№32538/10 ELDAR ƏHMƏDOV AZƏRBAYCANA QARŞI – 30 YANVAR 2020-Cİ İL

YENİ © tərcümə, aihmaz.org

BİRİNCİ BÖLMƏ

 

 

ƏHMƏDOV AZƏRBAYCANA QARŞI
(Ərizə № 32538/10)

 

QƏRAR

 

8-ci Maddə • Şəxsi həyata hörmət • Şəxsiyyət vəsiqəsinin verilməsindən ixtiyari imtina

 

 

 

STRASBURQ
30 yanvar 2020

 

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulan hallarda qəti qüvvəyə minəcək. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.

Əhmədov Azərbaycana qarşı məhkəmə işində

Avropa İnsan Hüquqları Məhkəməsinin (Beşinci Şöbə) Palatasının iclası ibarətdir:
Angelika Nüberger, Sədr,
Gabriele Kucsko-Stadlmayer,
Andre Protoçki,
Yonko Qrozev
Martins Mits,
Lətif Hüseynov,
Lado Çanturiya, hakimlər,
və Klaudia Vesterdiek, İclasın katibi,
10 dekabr fevral 2019-cu ildə xüsusi müşavirə keçirilərək,
Həmin tarixdə qəbul edilmiş müvafiq qərarı verir:

PROSEDUR

1. Məhkəmə işi 12 İyun 2010-cu il tarixində Azərbaycan vətəndaşı, cənab Eldar Ziyadxan oğlu Əhmədov (“ərizəçi”) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Azərbaycan Respublikasını məhkəməyə verdiyi ərizə (№ 32538/10) nəticəsində başlayıb.

2. Ərizə verilərkən ərizəçini Lissabonda yaşayan vəkil G. Quliyeva təmsil edib. 21 yanvar 2019-cu il tarixində Bölmə Prezidenti xanım G. Quliyevaya ərizəçini Məhkəmədəki məhkəmə prosesində təmsil etməkdən imtina üçün icazə verdi (Məhkəmə Qaydalarına uyğun olaraq, Qaydaların 36 § 4 (a) hissəsi). 4 dekabr 2019-cu il tarixli məktubla xanım G. Quliyeva ərizəçinin təmsilçiliyindən çəkilməsi barədə Məhkəməyə məlumat verdi. Azərbaycan Hökumətini onların nümayəndəsi cənab Ç. Əsgərov təmsil etdi.

3. Ərizəçi iddia etdi ki, yerli hakimiyyət orqanları tərəfindən ona şəxsiyyət vəsiqəsi verməkdən imtina edilməsi ona Azərbaycan vətəndaşlığı verilməsindən imtina ilə nəticələnib və bu hərəkət onun Konvensiyanın 8-ci maddəsi ilə təmin edilmiş hüquqlarını pozub.

4. 23 may 2018-ci il tarixində Konvensiyanın 8-ci maddəsi ilə bağlı şikayət barədə bildiriş Hökümətə verildi və Məhkəmə Qaydalarının 54-cü Qaydasının 3-cü bəndinə əsasən ərizənin qalan hissəsi qəbuledilməz elan edildi.

FAKTLAR

I. İŞİN HALLARI

A. Məlumatlar

5. Etnik azərbaycanlı olan ərizəçi, 1973-cü ildə Marneuli şəhərində (Gürcüstan) anadan olub və Bakıda yaşayır.

6. 27 sentyabr 1990-cı ildə Gürcüstan Sovet Sosialist Respublikasının hakimiyyəti tərəfindən ona Sovet İttifaqının pasportu verilib.

7. 1991-ci ildə Gürcüstanda orta məktəbi bitirdikdən sonra ərizəçi Bakıya köçüb və burada Azərbaycan Neft və Kimya İnstitutunda oxuyub. 9 oktyabr 1991-ci ildə də həmin institutun yataqxanasında qeydiyyata alınıb. 1 fevral 1999-cu il tarixindən etibarən ərizəçi bacısının Bakıdakı yaşayış yerində qeydiyyata alınıb.

8. 22 sentyabr 1998-ci ildə Nəsimi Rayon Polis İdarəsi (“NRPİ”) ərizəçinin sovet pasportuna ikinci bir fotoşəkil əlavə edib və möhürlə təsdiq edib. Sovet pasportuna onun “Azərbaycan Respublikasının vətəndaşı” olduğunu göstərən möhür də vurulub.

9. Ərizəçi, Gürcüstan hakimiyyəti tərəfindən onun oğluna verilmiş doğum haqqında şəhadətnamədə (Z.A. 5 avqust 2002-ci ildə Gürcüstanda anadan olub) o Azərbaycan Respublikasının vətəndaşı və Bakı sakini kimi göstərilib.

10. 26 saylı Sabunçu Birinci Seçki Dairəsinin 10 iyun 2008-ci il tarixli məktubundan görünür ki, ərizəçi 1991-ci ildən bəri Azərbaycan Respublikasının vətəndaşı olaraq seçki siyahısındadır. Bundan əlavə, işin sənədlərindən görünür ki, ərizəçi müxtəlif vaxtlarda keçirilmiş seçkilər ilə bağlı müntəzəm olaraq müvafiq seçki dairələrindən seçki kartları alıb və o 15 oktyabr 2008-ci il prezident seçkiləri və 18 mart 2009-cu il referendumda səs verib.

