sine qua non” (qaçılmaz şərt) xarakteri daşıyır. Ərizəçilərin qovulması 7 saylı Protokolun 1-ci maddəsinin birinci bəndinin tələblərinə uyğun olmayıb (yuxarıda göstərilən Bolatı müqayisə edin, § 82).

47. Buna görə də 7 saylı Protokolun 1-ci maddəsi pozulmuşdur.

III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

48. Əvəzin ədalətli ödənilməsi
Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.

A. Ziyan

49. Ərizəçilərin hər biri mənəvi zərərə görə 8.000 avro (EUR) tələb etdi.

50. Hökumət, pozuntunun aşkarlanmasının ədalətin təmini üçün kifayyət edəcəyini bildirərək tələb olunan məbləğlərin çox olduğunu iddia etdi.

51. Məhkəmə hesab edir ki, ərizəçiyə mənəvi zərər vurulduğu üçün, yalnız pozuntunun tanınması ilə məhdudlaşa bilməz və buna görə də ona kompensasiya təyin edilməlidir. Məhkəmə, Konvensiyanın 41-ci maddəsində tələb olunduğu kimi ədalətli əsaslarla qiymətləndirmə apararaq, tutulacaq vergilər də daxil olmaqla, hər bir ərizəçiyə bu başlıq altında 1500 avro məbləğində kompensasiya müəyyən edir.

B. Məhkəmə xərcləri və məsrəflər

52. Ərizəçilər ölkədaxili məhkəmələrə və Məhkəməyə çəkilən xərc və məsrəflərə görə 9,600 avro tələb etdi. Daxili məhkəmə və poçt xərcləri ilə əlaqədar məhkəmə xərcləri üçün 27,27 avro tələb etdilər. Tələblərini sübut edən iki qəbz təqdim etdilər.

53. Hökumət, ərizəçilərin nümayəndələrinin işi üçün pul ödədiklərini və ya qanuni olaraq ödəməli olduqlarını göstərən heç bir sübut təqdim etmədiklərini və bu da onların nümayəndələrinin pulsuz işlədiyini nümayiş etdirdiyini bildirdi. Üstəlik məhkəmə rüsumları ilə bağlı qəbzlər tamamilə fərqli bir şəxsə aid idi və ərizəçilər həmin şəxsin işə necə qarışdığını heç bir halda əsaslandıra bilməyiblər.

54. Məhkəmə bu işdə ərizəçilərin öz nümayəndələrinə ödəmə etdikləri və ya etməli olduqları ilə bağlı sənədləri təqdim etmədiklərini müşahidə edir. Bu səbəbdən, ərizəçilərin iddia etdikləri məsrəflərin həqiqətən onlar tərəfindən çəkildiyini qəbul etmək üçün heç bir əsas yoxdur (bax Merabişvili Gürcistana qarşı [GC], Nö 72508/13, § 372, 28 Noyabr 2017, Cəfərov və Başqaları Azərbaycana qarşı, № 27309/14, §§ 103-106, 25 iyul 2019). Buradan belə çıxır ki, iddianın bu hissəsi rədd edilməlidir.

55. İddianın xərclərlə əlaqəli hissəsinə gəldikdə, Məhkəmə bu iddianı dəstəkləmək üçün təqdim edilmiş qəbzlərin ərizəçilərdən başqa birinə aid olduğunu və ərizəçilərin sözügedən şəxsin bir şəkildə bu işə qarışdığını təsdiqləyən heç bir dəlil təqdim etmədiyini müşahidə edir. Buradan belə çıxır ki, iddianın bu hissəsi də rədd edilməlidir.

C. Faiz dərəcəsi

56. Məhkəmə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.

BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ,

1. Ərizəni qəbuledilən elan edir;

2. Konvensiyanın 9-cu maddəsinin pozulduğuna qət verir;

3. Konvensiyanın 7 saylı Protokolunun 1-ci maddəsinin pozulduğunu qət alır;

4. Qərara alır ki,

(a) cavabdeh dövlət mənəvi ziyana görə ərizəçilərin hər birinə tutulacaq vergidən əlavə olaraq, üç ay ərzində 1500 Avro (min beş yüz avro) ödəməlidir;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;

5. Yekdilliklə ərizəçinin ədalətli kompensasiya tələbini digər hissələrdə rədd edir.

Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 5 noyabr 2020-cü il tarixində ingilis dilində və yazılı şəkildə tərtib edilib.

Anne-Marie Dougin                     Mārtiņš Mits
Əvəzləyici katib                             Prezident