11. Ərizəçinin Sabunçu Rayon Hərbi Komissarlığı tərəfindən 27 sentyabr 2008-ci ildə verilmiş hərbi şəxsiyyət vəsiqəsinə (hərbi bilet) əsasən, ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 18 avqust 1996-cı il tarixli qərarı ilə leytenant hərbi rütbəsi ilə ehtiyatda olan zabit kimi qeydiyyata alınıb.

B. Şəxsiyyət vəsiqəsinin verilməsindən imtina

12. 2008-ci ildə ərizəçi şəxsiyyət vəsiqəsi üçün Sabunçu Rayon Polis İdarəsinə (“SRPİ”) müraciət edib.

13. 30 sentyabr 1998-ci il tarixli Vətəndaşlıq haqqında Qanunun 5-ci maddəsinə əsaslanan SRPİ 26 sentyabr 2008-ci il tarixli məktubla ona şəxsiyyət vəsiqəsi verməkdən imtina edib. Məktubda Qanunun 5-ci maddəsinə uyğun olaraq göstərib ki vətəndaşlıq haqqında bu Qanunun qüvvəyə minməsindən əvvəl Azərbaycanda yaşayan şəxslər Azərbaycan Respublikasının vətəndaşı sayılır. Bununla birlikdə, həmin vaxtı ərizəçinin Azərbaycanda yaşayış yerində qeydiyyatı müvəqqəti idi, çünki təhsil aldığı üçün tələbə kimi qeydiyyata alınmışdı.

14. 22 dekabr 2008-ci il tarixli bir məktubda Dövlət Miqrasiya Xidməti (“DMX”) ərizəçiyə “Vətəndaşlıq haqqında Qanuna” uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmədiyini bildirdi.

C. Ərizəçinin istifadə etdiyi müdafiə vasitələri

15. 19 Fevral 2009-cu ildə ərizəçi SRPİ və DMX-dən Sabunçu Rayon Məhkəməsinə şikayət etdi. Məhkəmədən cavabdehlərin onun Azərbaycan vətəndaşlığını tanımaqdan qanunsuz olaraq imtina etdiklərini elan etməsini və ona şəxsiyyət vəsiqəsi verməsi işə bağlı göstəriş verməsini xahiş etdi. İddiasını dəstəkləmək üçün ərizəçi, 1991-ci ildən bəri Azərbaycanda davamlı yaşadığını və Azərbaycan hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının vətəndaşı hesab edildiyini bildirdi. Bununla əlaqədar olaraq, 22 sentyabr 1998-ci ildə NRPİ-nin onun Azərbaycan vətəndaşlığını təsdiqləyən Sovet pasportuna möhür vurduğunu, Azərbaycan ordusunda ehtiyatda olan zabit kimi qeydiyyata alındığını və Azərbaycanda keçirilən bütün seçkilərdə iştirak etdiyini bildirdi. SRPİ və DMX-i tərəfindən “Vətəndaşlıq haqqında Qanun”-un 5-ci maddəsinin təfsirini mübahisələndirən ərizəçi bildirdi ki, bu Qanunun qüvvəyə minməsindən əvvəl Azərbaycanda lazımi qaydada qeydiyyata alınıb və bu səbəbdən Azərbaycan respublikasının vətəndaşı hesab edilməlidir. O, həmçinin qeyd olunan Qanunun müvəqqəti və daimi qeydiyyat arasında fərq qoymadığını qeyd etdi.

16. Məhkəmə prosesi zamanı DMX nümayəndəsi Sabunçu Rayon Məhkəməsində “Vətəndaşlıq haqqında Qanun”-un 5-ci maddəsinə istinad edərək, ərizəçinin Azərbaycan Respublikasının vətəndaşı sayıla bilməyəcəyini çünki həmin qanun qüvvəyə minməzdən əvvəl yalnız daimi qeydiyyatı olan şəxslərə aid olduğunu iddia edərək ərizəçinin iddiasını rədd etməsini xahiş edib. Nümayəndə daha sonra bildirib ki, Vətəndaşlıq haqqında Qanunun 5-ci maddəsinin ilkin variantı mübahisələrə səbəb olduğu üçün 24 iyun 2008-ci ildə həmin müddəaya dəyişiklik edilib.

17. 1 aprel 2009-cu ildə Sabunçu Rayon Məhkəməsi ərizəçinin iddiasını təmin etdi və SRPİ-ə ona şəxsiyyət vəsiqəsi verməsini əmr etdi. Məhkəmə əvvəlcə ərizəçinin 1991-ci ildən bəri davamlı olaraq Azərbaycanda yaşadığını və bu faktın yerli hakimiyyət orqanları tərəfindən mübahisə edilmədiyini müəyyən etdi. Bundan əlavə, məhkəmə müəyyən etdi ki, hazırkı işdə tətbiq olunan milli qanunvericiliyin 24 iyun 2008-ci il tarixinədək qüvvədə olan “Vətəndaşlıq haqqında Qanun”-un 5-ci maddəsinin mətni ilə eynidir və bu Qanun qüvvəyə minənə kimi Azərbaycanda yaşamış şəxslər Azərbaycan Respublikasının vətəndaşı hesab olunur. Sabunçu Rayon Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edərək müəyyən etdi ki, qanun keyfiyyətlilik tələbinə cavab verməlidir, yəni qanun müvafiq şəxs üçün əlçatan olmalı və onun doğuracağı nəticələri öngörmək mümkün olmalıdır. Bununla əlaqədar olaraq, DMX-in ərizəçinin tələbə olduğu üçün yaşadığı yerdə müvəqqəti qeydiyyatda olması və bu səbəbdən vətəndaş hesab edilə bilməyəcəyinə dair arqumenti isə qəbuledilməzdir, çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanun”-u müvəqqəti və daimi qeydiyyat arasında fərqləndirmə etmir və yataqxanaları şəxsin yaşaya biləcəyi yer kimi müəyyən edir. Məhkəmə, həmçinin bildirdi ki, ərizəçi Azərbaycan dövləti ilə 1991-ci ildən bəri yalnız dövlət və onun vətəndaşları arasında mövcud olan biləcək müxtəlif növ münasibətlər qurub. Xüsusilə, ərizəçinin seçkilərdə iştirakı, onun Müdafiə Nazirliyi tərəfindən ehtiyatda olan hərbçi kimi qeydiyyata alınması və Sovet pasportunda Azərbaycan vətəndaşlığını təsdiqləyən möhürün olması buna misaldır. Sonda, məhkəmə Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin dəqiqləşdirilməsinin Nazirlər Kabinetinin 2 fevral 1999-cu il tarixli qərarı ilə tənzimləndiyini və bu tarixə qədər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədin Azərbaycan vətəndaşlığını təsdiq edən möhürə sahib Sovet pasportu olduğunu qeyd etdi.

18. Qeyri müəyyən bir tarixdə DMX birinci instansiya məhkəməsi tərəfindən müvafiq qanunun şərhinə etiraz olaraq, bu qərardan apelyasiya şikayəti verdi. DMX, həmçinin birinci instansiya məhkəməsinin ərizəçinin Gürcüstan Respublikasının vətəndaşı olub olmadığını araşdırmamasından şikayətləndi. Bununla əlaqədar olaraq, Dövlət Sərhəd Xidmətinin ərizəçinin 25 və 27 oktyabr 2002-ci il tarixlərində 2007-ci il 24 yanvar tarixinə qədər qüvvədə olan Gürcüstan pasportu ilə Azərbaycan sərhədini keçdiyini təsdiqləyən bir sənədə istinad etdi.

19. Məhkəmə iclaslarının protokolundan görünür ki, ərizəçi apelyasiya məhkəməsindən DSX-in şikayətini rədd etməsini istəyib. O, həmçinin Gürcüstan tərəfindən oğluna verilən doğum haqqında şəhadətnamədə Azərbaycan Respublikasının vətəndaşı olduğunun qeyd olunduğunu və hər bir halda onun Gürcüstan vətəndaşlığına sahib olması onun Azərbaycan Respublikasının vətəndaşı olmasını və ya Azərbaycan vətəndaşlığını itirməsini istisina etdiyini bildirdi. Dövlət Sərhəd Xidməti və Sabunçu Birinci Seçki Dairəsi tərəfindən apellyasiya məhkəməsinə təqdim olunan sənədlərdən də görünür ki, Sovet İttifaqı pasportları 1 yanvar 2005-ci ilədək Azərbaycanda dövlət sərhədlərinin keçilməsi və 2005-ci il oktyabr parlament seçkilərinə qədər seçki məqsədləri üçün istifadə edilib.

20. 27 iyul 2009-cu ildə Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv etdi və ərizəçinin iddiasını rədd edərək mahiyyəti üzrə yeni qərar çıxardı. Apellyasiya məhkəməsi iddia etdi ki, ərizəçi Azərbaycan Respublikasının vətəndaşı hesab edilə bilməz, çünki “Vətəndaşlıq haqqında Qanun” 7 oktyabr 1998-ci ildə qüvvəyə mindiyi vaxtdan Azərbaycanda yaşayış yerində daimi qeydiyyatı olmayıb. Apelyasiya məhkəməsi ərizəçinin digər arqumentlərinin (seçkilər və referendumlarda iştirakı, Azərbaycanda daşınmaz əmlaka sahib olması, oğlunun doğum haqqında şəhadətnaməsində Azərbaycan vətəndaşı kimi qeyd edilməsi) onun Azərbaycan Respublikası vətəndaşı hesab edilməsinə əsas vermir. Lakin apellyasiya məhkəməsi ərizəçinin sovet pasportundakı Azərbaycan vətəndaşlığını təsdiqləyən və Azərbaycan ordusunda ehtiyatda olan zabit kimi qeydə alınması faktının üzərindən səssizcə keşib.

21. 7 sentyabr 2009-cu ildə ərizəçi əvvəlki dəlillərini təkrar edərək bu qərardan kassasiya şikayəti verdi.

22. 15 dekabr 2009-cu ildə Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını qüvvədə saxladı. Qərarın müvafiq hissəsində deyilir:

“… Azərbaycan vətəndaşlığına hüququnun tanınması üçün Ərizəçinin arqumentlərinə gəldikdə (seçkilərdə və referendumlarda iştirak, Azərbaycan Respublikasında daşınmaz əmlaka mülkiyyətin olması, ərizəçinin oğlunun doğum şəhadətnaməsində Azərbaycan vətəndaşlığının qeyd edilməsi və s.) … bunlar onun vətəndaşlıq əldə etməsi üçün əsas deyil…
Məhkəmə heyəti [ərizəçinin] kassasiya şikayətinin arqumentlərinə cavab olaraq hesab edir ki, Azərbaycan Respublikasının Vətəndaşlıq haqqında Qanununun 5-ci maddəsinin I hissəsinin 1-ci bəndi (həm ilkin, həm də sonrakı mətnində) o şəxslərə aiddir ki, bu Qanunun qüvvəyə minmə tarixindən əvvəl Azərbaycan Respublikasının vətəndaşlığını almış və bu Qanunun qüvvəyə mindiyi tarixədək Azərbaycan Respublikasında yaşayış yerində qeydiyyata alınmışdır. Ərizəçi … həmin qanunun qüvvəyə mindiyi tarixdən əvvəl Azərbaycan Respublikasının vətəndaşlığını almamışdı və hazırda onun Azərbaycan Respublikasında yaşayış yerində qeydiyyata alınması onun Respublika vətəndaşlığına hüququnun yaranması üçün əsas deyil… ”

D. Sonrakı hadisələr

23. 12 sentyabr 2013-cü il tarixində ərizəçi 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə Daxili İşlər Nazirliyinə qarşı yeni şikayət verdi. Şikayətində, məhkəmədən ona şəxsiyyət vəsiqəsini verməsi ilə bağlı göstəriş verməsini xahiş etdi.

24. 14 oktyabr 2013-cü il tarixdə 1 Saylı Bakı İnzibati-İqtisad Məhkəməsi ərizəçinin iddiasını təmin etdi və ona şəxsiyyət vəsiqəsinin verilməsi göstərişini verdi. Məhkəmə qərara gəldi ki, ərizəçi “Vətəndaşlıq haqqında Qanun”-un qüvvəyə minmə tarixindən əvvəl Azərbaycan Respublikasında yaşayış yerində qeydiyyata alındığından, Qanunun 5-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı hesab edilməlidir.

25. 14 yanvar 2014-cü il tarixində ərizəçiyə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi verildi.

26. DMX-nin appelyasiya şikayətindən sonra 8 dekabr 2015-ci il tarixində Bakı Apelyasiya Məhkəməsi ərizəçinin şikayətinə məhkəmə tərəfindən baxıla bilinməyəcəyi üçün birinci instansiya məhkəməsinin qərarını ləğv etdi. Apellyasiya məhkəməsi oxşar şikayətin artıq məhkəmə araşdırmasının predmeti olduğunu və bununla bağlı son qərarın verildiyini bildirdi. 14 oktyabr 2013-cü il tarixli qərar əsasında ərizəçiyə verilmiş şəxsiyyət vəsiqəsinin etibarsız sayılmasını elan etdi.

27. 26 yanvar 2017-ci ildə Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin 8 dekabr 2015-ci il tarixli qərarını qüvvədə saxladı.

II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA

A. Azərbaycan Respublikasının Konstitusiyası

28. Həmin dövrdə Konstitusiyanın müvafiq maddələri belə idi:
Maddə 52. Vətəndaşlıq hüququ
“Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. ”

Maddə 53. Vətəndaşlıq hüququnun təminatı
“I. Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz… ”

B. Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında Qanun

29. 7 oktyabrda 1998-ci ildə qüvvəyə minən 30 sentyabr 1998-ci il tarixli Vətəndaşlıq haqqında Qanunun 5-ci maddəsinin 1-ci bəndi aşağıdakı kimidir:

Article 5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət
“Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar:
1) Bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, (əsas: bu Qanunun qüvvəyə mindiyi günədək şəxsin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması); …”

30. 24 iyun 2008-ci ildə Vətəndaşlıq haqqında Qanunun 5-ci maddəsinin 1-ci bəndinə dəyişiklik edildi və maddə aşağıdakı kimi müəyyən edildi:
“1) Bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; …”

31. “Vətəndaşlıq haqqında Qanun”-un 6-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənəddir.
C. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında 4 Aprel 1996-cı il Qanunu

32. 1 yanvar 1997-ci il tarixindən qüvvəyə minən 4 aprel 1996-cı il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun” 2-ci maddəsinə (həmin dövrdə) əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, və digər bu kimi yaşayış yerləri başa düşülür. Sovet qanunvericiliyinə əsasən, bir vətəndaşa müəyyən bir ünvanda “qeydiyyat” (propiska), daxili qanunvericiliyin məqsədləri üçün daimi yaşayış yerini təsdiqləyən pasportundakı xüsusi möhürlə verilirdi.

QANUN

I. KONVENSİYANIN 8-CI MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU İLƏ BAĞLI

33. Ərizəçi şikayət etdi ki, yerli hakimiyyət orqanları tərəfindən ona şəxsiyyət vəsiqəsi verməkdən imtina edilməsi onun Konvensiyanın 8-ci maddəsi ilə təmin edilmiş hüquqlarını pozub:
“1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.”

A. Qəbuledilənlik

34. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) bəndinə əsasən açıq-aşkar əsassız deyil. Daha sonra qeyd edir ki, başqa əsaslara görə qəbuledilməzdir. Buna görə iş qəbuledilən elan edilməlidir.

B. Mahiyyət

1. Tərəflərin təqdimatları

(a) Ərizəçi

35. Ərizəçi bildirdi ki, yerli hakimiyyət orqanlarının onun Azərbaycan vətəndaşlığını tanımaqdan imtina etməsi faktiki olaraq vətəndaşlıqdan məhrum edib və Konvensiyanın 8-ci maddəsi ilə qorunan hüquqlarına müdaxilə təşkil edib. Bu tədbirin qəbul edilməsindən əvvəl o, qanuna tam uyğun olaraq bir neçə il Azərbaycanda yaşayıb və geniş sosial, iqtisadi və siyasi hüquqlardan istifadə edib. Ancaq ona vətəndaşlıq verilməsindən imtina edilməsi onun üçün bir çox mənfi nəticələrə səbəb olub və vətəndaşların istifadə etdiyi bir çox hüquq və üstünlüklərdən məhrum olub.

36. Ərizəçi müdaxilənin qanuna uyğun olmadığını iddia etdi. Xüsusilə, Vətəndaşlıq haqqında Qanunun 5-ci maddəsində yaşayış yerində daimi və müvəqqəti qeydiyyat arasında heç bir fərq qoyulmamış olsa da, yerli hakimiyyət orqanları ərizəçinin yaşayış yerində qeydiyyata alınmasının müvəqqəti olmasını əsas gətirərək ona Azərbaycan vətəndaşlığı verilməsindən imtina etdilər. Qanunun bu cür şərhi eyni zamanda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun” müddəalarına zidd idi.

37. Ərizəçi həmçinin bildirdi ki, yerli hakimiyyət orqanları 1998-ci ildə Sovet pasportuna möhür vuraraq onun Azərbaycan vətəndaşlığını artıq təsdiqləmişdilər və 1991-2008-ci illər arasında onunla Azərbaycan Respublikasının vətəndaşı kimi rəftar edirdilər. Xüsusilə, o, səs vermək hüququndan istifadə edir və ehtiyatda olan hərbi zabit kimi qeydiyyata alınmışdı. Lakin, yerli hakimiyyət orqanları qanunun nəticəsinin öngörülməsi prinsipini pozmuş və vətəndaşlığının bu ilkin tanınmasına məhəl qoymayaraq hüquqi qeyri-müəyyənlik vəziyyəti yaratmışdılar.

38. Nəhayət, müdaxilənin heç bir halda demokratik cəmiyyətdə zəruri olmadığını və yerli hakimiyyət orqanlarının ərizəçinin şəxsi və ailə həyatına hörmət hüququ ilə ümumi ictimai maraq arasında ədalətli tarazlığı təmin edə bilmədiyini qeyd etdi.

(b) Hökümət

39. Hökumət bildirdi ki, vətəndaşlıq hüququ Konvensiyanın əhatə darirəsində deyil və 8-ci maddə vətəndaşlıq əldə etmək hüququnu təmin etmək üçün istifadə edilə bilməz. Yalnız bəzi hallarda vətəndaşlıqdan ixtiyari imtina etmək 8-ci maddə altında baxıla bilər. Bununla əlaqədar olaraq Hökumət, daxili hakimiyyət orqanların qərarlarının ixtiyarılığa yol açıb-açmadığını və ya Konvensiyanın 8-ci maddə altında belə bir məsələnin baxılmasına gətirib çıxardacaq nəticələrə səbə olub olmadığını araşdırmağı zəruri hesab etdi.

40. Hökümət daha sonra bildirdi ki, Azərbaycan Respublikasının vətəndaşlıq hüququ yalnız “Vətəndaşlıq haqqında Qanun”-un 5-ci maddəsində göstərilən qaydalara uyğun tənzimlənir. Yerli məhkəmələr Vətəndaşlıq haqqında Qanunun 5-ci maddəsinin qüvvəyə minməzdən əvvəl Azərbaycan Respublikasının vətəndaşı olmuş və Azərbaycanda rezident kimi qeydiyyatda olan şəxslərə şamil edildiyini qərara alıblar. Ərizəçi həmin Qanunun qüvvəyə minməzdən əvvəl Azərbaycan Respublikasının vətəndaşı olmadığından, onun Azərbaycanda qeydiyyata alınması onun Azərbaycan vətəndaşlığına hüququnun təmin edilməsi üçün əsas ola bilməz.

41. Hökumət daha sonra bildirdi ki, ərizəçinin seçkilərdə iştirakı, daşınmaz əmlaka sahib olması və oğlunun doğum şəhadətnaməsində onun Azərbaycan vətəndaşı kimi qeyd edilməsi onun Azərbaycan vətəndaşlığına hüququnun yaranması üçün əsas hesab edilə bilməz. Nəticə etibarilə Hökumət hesab etdi ki, yerli hakimiyyət orqanlarının ərizəçinin Azərbaycan vətəndaşı kimi tanınmaması barədə qərarları Konvensiyanın 8-ci maddəsi altında işə baxılacaq qədər ixtiyari olmamışdır.

2. Məhkəmənin qiymətləndirməsi

42. Məhkəmə bir daha bildirir ki, Konvensiyanın 8-ci maddəsinin mənasında “şəxsi həyat” konsepti bir insanın fiziki və sosial kimliyinin bir çox cəhətlərini əhatə edən geniş bir anlayışdır (bax Genovese Maltaya qarşı, № 53124/09, § 30 , 11 Oktyabr 2011 və Ramazan Maltaya qarşı, № 76136/12, § 62, 21 iyun 2016). Vətəndaşlıq hüququ özü özlüyündə Konvensiya və ya onun Protokolları ilə qorunmasa da, bəzi hallarda vətəndaşlığın ixtiyari rədd edilməsi Konvensiyanın 8-ci maddəsinin təsir dairəsinə düşə bilər çünki belə bir imtina fərdin şəxsi həyatına təsir edə bilər (bax: Karassev Finlandiyaya qarşı (dekabr), № 31414/96, AİHM 1999-II; yuxarıda göstərilən Genovese, § 30; K2 və Birləşmiş Krallığa qarşı (dekabr), yox. 42387/13, § 49, 7 fevral 2017).

43. Məhkəmə, eyni prinsiplərin artıq əldə edilmiş vətəndaşlıqdan məhrum edilməsi halında tətbiq edilməli olduğunu bildirdi. Çünki bu bənzər şəkildə – daha böyük olmasa da – şəxsin ailə və şəxsi həyatına hörmət hüququna müdaxiləyə səbəb ola bilər (yuxarıda qeyd olunmuş Ramazana baxın, §) 85; yuxarıda göstərilən K2, § 49; və Alpeyeva və Djalagoniya Rusiyaya qarşı., № 7549/09 və 33330/11, § 108, 12 iyun 2018). Vətəndaşlıqdan məhrum edilmənin 8-ci maddəni pozub pozmadığını müəyyənləşdirərkən Məhkəmə iki ayrı məsələyə diqqət edir: məhrum etmənin ixtiyari olub-olmadığı və məhrum etmənin ərizəçi üçün hansı nəticələr doğurması.

44. İxtiyariliyi müəyyən edərkən, Məhkəmə, məhrumetmənin qanuna uyğun olub olmadığını, zəruri prosessual təminatlarla, o cümlədən vətəndaşlıqdan məhrum edilmiş şəxsin müvafiq təminatları olan məhkəmələrdə qərara etiraz etmək imkanına malik olub-olmamasını və hakimiyyətin səylə və sürətlə hərəkət edib etməməsini diqqətə alır (yuxarıda göstərilən Ramadan baxın, §§ 86-89; yuxarıda göstərilən K2, § 50; yuxarıda göstərilən Alpeyeva və Djalagoniya, § 109).

45. Hazırkı işin hallarına gəldikdə, Məhkəmə başlanğıcda ərizəçiyə tətbiq olunan daxili prosedurun vətəndaşlıqdan məhrumetmə ilə deyil, yerli hakimiyyət orqanlarının ona şəxsiyyət vəsiqəsi verməkdən imtina etməsi ilə bağlı olduğunu müyyən edib. Xüsusilə, yerli hakimiyyət orqanları, ərizəçinin 1991-2008-ci illərdə müxtəlif dövlət orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşı saymasına və Sovet pasportunda Azərbaycan vətəndaşlığını təsdiq edən möhürü olmasına (yuxarıdakı 8 və 10-11-ci maddələrə bax) baxmayaraq heç vaxt Azərbaycan vətəndaşlığı almadığını və Azərbaycan Respublikasının vətəndaşı olmadığını müəyyənləşdirib. Bu kimi hallarda Məhkəmə iş üzrə tətbiq olunan daxili hüquq prosedurunun tətbiqinin hazırkı işdə vacib əhəmiyyətə malik olmadığını bildirir və hesab edir ki, vətəndaşlıqdan məhrumetmə ilə bağlı yuxarıda göstərilən prinsiplər hazırkı işdə də tətbiq oluna bilər (yuxarıda göstərilən Alpeyeva və Djalagoniya ilə müqayisə et, § 109).

46. Məhkəmə daha sonra qeyd edir ki, ərizəçi yerli hakimiyyət orqanlarının yuxarıda göstərilən qərarının onu vətəndaşlığı olmayan şəxs statusu vəziyyətinə saldığını bildirməsə də, bu qərar onu müxtəlif hüquqlardan faydalanmaqdan məhrum etməklə gündəlik həyatında xeyli mənfi nəticələrə səbəb olub. Bu qərar ərizəçinin Azərbaycanda qalması ilə bağlı sosial kimliyinə birbaşa təsir edən hüquqi qeyri-müəyyənlik yaradıb. Buna görə Məhkəmə mübahisəli qərarın ərizəçinin 8-ci maddəyə əsasən şəxsi həyatına hörmət hüququna müdaxilə olduğunu hesab edir (yuxarıda göstərilən Alpeyeva və Djalagoniya, § 115).

47. Məhkəmə artıq yerli hakimiyyət orqanlarının qərəzli qərarının ixtiyari olub olmadığını müəyyənləşdirməlidir və bu qərarın “qanuna uyğun olub olmadığını” və lazımi prosessual təminatlarla müşayiət olunub olunmadığını araşdıracaq. Məhkəmənin presedent hüququna görə, “qanuna uyğun” ifadəsi, görülən tədbirin daxili qanunvericilikdə müəyyən bir əsasa sahib olmasını tələb edir və eyni zamanda bu qanunun keyfiyyətinə göndərmə etməklə, onun əlaqəli şəxs üçün əlçatan olmasını və təsirlərinin öncədən görülməsini də tələb edir (bax: Slivenko Latviyaya qarşı [GC], № 48321/99, § 100, AİHM 2003 X, və Kurić və başqaları Sloveniyaya qarşı [GC], № 26828/06, § 341 , AİHM 2012 (çıxarışlar)). Nəticə etibarı ilə, daxili qanunvericilik ayrı-ayrı fərdlərin demokratik cəmiyyətdə qanunun aliliyi altında hüquqlarının minimum səviyyədə qorunmasını təmin etmək üçün dövlət orqanlarına verilmiş müvafiq səlahiyyətin həcmini və həyata keçirilmə qaydasını ağıllabatan dərəcədə aydın şəkildə göstərməlidir.

48. Məhkəmə qeyd edir ki, bu işdə bütün daxili hakimiyyət orqanları və məhkəmələr eyni qanuni müddəaya, yəni “Vətəndaşlıq haqqında Qanunun” 5-ci maddəsinin I hissəsinə, ərizəçinin Azərbaycan vətəndaşlığına hüququnun müəyyənləşdirilməsi üçün hüquqi əsas kimi istinad ediblər. Hökumət də bu maddənin bu işə tətbiqinin uyğun olduğunu Məhkəmə qarşısında qeyd edir. Ancaq Məhkəmə bu müddəanın daxili hakimiyyət orqanları və məhkəmələr tərəfindən təfsirində və tətbiq edilməsində ciddi fikir ayrılıqları olduğunu müşahidə edib.

49. Məhkəmə bir daha bildirir ki, öz təfsirini milli hakimiyyət orqanlarının və xüsusən məhkəmələrin təfsirləri ilə əvəz etmək onun vəzifəsi deyil, çünki daxili qanunvericiliyin təfisiri və və tətbiqi məhz daxili məhkəmələrin işidir (bax: Seyidzadə Azərbaycana qarşı, № 37700 / 05, § 35, 3 dekabr 2009; İslam-İttihad Birliyi və başqaları Azərbaycana qarşı, № 5548/05, § 49, 13 Noyabr 2014 və Paradiso və Campanelli İtaliyaya qarşı [GC], 25358/12, § 169, 24 yanvar 2017). Onun rolu bu cür təfsirin təsirlərinin Konvensiyaya uyğun olub olmadığını yoxlamaqdır. Beləliklə, açıq-aşkar özbaşnalıq halları istisna olmaqla, daxili qanunvericiliyin milli məhkəmələr tərəfindən təfsirini şübhə altına almaq Məhkəmənin işi deyil (bax: Nejdet Şahin və Perihan Şahin Türkiyəyə qarşı [GC], № 13279/05, §§ 49-50, 20 oktyabr 2011).

50. Bu işdə Məhkəmə qeyd edir ki, yerli hakimiyyət orqanları ərizəçiyə şəxsiyyət vəsiqəsi verməkdən imtina edərəkən, “Vətəndaşlıq haqqında Qanunun” qüvvəyə minməsindən əvvəl ərizəçinin Azərbaycanda yaşayış yerində müvəqqəti qeydiyyatda olmasını əsas gətirib (bax: yuxarıdakı 13 və 16-cı bəndlər). Birinci instansiya məhkəməsi, yəni Sabunçu Rayon Məhkəməsi 1 aprel 2009-cu il tarixli qərarı ilə bildirib ki, nə “Vətəndaşlıq haqqında Qanun”, nə də “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanun” müvəqqəti və daimi qeydiyyat arasında fərq qoymadığından, həmin əsaslarla ərizəçinin Azərbaycan vətəndaşığı almaq hüququndan imtina edilə bilməzdi.

51. Məhkəmə müşahidə edir ki, Bakı Apelyasiya Məhkəməsi şəxsin Azərbaycan Respublikasının vətəndaşı sayılması üçün qeydiyyatın daimi xarakterli olmasının tələb olunduğunu nəzərə alaraq Rayon Məhkəməsinin qərarını ləğv edib. Lakin apelyasiya məhkəməsi bu nəticəyə necə gəldiyini heç nə ilə əsaslandırmayıb. Bundan əlavə, apellyasiya məhkəməsi ərizəçinin sovet pasportunda onun Azərbaycan vətəndaşlığını təsdiqləyən möhürün olmasına əhəmiyyət verməyib.

52. Ali Məhkəmənin gəldiyi nəticlələrə baxdıqda, Məhkəmə qeyd edir ki, Ali Məhkəmə qeydiyyatın daimi xarakterinə dair daxili qanunların təfsiri barədə qərar qəbul etməyib. Ali Məhkəmə, ərizəçinin Azərbaycan Respublikasının vətəndaşı hesab etməməsinin əsası kimi “Vətəndaşlıq haqqında Qanun”-un 5-ci maddəsinin I hissəsinin 1-ci bəndinin (həm ilkin, həm də sonrakı şərtlərində) istinad edərək göstərir ki, vətəndaşlıq üçün iki şərtin ikisi də ödənilməli idi. Belə ki, Qanunun hər iki oxunuşuna əsasən, şəxs həm Qanunun qüvvəyə minmə tarixinə qədər Azərbaycan Respublikasının vətəndaşı olmalı idi, həm də Qanunun qüvvəyə minmə tarixinə qədər Azərbaycan Respublikasında yaşayış yerində qeydiyyatda olmalı idi. Amma Ərizəçinin işinə bu ikiqat şərti tətbiq edərkən, Ali Məhkəmə ərizəçinin Sovet pasportunda Azərbaycan vətəndaşlığını təsdiq edən möhürünün olmasına da məhəl qoymayıb. Ali Məhkəmə bu faktı nə üçün nəzərdən qaçırdığına heç bir izahat gətirməyib.

53. Məhkəmə hesab edir ki, hazırkı işdə daxili məhkəmələrin yuxarıda qeyd etdikləri qərarları əsaslandıra bilməmələri və ən əsası, heç bir izahat vermədən, ərizəçinin Azərbaycan vətəndaşlığını təsdiqləyən Sovet pasportunun üzərində möhürün olması kimi önəmli faktı nəzərə almamaları ərizəçinin Azərbaycan Respublikasının vətəndaşı olmasının qarşısını alıb.

54.Bu halları nəzərə alaraq Məhkəmə qərara gəlir ki, ərizəçiyə Azərbaycan vətəndaşlığının verilməsinin rədd edilməsi zəruri prosedur təminatları ilə müşayiət olunmayıb və ixtiyari hesab edilməlidir.

55. Müvafiq olaraq Konvensiyanın 8-ci maddəsi pozulub.

II. KONVENSİYANIN 41-CI MADDƏSİNİN TƏTBİQİ

56. Konvensiyanın 41-ci maddəsinə əsasən:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

A. Ziyan

57. Ərizəçi mənəvi ziyana görə 12000 avro (EUR) tələb etdi.

58. Hökumət ərizəçinin tələb etdiyi məbləğin əsassız olduğunu bildirdi.

59. Məhkəmə hesab edir ki, ərizəçiyə mənəvi zərər vurulduğu üçün, yalnız pozuntunun tanınması ilə kompensasiya edilə bilməz. Konvensiyanın 41-ci maddəsində tələb olunduğu kimi, ədalətli əsaslarla qiymətləndirmə apararaq, Məhkəmə ərizəçiyə bu başlıq altında 6000 avro məbləğində, tutulacaq vergilər də daxil olmaqla, kompensasiya müəyyən edir.

B. Məhkəmə xərcləri

60. Ərizəçi Məhkəmə qarşısında çəkilən xərclər üçün 4500 avro (ərizənin hazırlanması üçün 2000 avro və ərizəçinin məhkəmə prosesinin komunikasiya mərhələsində müşahidələrinin hazırlanması üçün 2500 avro) tələb etdi. İddiasını dəstəkləmək üçün Məhkəmədə təmsilçiliyi üçün nümayəndəsi ilə razılaşdırılmış müqaviləni təqdim etdi. Müqaviləyə görə, Məhkəmə ərizəçinin hüquqlarının pozulduğu aşkar edildiyi təqdirdə nümayəndəyə ödəniş edilməlidir. Ərizəçi, bu başlıq altında verilmiş hər hansı bir kompensasiyanın birbaşa nümayəndəsinin bank hesabına ödənilməsini xahiş etdi.

61. Hökumət iddianın əsassız və həddindən artıq olduğunu hesab etdi. Xüsusilə, ərizəçinin onun iddiasını dəstəkləyən bütün lazımi sənədləri təqdim edə bilmədiyini və tələb olunan məbləğin ərizəçi tərəfindən ödənilmədiyi üçün əslində xərc çəkilmədiyini bildirdi. Ərizəçinin nümayəndəsi tərəfindən görülən işlərin tələb olunan məbləğə uyğun olmadığını da bildirdi. Hökumət Məhkəmədən ərizəçinin bu başlıq altında iddiasının rədd edilməsini xahiş etdi. Alternativ olaraq, Hökümət bildirdi ki, ərizəçi bu başlıq altında ümumi 1000 avro tələb edə bilər.

62. Məhkəmə başlanğıcda qeyd edir ki, ərizəçi hüquqi xidmət haqları hələ ödəməsə də, müqavilə öhdəliyinə uyğun olaraq onları ödəməyə borcludur. Müvafiq olaraq, vəkilin müqavilə üzrə xidmət haqqının ödənilməsini istəmək hüququ olduğu üçün ərizəçi onun təzminat kimi ödənilməsini tələb edə bilər (bax: Pirali Orucov Azərbaycan qarşı, № 8460/07, § 74, 3 fevral 2011; Rizvanov Azərbaycana qarşı, № 31805/06, § 89, 17 aprel 2012; Malik Babayev Azərbaycana qarşı, № 30500/11, § 97, 1 iyun 2017 və Merabishvili Gürcüstana qarşı. [GC], № 72508/13 , §§ 371-72, 28 noyabr 2017). Məhkəmənin presedent hüququna görə, ərizəçi, xərclərin yalnız həqiqi və zəruri şəkildə çəkildiyi və miqdar baxımından ağlabatan olduğu göstərildiyi təqdirdə onu almaq hüququna malikdir. Lakin, hazırkı işdə zəruri olan hüquqi xidmətin həcmini nəzərə alaraq, Məhkəmə hesab edir ki, məhkəmədə təmsilçiliklə bağlı tələb olunan məbləğ həddindən artıq çoxdur və yalnız qismən ödənilməlidir. Bu vəziyyətdə, əlindəki sənədləri və yuxarıdakı meyarları nəzərə alaraq, Məhkəmə təmsilçilik üçün çəkilən xərcləri əhatə edən 1500 avro məbləğin birbaşa xanım G.Quliyevanın bank hesabına ödənilməsini məqsədəuyğun hesab edir (yuxarıdakı 2-ci bəndə bax).

C. Faiz dərəcəsi

63. Məhkəmə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.

 

BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ

1. Ərizəni qəbuledilən elan edir;
2. Konvensiyanın 8-ci maddəsinin pozulduğuna qət edir;
3. Qərara alır ki,

(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində aşağıdakı vəsaitin, ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, ödənilməsini həyata keçirtməlidir:

(i) 6.000 avro (altı min avro) və mənəvi ziyana görə tutulan hər hansı bir vergi daxil olmaqla;

(ii) 1500 avro (min beş yüz avro), ərizəçinin, çəkdiyi xərclərdən tutulan vergilər də daxil olmaqla, nümayəndəsinin bank hesabına birbaşa ödəmə;

(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;

4. Yekdilliklə ərizəçinin ədalətli kompensasiya tələbini digər hissələrdə rədd edir.

5. Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 2020-cü il 30 yanvar tarixində ingilis dilində və yazılı şəkildə tərtib edilib.

Klaudia Vesterdiek                 Angelika Nussberger
Bölmə Katibi                              Sədr

Qərar Media Hüququ Qrupu tərəfindən ingilis dilindədən tərcümə edilərək yayılıb. Müəllifliklə bağlı baxın: http://aihmaz.org